Fuad Hacıyev üçün əlamətdar gün: ADBTİA Rektoru 60 yaşını qeyd edir

11:24 27-01-2022 | icon 1576
Fuad Hacıyev üçün əlamətdar gün: ADBTİA Rektoru 60 yaşını qeyd edir

Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Rektoru Fuad Hacıyevin ad günüdür.

Səbəbkar yubileyini - 60 yaşını qeyd edir. 

Xatırladaq ki, 27 yanvar 1962-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olan Fuad Hacıyev 1979-cu ildə 1 nömrəli kənd orta məktəbini bitirib.

1984-cü ildə M.V.Lomonosov adına Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu fərqlənmə diplomu ilə bitirib və “Mühəndis-texnoloq” ixtisasına yiyələnib. 1994-cü ildə isə ali siyasi təhsil alıb – Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (hazırkı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) fərqlənmə diplomu ilə bitirib və “politoloq” ixtisasına yiyələnib.

İdmanla məşğul olduğu müddətdə karate üzrə yaşıl kəmərə layiq görülüb. Karate üzrə SSRİ-nin mükafatçısı olub. Sərbəst güləş üzrə bir sıra uğurlar qazanıb.

Karyerasına istehsalatda mühəndis-texnoloq kimi başlayan Fuad Hacıyev Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində, müstəqillik dövründə Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətində məsul vəzifələrdə işləyib.

90-cı illərdə kommersiya ve sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2006– 2015-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışıb.

Aparat rəhbəri işlədiyi müddətdə Bakıda keçirilən bir sıra mötəbər yarışların, xüsusən Avropa Oyunlarının təşkili işlərində xidmətləri olub.

23 dekabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Fuad Hacı oğlu Hacıyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru təyin edilib.

Gənclər və İdman Nazirliyinin Kollegiya üzvü, eləcə də Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvüdür. 2021-ci ildə Avropa Ədalətli Oyunlar Hərəkatının münsiflər heyətinin üzvü seçilmişdir.

Fuad Hacıyevin gənclərlə iş sahəsində səmərəli fəaliyyəti, bədən tərbiyəsi və idmanın inkişafında müstəsna xidmətləri olub. Bu xidmətləri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən nəzərə alınaraq, 2 mart 2015-ci il tarixli Sərəncamı ilə gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətinə görə, 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni ilə təltif olunub.

11 fevral 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illiyi münasibətilə Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə ”Şöhrət” ordeni ilə təltif olunub.

Qeyd edək ki, son illərin ən uğurlu menecment yanaşması bədən tərbiyəsi və idman akademiyası ilə bağlıdır. Məhz Fuad Hacıyevin rəhbərliyində şəffaflıq, tələbkarlıq və keyfiyyət zənginliyi bu akademiyanı ölkəmizin müasir təhsil ocağına çevirib.


Digər xəbərlər

0.24602508544922