Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması ölkənin müasir tarixinin mühüm hadisəsidir

20:31 22-02-2022 | icon 1486
Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması ölkənin müasir tarixinin mühüm hadisəsidir

Ölkə başçısı Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident
Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük
əməyi vardır. Müasir Azərbaycanın quruculuğunda bu tandem mühüm əhəmiyyət kəsb
edir. Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa
müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə
genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini
açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur.
Vətənə sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyət Mehriban xanım Əliyevanın
ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdir.
Mehriban xanım Əliyevanın ölkənin birinci xanımı kimi fəaliyyət istiqamətlərinə baxsaq,
“Yumşaq güc” amilinin təcrübədə effektivliyinə bir daha əmin ola bilərik. Humanitar
sahədə uğurlu fəaliyyət göstərən Mehriban xanım Əliyeva 2017-ci ildən Azərbaycan
Respublikasının Konstitusiyasında təsbit edilən siyasi rəhbərlik funksiyasını da icra
etməyə başladı.
Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən
səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin
qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban xanımın
təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni
zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası
dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual
məsələləri də əhatə edir.
Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə
bağlı bir çox önəmli layihə və proqramlara start verilmişdir. Onların arasında “Yeniləşən
Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın
başlanması nəticəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya
yenidən tikilmişdir. Azərbaycanda təhsilin inkişafına böyük həssaslıqla yanaşan
Mehriban xanımın təşəbbüsü ilə Fond bütün ölkə ərazisində “Yeniləşən Azərbaycana
yeni məktəb” proqramı ilə yanaşı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə
dəstək” kimi proqramların icrasını da həyata keçirərək dövlət təhsil siyasətinin
reallaşmasında müstəsna əhəmiyyətə malik işlər görmüşdür. Bu layihələr həyata
keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla
təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilmiş,
təhsilin bütün ölkə ərazisində əlçatanlığı təmin edilmişdir. Təkcə 2020-2021-ci tədris
ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı,
Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi
inşa və əsaslı təmir olunaraq istifadəyə verilmişdir.
Qəhrəman şəhidlərimizin övladları, valideynləri və doğmalarına dövlətin diqqətindən
başqa Mehriban xanım Əliyevanın da xüsusi diqqəti və qayğısı olmuşdur. Bu
istiqamətdə fəaliyyət Heydər Əliyev Fondu vasitəsilə heç bir ictimai məlumatlandırma
olmadan həyata keçirilmişdir.
Mehriban xanım Əliyeva Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü,
həmçinin Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi də böyük işlər
görmüş, Azərbaycanda idman hərəkatının davamlılığına əvəzsiz töhfələr vermişdir. Yeni
istifadəyə verilən orta məktəb və məktəbəqədər müəssisələrin idman zalları ilə təchiz
olunması, futbol meydançalarının, yeni salınan parklarda mini stadionların, idman
qurğularının istifadəyə verilməsi, bölgələrdə və paytaxtda şahmat məktəblərinin, idman
komplekslərinin tikilməsi Azərbaycanda idman hərəkatının genişlənməsinə səbəb
olmuşdur. Gimnastika üzrə dünya kuboku yarışlarının, müxtəlif çempionat və turnirlərin,
Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə yüksək

