Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumu keçirilir

11:14 24-11-2021 | icon 1861
Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumu keçirilir

Azərbaycan Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən Nizami Gəncəvi İli çərçivəsində Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu (NGBF) başlayıb.

Beynəlxalq Forumda Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Özbəkistanın mədəniyyət naziri Ozodbek Ahmadoviç Nazarbekov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edir. 

Həmçinin Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlər, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri təmsil olunurlar.

 

Forum çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı, mədəni və digər tədbirlərin təşkili nəzərdə tutulub.

***

Baş nazirin müavini Əli Əhmədov bildirib: “Nizami Gəncəvi Azərbaycan xalqının yetişdirdiyi ən böyük mütəfəkkirdir. Yaradıcılığı ümumbəşəri dəyərlərə xidmət etdiyindən bütün dünyaya məxsusdur. Nizami Gəncəvi təkcə dahi şair, söz ustadı deyil, həm də böyük mütəfəkkir idi. O, xalqlar və əsrlər arasında körpü olub. O, indiki dillə desək, xalqlar arasında xoşməramlı səfir idi. 800 ildən çoxdur ki, sevilir və oxunur. Dərin fəlsəfi məzmunlu fikirləri öz əhəmiyyətini itirməyib. O, Azərbaycan xalqının fəxri iftixarıdır. Hər bir azərbaycanlının qəlbində Nizami sevgisi var”.

***

Mədəniyyət naziri Anar Kərimov qeyd edib: “Nizami Gəncəvinin yaradıcılığı, bizə qoyduğu ədəbi, fəlsəfi miras körpü rolunu oynayıb, xalqları yaxınlaşdırıb, birləşdirib. O, multukultural dəyərlərdən hələ 12-ci əsrdə danışıb. Nizami Gəncəvi Azərbaycanda sevilir, təbliğ olunur. Ən görkəmli bəstəkarlarımız Nizamidən ilhamlanaraq əsərlərini yaradıblar. Bu sevgi bir neçə başqa təzahürlərdə də özünü ifadə edir. Nizami Gəncəvinin mirasına Azərbaycan xalqı həmişə sadiq qalıb və sahib çıxıb”.

***

Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib: “Rusiyada Nizami Gəncəviyə 2 yerdə - Moskvada və Sank-Peterburqda heykəl qoyulub. O heykəlləri quraşdıranda elə də asan dövr deyildi. Lakin Nizami Gəncəvi bu şəhərlərdə adının əbədiləşdirilməsinə layiqdir. O təkcə Azərbaycanın deyil, Şərqin dahi oğludur. Dahi ədib öz yaradıcılığı ilə Mərkəzi Asiyada xalqları, qəbilələri birləşdirmişdi.

Mən iki mütəfəkkiri qeyd edə bilərəm ki, onlar heç vaxt yaşadığı ərazini tərk etməmişdilər. Bunlar Nizami Gəncəvi və Kant idi. Onlar başa düşürdülər ki insanən vicdanı, başı üzərində duran Allah böyük dəyərlərdir. Bu ilin Nizami Gəncəvi ili elan olunması əhəmiyyətli hadisədir. Hazırda bu il çərçivəsində Rusiyada Ermitajda Azərbaycan xalçasının nümayişi keçirilir. Nizami Gəncəvi İslam dünyasında maarifləndirmə işığını özündə təcəssüm etdirib. Bu işıq bu günə qədər bizim üzərimizdədir”.


Digər xəbərlər

0.26353192329407