İlham Əliyev: Qalib sərkərdənin 60 illik ömrünün ştrixləri

09:14 24-12-2021 | icon 1932
İlham Əliyev: Qalib sərkərdənin 60 illik ömrünün ştrixləri

İnsanın həyatda uğur qazanmasında, fomalaşmasında, gələcəyində nəslin, ailənin böyük rolu var. Bu baxımdan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev şanslı insandır.

Azərbaycan liderinin ömür yolundan bəzi ştrixləri yada salsaq, bunu tam əminlik və qətiyyətlə söyləmək olar. İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967–1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1985–1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib. 1991–1994-cü illərdə özəl biznes sahəsində çalışıb, bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, Birinci vitse-prezidenti olub. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. 2003-cü il oktyabrın 15-dən Azərbaycan Republikasının Prezidentidir.

İlham Əliyevin maddi-mənəvi cəhətdən təminatlı ailədə böyüməsi, ailənin genetikası, fəaliyyəti və cəmiyyətdəki nüfuzu onun dövlət adamı kimi yetişməsində, formalaşmasında böyük rola malik olub. Atası Heydər Əliyev SSRİ kimi böyük dövlətin sayılıb-seçilən, hörmət edilən liderlərindən biri olub. O, Kremldə ən çox düşməni olmuş sovet rəhbərlərindən idi. Heydər Əliyev 1970-80-ci illərdə ermənilərin ən çox çəkindikləri siyasətçi idi. Azərbaycanın müstəqilliyini dəstəkləyən 43 istiqlalçı deputatdan biri də Heydər Əliyev olub. İstiqlalçı deputatlar 1991-ci il martın 7-də SSRİ-nin saxlanılması ilə bağlı referendumun keçirilməsinə qarşı çıxanlar, bununla da keçmiş sovet imperiyasının dağılmasına səs verənlərdir. Başqa sözlə, Heydər Əliyev SSRİ-nin dağılmasını dəstəkləyənlərdən olmaqla, mili azadlıq hərəkatının tələblərini müdafiə edib.

Müstəqillik dövründə onun quruculuq işləri, torpaqların işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, beynəlxalq neft-qaz müqavilələrinin bağlanması və s. istiqamətlərdə gördüyü işlər məlumdur.

Ulu öndər Heydər Əliyev bu kimi fəaliyyəti ilə Prezident İlham Əliyevə görəcəyi işlərin yolunu və yönünü göstərib. 18 illik prezidentliyi dövründə onun gördüyü işlər ümummilli liderin fəaliyyətinin davamı, vəsiyyətinin yerinə yetirilməsidir.

İlham Əliyevin anası görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevadır. O, Azərbaycanın tanınmış dövlət və ictimai xadimi Əziz Əliyevin qızıdır. Əziz Əliyev 1945-46-cı illərdə İranda Azərbaycan türklərinin hüquqlarının təmin olunması istiqamətində mübarizə aparan soydaşlarımıza çox kömək göstərib.

Azərbaycan lideri ölkə həyatının, cəmiyyətinin müxtəlif sahələrində saysız yeniliklərə imza atıb. Bu yeniliklər siyasətdə, iqtisadiyyatda, ordu quruculuğunda, diplomatiyada, sosial sahədə, elmdə, təhsildə, mədəniyyətdə, səhiyyədə, idmanda, ailə dəyərlərinin qorunmasında, yeni infrastrukturun yaradılmasında, yolların çəkilməsində, bir sözlə, ölkənin bütün sahələrində özünü büruzə verib, inkişafa yol açıb, Azərbaycanı çiçəkləndirib, dünyanın qüdrətli, sayılıb-seçilən, sözü eşidilən, hörmət qoyulan dövlətlərindən birinə çevirib.

Prezident, Ali Baş Komandan, sərkərdə, siyasətçi kimi İlham Əliyevin şah əsəri azad Qarabağ, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. O, atası Heydər Əliyevin yarımçıq qalan işlərini davam etdirməklə yanaşı, onun vəsiyyətinə əməl edən ən xoşbəxt varisdir.

Azərbaycan lideri xalqa müraciətində Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən vurğulamışdı: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

Ali Baş Komandan Qarabağda Zəfərin qazanılmasına rəhbərlik etməklə, yalnız Heydər Əliyevin vəsiyyətinə əməl etməyib, o, Cümhuriyyət dövründən indiyə qədər Azərbaycanda bir çox dövlət başçısının etməyə imkanı olmayan vəzifəni yerinə yetirib, milli borcunu ləyaqətlə ödəyib.

Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra İlham Əliyev tarixi ədalət naminə coğrafi yer adlarını da bərpa edib. Onun sərəncamı ilə 2021 iyulun 7-dək mövcud olan iqtisadi rayonların adları reallığa uyğunlaşdırılıb. İqtisadi rayonların sırasına Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları), Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) da əlavə edilib.

Regional əməkdaşlıq onun prezidentliyi dövründə daha da genişlənib. Hakimiyyətdə olduğu dövrdə bir çox layihələrin reallaşmasına imza atan Azərbaycan lideri “Zəngəzur dəhlizi” layihəsinin təşəbbüskarlarındandır.