səviyyədə keçirilməsi məhz Mehriban xanım Əliyevanın adı və yüksək təşkilatçılıq
qabiliyyəti ilə bağlıdır.
Pandemiya səbəbindən ölkəmizdə yaşanan böhran zamanı Mehriban xanım
Əliyevanın peşəkarlığı sayəsində idarətmədə güc birliyi təmin olunmuşdur. Onun
tapşırığına əsasən Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə ailələrin sosial
ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata
keçirilmişdir. Bakı və regionlardakı körpələr və uşaq evləri, internat məktəbləri, Uşaq
Psixonevroloji Mərkəzi, bütün sosial xidmət müəssisələri, o cümlədən pensiya yaşına
çatmış şəxslər üçün sosial xidmət müəssisəsi belə koronavirusla mübarizə tədbirləri
çərçivəsində dezinfeksiyaedici vasitələrlə, maskalar, digər qoruyucu vasitələr və zəruri
ehtiyaclarla mütəmadi təmin edilmişdir.
2020-ci ildə - Nəsimi ilində Mehriban xanım Əliyevanın ideyası və təşəbbüsü ilə böyük
Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min
ağac əkilmişdir. Bakıda IDEA-nın təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilati
dəstəyi ilə Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmiş və beynəlxalq ekspertlərin diqqəti
Azərbaycanda, eləcə də bütün Qafqazda biomüxtəlifliyin qorunmasına yönəldilmişdir.
Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya
çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində mümkün
olmuşdur. Mehriban xanım Əliyeva Azərbaycanın maddi və qeyri-maddi irsinin,
Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin
dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirmişdir.
Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil
edilərək qorunma altına alınmışdır. Məhz bunun nəticəsində dünya insanı Azərbaycanı
müasir və dinamik inkişaf edən ölkə, eyni zamanda, Azərbaycan xalqını öz tarixi
köklərinə bağlı olan multikultural və tolerant xalq kimi tanımağa başlamışdır.
Mehriban xanım Əliyevanın UNESCO-nun Xoşməramlı səfiri və ölkəmizin Birinci vitse-
prezidenti kimi 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü
sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması
tarixi hadisədir.
Mehriban xanım Əliyeva 2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və
milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə
UNESCO-nun, 2006-cı ilin noyabrında isə humanitar sahədə genişmiqyaslı fəaliyyətinə,
o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni
irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük
dəstəyə görə ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür.
Müxtəlif müsəlman ölkələrində xeyriyyə aksiyalarının keçirilməsi, müsəlman uşaqların
təhsili və sağlamlığı ilə bağlı davamlı layihələrin reallaşdırılması, həmçinin Bakının İslam
mədəniyyətinin paytaxtı olması önəmli təşəbbüs və vacib işlər kimi qeyd edilə bilər.
Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində
ölkəmizdə yeni məscidlər inşa etmiş, müqəddəs ziyarətgahların təmir-bərpa işlərini
həyata keçirmişdir. Bundan əlavə, Mehriban xanım Əliyeva yüz illər boyu Azərbaycanda
dost və qardaş şəkildə yaşamış müxtəlif dinlərin nümayəndələrinin mədəni
özünəməxsusluğunu qoruyub saxlaması, dini ayinlərini sərbəst yerinə yetirməsi üçün
ibadət evlərinin bərpası və inşası işində də öndə dayanmışdır. Mərdəkan qəsəbəsindəki
XVI əsrə aid “Pir Həsən” ziyarətgahında, Binə qəsəbəsindəki “Möhsün Səlim” və “İmam
Rza”, Gəncədəki “Həzrəti Zeynəb”, Buzovna qəsəbəsindəki “Cümə” və s. məscidlərdə
əsaslı təmir və bərpa işləri həyata keçirmişdir. Davamlı olaraq ölkəmizdəki müqəddəs
məkanları, dini ibadət yerlərini ziyarət edən Mehriban xanım Əliyeva bu nəcib fəaliyyəti
ilə ölkəmizdə dövlət-din münasibətlərinin daha yaxşı şəkildə qurulması işinə böyük töhfə
vermişdir.
Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən həyata
keçirilən “Təhsilə dəstək” layihəsi ölkə miqyasından çıxaraq, beynəlxalq humanitar

