Bakı Dövlət Universitetində REAL VƏZİYYƏT - Zahid Hüseynli YAZIR

08:15 19-11-2021 | icon 2047
Bakı Dövlət Universitetində REAL VƏZİYYƏT - Zahid Hüseynli YAZIR
Azərbaycanda təhsil sisteminin nə yerdə olduğu hamıya bəllidir. Bu haqda mətbuat səhifələrində tənqidi yazılara kifayət qədər rast gəlmək olar. Bu sırada 100 illik tarixi addamış ali təhsil ocaqlarından sayılan Bakı Dövlət Universitetinin də adını çəkmək olar. Dünyanın nüfuzlu universitetlərində, öyrədici və tələbələrin yeni kəşflərini, ixtiralarını oxuyanda bir tərəfdən sevinir, digər tərəfdən onların respublikamızda olduqca aşağı olmasına acıyırsan. Adıçəkilən bu təhsil ocağında hansısa elmi nailiyyətdən danışmaq çətindir. Elmi laboratoriyalarda vəziyyət heç də ürəkaçan deyil. Maddi və texniki bazanın zəif olması ucbatından, elmi-texniki cihazların dünya standartlarına uyğun gəlməməsi, adi maddələrin alınması belə bir müşgülə çevrilib. Kimya fakültəsinin alt mərtəbəsində közərən iliç lampaları XX-ci yüzilliyin əvvəllərini xatırladır.

Müasir dünyamızın tələbinə cavab verməyən, tədqiqatların istənilən səviyyədə aparılmaması, elmin aşağı səviyyədə olması ölkəmizə fayda gətirə bilməz. Elmi cəhətdən inkişaf etməmiş dövlətlərin vəziyyəti göz qabağındadır. Kağız üzərində saxta elmi “nailiyyətlərlə” necə deyəllər, dağı dağ üstə qoymağın nə faydası?! Elmi potensialı olan istər daxildə, istərsə də, xüsusilə xaricdə yüksək təhsil alan gəncləri elm ocağına cəlb etməklə, bütün çatışmamazlıqları aradan qaldırmaq olar. Təki istək olsun.

Açığını deyim ki, dünyanın heç də nüfuzlu olmayan jurnallarında bir məqalənin çap olunmasını bəh-bəhnən sevinən professorların da şahidi olmuşam. Vaxt ötürməklə, mürgü döyməklə heç bir irəlləyişdən danışmaq olmaz!

Universitetin tarixi keçmişinə nəzər saldıqda elmi nəzəriyyələri və tədqiqatları ilə dünyanın tanınmış alimləri ilə döş-döşə gələn, sanballı tədqiqatları ilə dünyaya meydan oxuyan alimlərimiz az olmayıb. Bu gün də gənclərimizə geniş yer verilərsə, istənilən şəraitlə təmin olunarsalar, onlar xarici ölkələrə üz tutmazlar, əksinə respublikamızda qalıb, yeni ixtiralara, yeni kəşflərə, bir sözlə çox yeniliklərə möhür vura bilərlər.
Son illər universitetdə struktur kadr dəyişikləri baş verdi. 2019-cu ilin yanvar ayında Təhsil nazirinin müavini Firudun Qurbanov rektor əvəzi təyin edildi. Kadrlar şöbəsinə keçmiş Bulvar idarəsində işləyən Nazim Məcidov yer aldı. Sürətlə kadr dəyişikliyi, eləcə də adı işdə, özü işdə olmayanlar təmizləndi.

2019-cu ilin mart ayından Elçin Babayevin rektor təyin olunmasından üç ilə yaxın vaxt ötür. Yaxın qohumlarının, dost-tanışlarının iş başına təyin olunmasıyla bağlı qələm sahibləri tənqidi yazılarla çıxış ediblər. Kadrlar şöbəsi rəisinin ard-arda dəyişməsi bu sıradadır. Bu gün də, hələ də yerində olmayan bəzi prorektor və dekanlar iş başındadılar.