Türkiyə ilə Azərbaycan arasında əlaqə və əməkdaşlığın genişləndirilməsi ilə bağlı iki dövlət arasında ilk dəfə müttəfiqlik münasibətləri haqqında bəyannamə qəbul olunub. Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan 2021-ci il iyunun 15-də Şuşa bəyannaməsini imzalayıblar. Bu, “bir millət - iki dövlət” devizi istiqamətində İlham Əliyevin atdığı ən mühüm addımdır. Sənəd yalnız iki dövlətin inkişafına deyil, eləcə də regional əməkdaşlığa və təhlükəsizliyə xidmət edəcək.

Prezident Azərbaycanın dostlarını və düşmənlərini adı ilə çağırmaqdan çəkinməyib. 44 günlük Vətən müharibəsi zamanı və ondan sonra müsahibə, çıxış və açıqlamalarında bunu açıq-aşkar vurğulayıb.

Prezident İlham Əliyev elm, təhsil və mədəniyyətin inkişafına daim diqqət göstərib. Dövlət başçısının 2018-ci il aprelin 9-da Azərbaycanda “Elm günü”nün təsis edilməsi haqqında sərəncamı və elm-təhsil sahəsi ilə bağlı imzaladığı onlarla sərəncam, fərman və qərarlar, həyata keçirilən dövlət proqramları buna bariz nümunədir. İlham Əliyevin hakimiyyəti illərində minlərlə azərbaycanlı gənc dövlət hesabına xaricdə təhsil almağa göndərilib. Özü də dünyanın inkişaf etmiş ölkələrinin ən nüfuzlu universitetlərinə.

Prezident gənclərin cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması haqqında” Fərman imzalayıb, “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı"nı təsdiq edib.

Bir sözlə, Heydər Əliyevin gənclər siyasəti İlham Əliyevin prezidentliyi dövründə də davam edib və daha da genişlənib.

Eyni siyasət əhalinin sosial müdafiəsi, səhiyyə, bütövlükdə humanitar sahədə də həyata keçirilib. Azərbaycan lideri bu sahələrlə bağlı çox sayda sərəncam, fərman, qərar imzalayıb. Bu illər ərzində aztəminatlı ailələr dövlət qayğısı ilə əhatə olunublar.

Prezident mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayırır. Ölkədəki bütün dini icmalara dövlətdən maliyyə yardımı edilir.

Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə sosial və mədəni səpkili müxtəlif beynəlxalq layihələrdə fəal iştirak edir. Pandemiyaya qarşı mübarizədə ölkənin adı öncüllər sırasındadır. Dövlət başçısının tapşırığı ilə dünyanın bir sıra ölkələrinə COVID-19-a qarşı vaksin göndərilib.

Prezident, Ali Baş Komandan İlham Əliyev 60 yaşının 30 ilə yaxınını Azərbaycanın milli dövlət quruculuğuna həsr edib. Bu dövr ərzində Azərbaycanın dünyada tanınması, torpaqların işğaldan azad edilməsi, milli kadrların hazırlanmsı, iqtisadiyyatın güclənməsi, dünyanın və regionun təhlükəsizliyi sahəsində uğurlar əldə edib. 2019-cu il oktyabrın 3-də Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən Prezident İlham Əliyev bir il sonra bunu həyata keçirməklə xarizmatik lider olduğunu da dünyaya sübut edib.

Onun rəhbərliyi altında qurulan ordu Ermənistanın üç prezidenti və bir baş nazirinin yaratdığı ordunu 44 gündə darmadağın etdi. İlham Əliyev bununla mahir təşkilatçılığını da sübut etdi.

Altmış yaşlı Prezident indi işğaldan azad edilən Azərbaycan torpaqlarında quruculuğa və bu ərazilərin dirçəldilməsinə rəhbərlik edir. Yuxarıda qeyd etdiyimiz məsələlər Prezident və Ali Baş Komandanın reallaşdırdığı çoxsaylı işlərdəndir. Azərbaycanın daha da qüdrətli olması üçün onun bundan sonra da böyük layihələrə imza atacağı şübhə doğurmur.

Prezident İlham Əliyev türk dövlətləri arasında ictimai, iqtisadi və mədəni əlaqələrin yaranması istiqamətində də mühüm addımlar atır. Bu il noyabrın 12-də dövlət başçısı Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi Qərarda deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə zati-aliləri İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onun fəaliyyətini yüksək qiymətləndirərək bildirib: “Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gündə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşıyır”.

Bu onu göstərir ki, türk dünyasının birliyi istiqamətində Azərbaycan əhəmiyyətli geosiyasi rola malik olduğu kimi, Prezident İlham Əliyev də şəxsiyyət olaraq regionda aparıcı siyasi liderdir.

103 yaşlı Azərbaycan Respublikasının 60 yaşlı Prezidentinin doğum günü mübarək!


Digər xəbərlər

0.2453179359436