YAP-ın yaranmasının 29-cu ildönümü qeyd olunub

19:38 19-11-2021 | icon 385
YAP-ın yaranmasının 29-cu ildönümü qeyd olunub
loading...

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 29-cu ildönümünə həsr olunan “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda konfrans keçirilib.

Tədbirdə YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, YAP sədrinin müavini Əli Əhmədov, “91”lərdən biri olan professor Şahlar Əsgərov, Milli Məclisin deputatları, yerli təşkilatların sədrləri və digər şəxslər iştirak ediblər.

Mərasimdə əvvəlcə partiyanın yaradılmasının 29-cu ildönümünə həsr olunan videoçarx nümayiş etdirilib.

Daha sonra isə açılış üçün söz YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqova verilib. O, əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Bir dəqiqəlik sükutdan sonra isə partiya sədrinin müavini çıxış edərək bildirib ki, YAP siyasi zərurətdən yaranan partiyadır: “O vaxt Azərbaycana rəhbərlik etmiş bəzi şəxslərin yarıtmaz fəaliyyəti nəticəsində ölkədə iqtisadi tənəzzül hökm sürürdü. Hətta Azərbaycanın müstəqilliyinin itirilməsinə münbit şərait yaradılmışdı. Belə bir vaxtda Azərbaycan xalqı ümidini Heydər Əliyevə bağlamışdı. Heydər Əliyev çağırışlara cavab verərək Azərbaycanı məhv olma təhlükəsindən xilas etdi. Hesab edirəm ki, 1992-ci il noyabrın 21-də YAP-ın Naxçıvanda təsis konfransının keçirilməsi və Heydər Əliyevin sədr seçilməsi Azərbaycan tarixində çox mühüm hadisə oldu. YAP ötən 29 il ərzində şərəfli və nümunəvi yol keçib, ümumxalq partiyasına çevrilib. Cənubi Qafqazın ən böyük partiyası olan YAP bu gün inkişaf edir”.

Onun sözlərinə görə, YAP Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır: “2020-ci ildə baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Vətən müharibəsində Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz gücünü səfərbər edərək milli qürur və ləyaqətin bərpasına, işğal faktının, tarixi ədalətsizliyin aradan qaldırılmasına və separatizmin məhv edilməsinə nail oldu. Hesab edirəm ki, ümummilli lider Heydər Əliyevin siyasətini dövrün tələblərinə uyğun keyfiyyətcə yeni müstəvidə uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın milli gücünün artmasını, strateji hədəflərə və qələbəyə doğru əmin addımlarla irəliləməsini təmin edib. Partiyamız öz gücünü Heydər Əliyev ideyalarından alır. Biz bu ideyalar ətrafında birləşərək mütəşəkkil siyasi qüvvəyə çevrilmişik. Hazırda Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası böyük nailiyyətlərə imza atır”.

YAP sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov isə vurğulayıb ki, YAP iqtidarı çox qısa bir zaman ərzində Azərbaycanı dünyanın ən gözəl, inkişaf etmiş ölkələrindən birinə çevirib: “30 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqları Prezident, YAP sədri İlham Əliyevin rəhbərliyi ilə azad edilib. Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində xüsusi yeri var. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda çox ciddi iqtisadi, sosial inkişaf baş verdi, ölkəmizin siması bütövlükdə yeniləndi. Bu gün Azərbaycan Prezidenti, partiyamızın sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qüdrəti ölkəyə çevrilib. Azərbaycan ümummili lider Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edəcək”.

“91”lərdən biri olan professor Şahlar Əsgərov 1992-ci ildə Azərbaycanda vəziyyətin çox gərgin olduğunu deyib: “Ölkəmiz çox pis istiqamətdə gedirdi. Buna isə bir istiqamət vermək lazım idi. O zamanlar Heydər Əliyevin adı bir mətbuat orqanında çəkilmirdi. Çünki qadağa qoyulmuşdu. İnsanların ürəyində isə Heydər Əliyev istəyi vardı. Günlərin birində ziyalılarla belə qərara gəldik ki, Heydər Əliyevə məktubla müraciət edək. Məktubun adı belə idi: “Azərbaycan Sizin sözünüzü gözləyir”. Heydər Əliyev bu məktuba tez cavab verdi. Həmin məktub Azərbaycanın gələcəyinə baxış idi. Heydər Əliyevdən razılıq alandan sonra isə partiyanın təsis edilməsi barədə düşündük. Bundan sonra isə üç-üç, beş-beş Naxçıvana uçduq. Daha sonra Naxçıvanda partiyanın təsis konfransı baş tutdu. 6 aya yaxın müddətdə partiyaya 60 minə yaxın insan üzv olmuşdu. Hətta elə adamlar vardı ki, YAP deyə bilmirdi, deyirdi ki, məni Heydər Əliyevin partiyasına yazın. Biz partiyanı yaradanda oturmağa yerimiz yox idi, indi belə bir gözəl binamız, 800 minə yaxın üzvümüz var. Mən bu prosesdə iştirak etməyimə görə taleyimdən razıyam”.

Daha sonra isə tədbir çıxışlarla davam edib.


Digər xəbərlər

0.4578320980072