Bakı Dövlət Universitetinə işə qəbulla bağlı çoxlu çətinliklər var desək, yanılmarıq. Xüsusilə Elmi kitabxanaya. Burada da, yaxınlıq, qohumluq, hədiyyə və rüşvət xüsusi rol oynayır. Gənclərə geniş yer vermək əvəzinə, işə qəbulla bağlı əngəlliklər, “atdı-tutdu” əməliyyatı “ustalıqla” davam etməkdədir. İllərlə işə qəbulla bağlı ərizə və müraciətlərə vaxtli-vaxtında cavab verilmir. Qəbul şöbəsində gah soyad dəyişdirilir, gah da dəftərxanada itirilir. Bu da haqlı narazılıqlara gətirib çıxarır. Ərizə və müraciətlərə vaxtlı-vaxtında cavab verilməməsi üzdə özünü “mələk” kimi göstərməyə çalışan, İnsan resursları və hüquq şöbəsinin müdiri Məhluqə Əfəndiyeva insanları süründürməçiliyə salmaqla, acı-acı verməklə sanki “həzz” alır. Bu təhsil ocağında kifayət qədər iş təcrübəsi olan əməkdaşlara yol göstərib, kömək edənlər iş başına buraxılmır. Burada da yaxınlıq, qohumluq, yuxarıdan tapşırıq mühüm rol oynayır. Görünür kadrların yerində olmaması, hələ xəmirin çox su aparmasına geniş yol açacaq.

Son illər Bakı Dövlət Universitetində başverən olaylar, tələbələrin zəhərlənməsi, dünyasını dəyişməsi, Tələbə evinin bir addılığında güllələrin aşkarlanması, rektorun müşavirinin, əsas korpusun komendatının bıçaqlanmasını ürək ağrısıyla qeyd etsək də, belə gedişlə irəliləyişə nail olmaq çətindir.

Onu da qeyd etmək yerinə düşər ki, hər qış mövsümü gələndə qazanxanalara işçi qüvvəsinin tapılması problemi yaranır. Tələbə evinin istifadəyə verilməsi, müəyyən şəraitin yaradılması ürəkaçan olsa da, tələbələrin yataqxanaya qəbul prosesi ləng gedir. Qazanxanada alayarımçıq işlərin qalması ucbatından dördüncü, beşinci mərtəbələrə su istənilən təzyiqlə qalxmır. Bu da orda qalan tələbələrin haqlı narazılıqlarına səbəb olur.

Yeri gəlmişkən onu da qeyd edim ki, Tələbə evinə yenicə təyin olunmuş iki komendantın ruh yüksəkliyi ilə işə başlamaları təqdirə layiqdir. Tələbə evi sahəsinin səliqə-sahmana salınması, abadlaşdırılması müsbət addımlardan saymaq olar.

Mən bu yazıları qeyd edərkən, rektor Elçin Babayevin müsbət işlərinə kölgə salmaq fikirindən uzağam. Amma təəssüflə qeyd etməliyəm ki, bu gün bu təhsil ocağı bir qrup adamın əlində “özününkiləşdirilib”. Rektora düzgün məlumatların verilməməsi də xeyli əngəlliklər yaradır. Onun təyin etdiyi, etimad göstərdiyi bəzi, bəzi kadrlar, özlərini kiçik “padşah” sayanlar müsbət addımların atılmasına bir maniədirlər. Gənclərə nə qədər yer verilsə bu maniələr tez aradan qaldırılar. Necə ki, əməkdaşlarla, tələbələrlə dil tapan, düzgün yönləndirən, təmkinli, savadlı, indiki rektorun köməkçisi kimi.

Hər halda inanmaq istərdik ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev köklü islahatlar aparmaqla, universitetdə ciddi dönüş yaratmaqla, tarixə bir imza atmış olar. Biz də buna inanmaq istərdik.


Zahid Hüseynli
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Ardı var

P.S:
Maliyyə və təmir-tikinti məsələləriylə bağlı geniş yazıyla növbəti saylarımızın birində tanış ola bilərsiniz.


Digər xəbərlər

0.30112504959106