Faiq Ağayev yarım əsri tamamladı!

14:56 29-12-2021 | icon 2362
Faiq Ağayev yarım əsri tamamladı!

Bu gün xalq artisti Faiq Ağayev yubileyini qeyd edir.

"Cənab qızıl şlyager", 100% F.A kimi tanınan sənətçinin 50 yaşı tamam olur.

 

Bununla bağlı instaqram hesabında paylaşım edən sənətkar ömrünün 33 ilini sənətə həsr etdiyini qeyd edib:

 “Bu illər ərzində enişli-yoxuşlu, uğurlu-qələbəli, çətin, mürəkkəb, amma çox xoşbəxt sevgi və sədaət dolu yol keçdim. İndi qərarlaşdığım bu yerdə, bu nöqtədə tam əminliklə deyə bilərəm ki, həqiqətən, arzusunda olduğum həyatı yaşayıram. Nağıl, film və ya daha düzgünü – mahnı kimi bir həyat. Və həyatımda heç nəyi dəyişmək istəmirəm”.

Ağayev qeyd edib ki, 50 yaş təşəkkür yaşıdır: “Mənə sənəti öyrədən əziz müəllimlərimə - böyük Yaşar Nuri, sevimli Cahangir Novruzov, təkrarolunmaz Şəfiqə Məmmədovaya qəlbən minnətdaram. Yaxşı ki, sizin kimi ustadlarım olub. Sənət yolumda mənə dayaq olmuş mahnılarımın müəlliflərinə, bəstəkar və şairlərə, səhnədə mənimlə eyni coşqunu yaşayan musiqiçi və rəqqaslara, kliplərimi, konsertlərimi çəkən, mənə həmfikir və dəstəkçi olmuş rejissorlara ürəyimin bütün hərarəti ilə çox sağ olun deyirəm”.

Sənətkar Azərbaycanın ən gənc əməkdar və xalq artisti olduğunu bir daha xatırladıb: “Bu ali fəxri adlara layiq görüldüyümə görə Vətənimə, dinləyici və tamaşaçılarıma, bu yüksək adlarla məni təltif etmiş dahi Heydər Əliyevə, müzəffər Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bütöv bir Azərbaycanın xalq artisti olmaq ayrı bir ləzzətdir”.

O qeyd edib ki, Tanrı ona böyük şəxsiyyətlərlə görüş, şəxsi tanışlıq və səmimi münasibət qismət edib: “Tofiq Quliyev, Əlibaba Məmmədov, Zeynəb Xanlarova, Polad Bülbüloğlu, Müslüm Maqomayev kimi nəhənglərlə doğmatək ünsiyyətdə olmaqdan çox və çox xoşbəxtəm”.

O, 2 ildir böyük səhnə üçün çox darıxdığını etiraf edib: “Hamını bezdirən pandemiya mənim də qol-qanadımı qandallayıb, səsimi dustaq edib. Tətbiq olunan məhdudiyyətlər imkan vermədi ki, yubileyimi irimiqyaslı, ənənəvi 100% F.A keyfiyyətli böyük solo konsertlə qeyd edim”.

Sənətçi 50 yaşı tamam olması ilə bağlı bunları deyib: “Çoxunuz yaşıma təəccüblənib heç 50-ni göstərmədiyimi deyirsiniz. Çox istəyirəm ki, ruhumun da necə cavan olduğunu sizə səhnədə sübut edim. Sizinlə tezliklə, pandemiya bitən kimi anşlaqlı zalda görüşəcəyimə əminəm. Xoşbəxtəm ki, varımsınız, dəyərlilərim. Məni sevməkdə davam edin. Sizin 100% F.A”.

 

 
 
 

Digər xəbərlər

0.25983309745789