“Nazirlikdə işə düzəlmək üçün 6 min verdim, kuryer olduğumu öyrəndim”

09:18 07-12-2021 | icon 1193
“Nazirlikdə işə düzəlmək üçün 6 min verdim, kuryer olduğumu öyrəndim”
loading...

Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olmuş Rahil Nəcəfovun dələduzluq əməlləri ilə bağlı detallar məlum olub.

Rahil Nəcəfov Azərbaycan Milli Elmlər Akademiyasının bir neçə əməkdaşını aldadaraq onları Təhsil Nazirliyində işə düzəltmək, xarici jurnallarda məqalə dərc etdirmək və digər vədlərlə aldadıb.

AMEA-nın adının çəkilməsini istəməyən əməkdaşı qeyd edib ki, təxminən bir il öncə R.Nəcəfov ondan 3000 manat alıb: “Dedi ki, məqalələrim xarici nüfuzlu jurnallarda dərc olunacaq. Sonra öyrəndim ki, bu vədə inanan nə ilk, nə də son adamam. 40-dan çox adamı mənim kimi aldadaraq pulunu mənimsəyib”.

 

Belə ki, 3 ilə yaxındır bu işlə məşğul olan R.Nəcəfov zərərçəkmişləri müxtəlif vədlərə inandırıb. Məlumata görə, o, pul götürdüyü şəxsləri Təhsil Nazirliyində işlə təmin edəcəyi, xaricdə aldıqları diplomların ölkəmizdə tanınacağı, dissertasiya işinin yazılacağına inandıraraq onlardan pul tələb edib. Zərəçəkmişlərdən birinin sözlərinə görə, o, Rahil Nəcəfova 3, digərinin sözlərinə görə isə diplomların tanınması və nazirlikdə işə düzəlmək üçün 30 min manatdan çox pul verib. Onlara verilən vədlərin yalan olduğunu biləndə isə Rahil Nəcəfovun əməlləri ilə bağlı polis orqanlarına şikayət ediblər.

R.Nəcəfova 30 min manat verən qadın bildirir ki, ona işə düzəldiyinə dair vəsiqə verib: "Dedi ki, guya məni Təhsil Nazirliyində işə düzəldib. Sənədin digər üzündə mənim adım, soyadım və fotom var. Sonra bir dəfə banka yaxınlaşdım və sənəd kimi bu kağızı təqdim etdim. Orada açıb baxdılar ki, adım hansısa bir jurnalda kuryer kimi gedir. 10 il Ukraynada universitetdə müəllim işləmiş adamın adı indi kuryer kimi getsin. Məhz bu sənədə görə mən ona 6 min manat pul vermişdim".

Daxili İşlər Nazirliyi Rahil Nəcəfovun AMEA əməkdaşlarının pulunu mənimsəməsi faktı ilə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, Rahil Nəcəfov 2012-cil ildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Şərq fəlsəfəsi filosoflarının irrasional görüşləri haqqında dissertasiya işi müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb. 2016-2017-ci illər AMEA-nın Qafqazşünaslıq İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 2018-2020-ci illərdə Təhsil Nazirliyinin əsas mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olub.(qafqazinfo)

 

 

 


Digər xəbərlər

0.21038293838501