təşəbbüsə çevrilmişdir. Belə ki, layihə çərçivəsində ölkəmizdə həyata keçirilən
tədbirlərlə yanaşı, xarici ölkələrdə - Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası,
Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir
olunmuşdur. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələ nəticəsində
dağılmış təhsil ocağının əvəzində yeni orta məktəb binasının, Gürcüstanın Dmanisi
rayonunda yeni kompüter tədris mərkəzinin, Gürcüstanın Bolnisi rayonunun Həsən
Xocalı və Cəfərli kəndlərində yeni məktəb binalarının inşası, Gürcüstanın Marneuli
şəhərindəki Azərbaycan ümumtəhsil məktəbinin, Tiflisdəki M.F.Axundzadə adına orta
məktəbin, Qardabanidəki Azərbaycan məktəbi və Dmanisidəki Azərbaycan beynəlxalq
orta məktəbinin, Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki orta ümumtəhsil
məktəbinin binasının əsaslı təmir edilməsi belə layihələrdəndir.
Sağlamlığın qorunması istiqamətində beynəlxalq tədbirlər çərçivəsində Heydər Əliyev
Fondu Dünya Diabet Günü kampaniyasına qoşulmuş, əhalinin sağlamlığının qorunması,
xüsusilə uşaqların fiziki cəhətdən sağlam böyüməsinə lazımi səviyyədə diqqət
yetirilməsi üçün “Talassemiyasız həyat naminə” layihəsini başlamışdır. Bundan əlavə,
2010-cu ildə Heydər Əliyev Fondu və UNICEF-in birgə təşkilatçılığı ilə keçirilən anemiya
və talassemiya üzrə “dəyirmi masa”da bu istiqamətdə bir çox mühüm problemlər
müzakirə edilmişdir. Məhz bu xidmətlərinə görə Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə
Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil
qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində
müstəsna xidmətlərinə görə Mehriban xanım Əliyeva bu beynəlxalq təşkilatın ali
mükafatına layiq görülmüşdür.
Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Versal Sarayının
parkındakı ümumbəşəri abidələrin bərpası, Luvr Muzeyinin bərpası, İkinci Dünya
müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin bərpası, Romanın Villa
Borgeze parkında Nizami Gəncəvinin abidəsinin ucaldılması, Vatikanda Roma
katakombalarının bərpası, Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici
Ədəbiyyat Kitabxanasında Azərbaycanın görkəmli yazıçısı, filosofu və humanisti Mirzə
Fətəli Axundzadənin abidəsinin ucaldılması, Parisdə Azərbaycan Mədəniyyəti
Mərkəzinin yaradılması, Romada Kapitolini Muzeyinin “Filiosoflar zalı”nın təmiri və digər
ümumbəşəri layihələr icra edilmişdir.
Mehriban xanım Əliyeva öz fəaliyyətində dünyada sülhün qorunmasına, həmçinin
münaqişə ocaqlarında sülhün bərqərar olunması işinə də böyük önəm vermişdir. Məhz
Mehriban xanımın təşəbbüsü sayəsində UNESCO və ISESCO-nun dəstəyi ilə 2008-ci
ildə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”
beynəlxalq forumu ümumbəşəri mədəniyyətə, sülhün və əmin-amanlığın bərpa
olunmasına hesablanmış ən böyük addım olmuşdur. Ölkəmizdə bilavasitə Mehriban
xanım Əliyevanın təşəbbüsü nəticəsində “Azərbaycan: sivilizasiyalararası dialoqun
keçmişi və bu günü”, “Gənclər sivilizasiyaların alyansı naminə” mövzusunda beynəlxalq
konfranslar, “Dünya gənclərinin 4-cü məşğulluq sammiti”, BMT-nin Dövlət Xidmətləri
Forumu, habelə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi qlobal tədbirlər
uğurla keçirilmişdir.
Mehriban xanım Əliyevanın Azərbaycanın xarici siyasətindəki vacib missiyası
ölkələrarası dostluq münasibətlərinin qurulmasıdır. Bununla bağlı Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın Fransa, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin
birinci xanımları və ya dövlət idarəetməsində yüksək vəzifə tutan xanımları ilə keçirdiyi
görüşlər, əməkdaşlıq etdiyi müxtəlif platformalar xüsusi əhəmiyyət daşıyır. Mehriban
xanımın bu fəaliyyətini təkcə Azərbaycan dövləti deyil, bizimlə əməkdaşlıqda maraqlı
olan xarici ölkə başçıları da qeyd edirlər.
Xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanım Əliyevanın ölkə
daxilində həyata keçirdiyi humanitar missiyası dövlətimiz tərəfindən yüksək
dəyərləndirilmiş və Mehriban xanım Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər

Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülmüşdür. Xarici ölkələrin ali
dövlət mükafatları sırasında xüsusi olaraq qeyd etmək olar: Fransanın “Şərəf Legionu”,
Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın
“Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın
“Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal-e Pakistan”, Serbiyanın
“Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı, Rus Pravoslav Kilsəsinin II
dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun “Qızıl Motsart”
medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Krans Montana
Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya
Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə
görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı, Küveyt Dövlətinin
Fəxri diplomu, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək”
beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi
fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı, Rusiya
Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri
professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin
fəxri doktoru seçilmişdir.
Bütün bu qeyd edilən məsələlərə əsasən deyə bilərik ki, bu gün Mehriban xanım
Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq,
mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin
müzəffər lider portretini uğurla tamamlayır.
Ələddin Zeynalov
Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı


Digər xəbərlər

0.25969004631042