Neftçalada abadlıq və quruculuq işləri davam etdirilir

21:11 13-01-2022 | icon 1368
Neftçalada abadlıq və quruculuq işləri davam etdirilir

Dövlət müstəqilliyinin bərpasından ötən 30 il ərzində ölkəmiz böyük və uğurlu inkişaf yolu keçib. Sosial-iqtisadi inkişafımızın fonunda şəhər və rayonlarımız simasını dəyişib, nəzərəçarpacaq dərəcədə gözəlləşib. Yeni parklar, bağlar salınıb, yaşayış binaları inşa edilib, yollar çəkilib, küçələr abadlaşdırılıb.

Regionlardakı inkişafı Neftçala rayonunun timsalında daha aydın görmək olar.

 

Neftçalada aparılan geniş tikinti, abadlıq və quruculuq işləri rayonun simasını büsbütün dəyişib, park və xiyabanlar yenidən qurulub.

Abadlıq və quruculuq işləri çərçivəsində şəhərin Heydər Əliyev prospektinin mərkəzi hissəsində və Mirzə Ələkbər Sabir küçəsində yeni işıqlandırma sistemi qurulub,piyadaların rahat və təhlükəsiz hərəkəti üçün piyada səkiləri çəkilib, Şəhidlər Abidə kompleksi və şəhidlərin adına bulaq kompleksləri inşa olunub.

Neftçala şəhərinin Kamran Hüseynov, Səməd Vurğun, Elton Həbibov, Xıllı qəsəbəsinin İlham Babayev, Bankə qəsəbəsinin Ceyhun Mikayılov, Səməd Vurğun, Həsənəbad qəsəbəsinin Mirzə Ələkbər Sabir küçələrinə yeni asfalt örtüyün çəkilməsi işlərinə başlanılıb. Bu küçələrdən Neftçala şəhərində Elton Həbibov, Kamran Hüseynov, Səməd Vurğun, Bankə qəsəbəsində Ceyhun Mikayılov, Səməd Vurğun və Həsənəbad qəsəbəsində M.Ə.Sabir küçələrinə asfalt örtüyün çəkilməsi işləri başa çatıb, digər küçələrdə isə asfalt örtüyün çəkilməsi işləri sürətlə davam etdirilir.

Yenidənqurma işləri çərçivəsində Neftçala şəhəri Zakir Məcidov küçəsində yerləşən 8 mənzilli yaşayış binasının təmiri işlərinə başlanılıb, binanın dam örtüyü, mənzillərin pəncərələri və eyvanları yenilənib. Görülən işlər zamanı Bankə qəsəbəsinin mərkəzi küçələrində divarların suvanması, boyanması və yenidənqurma işləri də davam etdirilir.

Dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu və məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edir. Ümumi inkişafımızda öz payı olan Neftçala rayonu bu tərəqqiyə sanballı töhfəsini verməkdədir.

 

 



 

Digər xəbərlər

0.28741717338562