Səttar Möhbalıyev haqqında şər- böhtan yazanların məqsədi nədir?

11:21 06-12-2021 | icon 1524
Səttar Möhbalıyev haqqında şər- böhtan yazanların məqsədi nədir?

Həyatda elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”.

Belə insanlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Möhbalıyevdir.

1955-ci ildə Naxçıvan Muxtar Respublikası Kəngərli Rayonunun Qıvraq kəndində anadan olan Səttar müəllim 1979-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.

1973-cü ildə Bakı şəhərində müxtəlif müəssisələrdə əmtəəşünas, mühəndis-iqtisadçı və baş mühasibin müavini vəzifələrində işləmişdir. 1980-1993-cü illərdə Avtonəqliyyat və Şosse Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində müfəttiş-təlimatçı, maliyyə şöbəsinin müdiri vəzifəzində çalışıb.


1991-ci ildə isə demokratik seçki nəticəsində Respublika Komitəsinin sədri vəzifəsinə seçilmişdir.

 

Elmi məqalələri var. Bir sıra dərsliklərin və tədris metodiki vəsaitlərin müəllifidir. İqtisad elmləri doktoru, professordur.

S.Möhbalıyev AHİK-in sədri seçildikdən sonra həmkarlar ittifaqında islahatların aparılmasında, onun əmlakının qorunub saxlanılmasında, "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikası qanununun qəbul edilməsində, həmkarlar ittifaqlarının nüfuzunun möhkəmləndirilməsində, transmilli şirkətlərdə həmkarlar ittifaqının yaradılmasında müstəsna əmək sərf etmişdir. S.Möhbalıyevin səyi nəticəsində AHİK MDB məkanında Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına ilkin üzv olan təşkilatlardan biridir.

O, rəhbər kimi ani və düzgün qərar qəbul edə bilən nadir insanlardandır! Onun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədir!

O, insanlara diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, dövlətimizə və Prezidentimizə inamını artırır!

Bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun peşəkar olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Bütün deyilənləri, yazılanları kənara qoyaraq bir elin, obanın təəssübünü çəkən fədəkar bir insan kimi tanıdığımız Səttar müəllim haqqında bəzən bədhaqları tərəfindən yayılan yazılara cavab olaraq gerçək olanı deyək:

Bəli,Səttar Möhbalıyev təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında?

Adamın saf, təmiz qəlbi var. Xalqına, el-obasına bu qədər baglılığı, ehtiyacı olanlara “Əl tutmaq Əlidən qalıb” deyə əl tutması, simsar olması həndəsi silsilə ilə artan bir sərvətdir. Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya saysız-hesabsız xeyirxah əməllərini də artırsaq (bunların da ümumi çəkisi həmin böhtançı “mirzə”lərdən ağır olar yəqin ki…) onda böyük bir xəzinə yaranar. Yəqin bu həqiqəti bilən kimsə, sizin yanınızda “Səttar Möhbalıyevin böyük, tükənməz bir xəzinəsi var”-deyib, sizsə hər şeyi baş-ayaq anlamısız…

 

Adının çəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri onun barəsində belə deyir: “Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdır. Kübar, çox ziyalı, lazım olanda yumşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə zəif cəhəti var ki, başqa bir məmur sərt tədbirlər görəcəyi halda, o insani xüsusiyyətindən irəli gələrək başa salır ki , belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o, yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə islah etmək olar!”

Təəssüf ki, Səttar Möhbalıyevin uğurlarını həzm edə bilməyən, qeyri – konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar. Dövlətçiliyə bunca sadiq adamı az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, yalan ayaq tutar, yeriməz, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir. Yaxşı olar ki, qüvvələrini perspektivsiz məqsədlərə sərf etməkdənsə, tərəqqipərvər qüvvələrin cərgəsinə qoşulub həm ölkənin, həm xalqın,həm də özlərinin xeyrinə iş görsünlər.

Biz də bu işdən geridə qalmayaq. Azərbaycanı, onun vətəndaşlarını, dəyərlərimizi təhqir edənlər, öz mənafeyi naminə yalan, qərəzli məlumatlar yayanları ifşa etməli, hər xəbərin dəqiq, dürüst mənbəyini araşdırmadan fikir bildirməkdən, şərh yazmaqdan çəkinməliyik ki, yalan ayaq tutub yeriməsin.


Digər xəbərlər

0.339998960495