Azərbaycan Premyer Liqası: "Qəbələ" "Sabah"ı, "Sumqayıt" "Səbail"i qəbul edəcək

15:13 31-10-2021 | icon 1419
Azərbaycan Premyer Liqası:

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulacaq.

Sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası "Sabah"ı qəbul edəcək. 15 xala malik əyalət təmsilçisi "Zirə" ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. Rusiyalı Murad Musayevi baş məşqçi postuna təyin edən paytaxt klubu 4 xalla sonuncu - 8-ci sıradadır. Tərəflər indiyədək Premyer Liqada 12 dəfə üz-üzə gəliblər. Bunların 5-də "qırmızı-qaralar", 5-də isə qonaqlar meydanı 3 xalla tərk edib, 2 görüşdə qalib müəyyənləşməyib. Topların fərqində "Sabah"ın minimal üstünlüyü var - 14:13. “Qəbələ” son iki qarşılaşmada rəqibinə 2 qol vurub və uduzmayıb. “Sabah”ın səfərdəki son üç görüşündə ən azı 3 qol qeydə alınıb.

Turun son matçında "Sumqayıt" "Səbail"lə üz-üzə gələcək. "Gənclik şəhəri" təmsilçisi 8 xalla 6-cı, "dənizçilər" isə 9 xalla 5-cı yerdədir. Əvvəlki 15 oyunu 7-də meydan sahibləri, 6-də qonaqlar qələbə qazanıbsa, 2 görüşdə heçə-heçə yekunlaşıb. Topların fərqində də "Sumqayıt" üstündür - 15:13.

Azərbaycan Premyer Liqası, IX tur

16:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu

18:15. “Sumqayıt” – “Səbail”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Kapital Bank Arena”

Qeyd edək ki, ilk oyun günündə "Zirə" "Keşlə"ni 2:0, "Qarabağ" isə "Neftçi"ni 4:0 hesabı ilə məğlub edib.


Digər xəbərlər

0.20999097824097