Yeni təkzib qaydaları belə olacaq

13:24 10-12-2021 | icon 1763
Yeni təkzib qaydaları belə olacaq

“Media haqqında” yeni qanun layihəsində təkzib, cavab və düzəliş verilməsi qaydaları öz əksini tapıb. 

Yeni qanun layihəsində təkzibdə hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin çap mediası subyektində nə vaxt və necə dərc olunduğu göstərilir. Çap mediası subyektində təkzib məlumatın və ya materialın verildiyi səhifədə həmin şriftlə yığılır və “Təkzib” başlığı altında dərc olunur.

Gündəlik, günaşırı, həftəlik və aylıq yayımlanan qəzetlər təkzib, cavab və ya düzəliş haqqında tələbin daxil olduğu gündən sonrakı nömrədə, digər dövri-nəşrlər isə hazırlanan və ya yaxın günlər üçün planlaşdırılan buraxılışda təkzibi, cavabı və ya düzəlişi dərc etməlidirlər.

Layihəyə əsasən, təkzib, cavab və ya düzəliş audiovizual yayımçı tərəfindən tələbin alındığı gündən sonrakı müvafiq proqramda yayımlanır. Bunu tələb edən fiziki şəxsin və ya onun nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin və ya onun səlahiyyətli nümayəndəsinin proqramda cavabla çıxış etmək hüququ təmin edilməlidir. Təkzib və ya cavab mətnində heç bir dəyişiklik edilmədən verilir.

Təkzib, cavab və ya düzəliş rədd edildikdə bu barədə tələb etmiş şəxsə 3 (üç) gün müddətində əsaslandırılmış məlumat verilməlidir.

Onlayn mediada təkzib və ya cavabın mətni təkzib və ya cavab vermək hüququnun yaranmasına səbəb olmuş materialın yayımı üsuluna uyğun şəkildə yayımlanmalıdır (eyni həcmdə, eyni vaxtda, həmin veb-saytda, veb-səhifədə və ya veb-saytın həmin bölməsində və s.). Bu zaman hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin onlayn media subyektində nə vaxt və necə yayımlandığı göstərilməlidir.


Digər xəbərlər

0.23669505119324