Özünü DTX əməkdaşı kimi tanıdıb dələduzluq etdi

09:33 15-11-2021 | icon 773
Özünü DTX əməkdaşı kimi tanıdıb dələduzluq etdi
loading...

Özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edərək dələduzluq etməkdə təqsirli bilinən İmişli rayon sakini, 1968-ci il təvəllüdlü Səbuhi Şahmarov (soyad şərtidir) həbs olunub.

Səbuhi Şahmarov etibardan sui-istifadə etmə və özgənin əmlakını ələ keçirmək məqsədilə özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edib. O, 2019-cu ildə tanış olduğu Şahin Məmmədovu (soyad şərtidir) inandırıb ki, vəzifəli şəxsdir və ona torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi məsələsini həll edə bilər. Səbuhi sənədlərin hazırlanması prosesinə başlamaq üçün Şahindən ümumilikdə 50 min manat pul alıb.

Bu Səbuhinin yeganə dələduzluq əməli olmayıb. Belə ki, o, 2020-ci ildə tanış olduğu Rüstəm Süleymanovu (ad və soyad şərtidir) da DTX-də işlədiyinə inandırıb və bu sahədə işə düzəltmək vədi ilə ondan 13 min manat alıb.

Məhkəmə iclasında ifadə verən R.Süleymanov bildirib ki, Səbuhini uzun müddətdir tanıyır:

“Biz əvvəllər onunla qonşu olmuşuq. Uzun müddətdir görüşmürdük. 2020-ci ildə təsadüfən qarşılaşdıq. Ona oğlum Fəridin işsiz və ailə vəziyyətinin pis olduğunu dedim. O da bildirdi ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İmişli rayon şöbəsində işləyir və tezliklə mərkəzi aparatda yeni vəzifəyə təyin olunacaq. Mən də onu tanıdığım üçün dediklərinə inandım. Oğluma yüksək əmək haqqı olan iş tapmaqda köməklik etməsini xahiş etdim. Səbuhi yaxşı tanışları olduğunu, onların vasitəsiylə Fəridə iş düzəldə biləcəyini dedi, ancaq konkret olaraq hansısa şəxsin adını çəkmədi. Sonra da dedi ki, lazım olan sənədləri düzəldim. Sənədləri düzəldəndən sonra Səbuhiyə verdik. Dedi ki, bu işin alınması üçün 20 min manat lazımdır. Sonra da bildirdi ki, bizi çoxdan tanıdığı üçün 10 min manata da düzəldə bilər. Pulu vəzifəli şəxslərə verəcəyini demişdi. Biz də 10 min manat düzəldib ona verdik. Səbuhi bir neçə gündən sonra oğlumun DTX-də işə düzələcəyini dedi. Bir neçə gün sonra biz ona 3 min manat da verdik. Söhbətdən bir ay keçməsinə baxmayaraq ondan hələ də bir xəbər yox idi. Səbuhiyə zəng etdikdə hər dəfə fərqli bəhanələr gətirərək, vaxt qazanmağa çalışırdı. Gah müharibəni, gah hərbi paradı bəhanə edərək işin uzandığını deyirdi. Bir müddət keçdikdən sonra başa düşdük ki, bizi aldadıb”.

Digər zərərçəkmiş Şahin Məmmədov ifadəsində bildirib ki, Səbuhini bir dostunun vaistəsilə tanıyıb. Səbuhidən kömək istəmə məqsədi isə ona borc əvəzi verilən torpağı özəlləşdirmək istəyi olub: “Torpağı öz adıma keçirmək istəyirdim. Dostum Akif məni Səbuhi ilə tanış etdi. Səbuhi vəzifəli şəxs olduğunu bildirdi. Razılaşmaya görə, Səbuhi həmin sahəni 200 min manata özəlləşdirəcəkdi. Amma məndən pul az-az aldılar. Ümumilikdə 50 min manat pulu Akifə verdim ki, o da Səbuhiyə çatdırsın.  Bundan başqa Akif məndən pul almayıb. Verdiyim pulu da Səbuhiyə çatdırdığını deyib”.

Akif isə öz ifadəsində bildirib ki, o da Səbuhinin DTX-da işlədiyinə inandığı üçün Şahinə kömək etmə məqsədi ilə onları tanış edib: “Mənim Şahinin qarşısında öhdəliyim var idi. Çünki 50 min manatı ondan alıb Səbuhiyə verən mən olmuşam. Buna görə də dəfələrlə Səbuhiyə zəng etdim ki, pulu qaytarsın. O da hər dəfə bir bəhanə gətirərək pulu vermədi”.

Təqsirləndirilən Səbuhi Şahmarov ifadəsində bildirib ki, bu məsələlərdə o günahkar deyil. Köhnə tanışı Akifi Hərbi Prokurorluğun əməkdaşı kimi tanıyıb və ona güvənərək Rüstəmin oğlunu işə düzəldəcəyinə söz verib: “Rüstəm Fəridi işə düzəltməklə bağlı məndən xahiş edəndə ilk ağlıma Akif gəldi. Bu barədə ona dedim və Akif də mənə işi həll edə biləcəyinə söz vermişdi. Pulu da Akif özü götürüb. Bir müddət sonra işlərinin alınmadığını görən Rüstəmgil pullarını geri istədilər. Akif də müxtəlif bəhanələr gətirərək vaxtı uzatdı və pulu qaytarmadı”.

Bakı şəhər Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndiriliən şəxs 9 (doquz) il müddətinə azadlıqdan məhrum edilib.


Digər xəbərlər

0.33641695976257