20 yanvar faciəsinin qanlı mənzərəsi

11:50 20-01-2022 | icon 1200
20 yanvar faciəsinin qanlı mənzərəsi

1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların
Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi
deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi
cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə
davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi
Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı
Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi
MixailQorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət
Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri
Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır
texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə
yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili
qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusiqəddarlıq və
misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin
tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri
amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə
vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı
şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı
rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da
Lənkəranda daha 8 nəfər qətlə yetirilib.
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və
ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak
olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili
yardım işçiləri və milis nəfərləri olub.
Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi
həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt
Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər
qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif
şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular
tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım
maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar
nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.
Sovet qoşunlarının hərəkətlərində 1945-1946-cı illərdə keçirilmiş və
tarixə Nürnberq prosesi kimi düşmüş beynəlxalq tribunalda
pislənilən bütün əlamətlər müşahidə edilib.
1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi”

adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi”
vardır.
Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider
Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı
daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu
nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata
kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa
edib: “...Azərbaycanda baş vermiş hadisələri mən hüquqa,
demokratiyaya zidd, humanizmə və ... hüquqi dövlət quruculuğu
prinsiplərinə zidd hesab edirəm...Dağlıq Qarabağ hadisələrinin ilkin
mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən
vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün
zəmin də yaranmazdı ...Qırğın törədənlərin hamısı layiqincə
cəzalandırılmalıdır!”. Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər
Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına
qəsd kimi qiymətləndirib: “Mən belə hesab edirəm ki, 19-20
yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi
rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir,
onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni
zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin
nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi
qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində — heç bir
yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın
olmamışdır. Bunu da edib Sovet ordusu. Və bunun nə qədər böyük
miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın
həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər
naziri Bakatin vaxtından qabaq gəlib. Bakıda oturub, bu
əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az
cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər
böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal
Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək,
bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir,
Azərbaycan xalqının qarşısında cinayətdir”.
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də
Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini
göstərdi.Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda
fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı
yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar

şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər
xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib.
Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası
çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi
haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən
respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak
etməyib.
Bu epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşmasına
həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində
dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı
tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini
yalnız müstəqil Azərbaycanda görüb.
1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis
səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. Milli Məclisin
həmin qərarında deyilir: “Azərbaycanda vüsət tapmış milli azadlıq
hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq
amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli
mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa
sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı
il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və
respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və
ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların
qəddarcasına qətlə yetirilməsiAzərbaycan xalqına qarşı totalitar
kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi
qiymətləndirilsin”.
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il
faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal
fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər
düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni
törədənlərə dərin nifrətini bildirir.
Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın
bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik
sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs
siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.
Fərhad Səfərov
Saatlı rayon Cəfərxan kənd tam orta məktəbinin direktoru


Digər xəbərlər

0.34378385543823