“Mən bunu təxribat kimi qəbul etmirəm” - Qurban Qurbanov

21:08 23-02-2022 | icon 1460
“Mən bunu təxribat kimi qəbul etmirəm” - Qurban Qurbanov

Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Marsel” matçından öncə mətbuat konfransı keçirilib.

Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov oyundan öncə baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 
 

- Dərhal hiss olunur ki, böyük ajiotaj var. Qış fasiləsindən sonra Azərbaycanda belə oyun keçirilməmişdi. Azarkeşlər də çox istəklidi. Hamısını başa düşürük. Bizə ümid etdiklərinə və güvəndiklərinə görə təşəkkür edirəm. Fransadakı oyundan əvvəl də demişdim ki, çox yaxşı baş məşqçisi və futbolçuları olan komandaya qarşı oynayırıq. “Marsel”in öz oyun oyun üslubu var. Rəqibin oyunlarını analiz etmişdik. Düşündüyümüzün çoxunu meydanda gördük və ona qarşı düzgün oyun qura bildik. Səfərdəki oyunda rəqibi daha yaxından tanıdıq və gücünü bildik. Çox istəyirəm ki, burada oradakı matçdan daha yaxşı oyun göstərək. Yaxşı oyunumuzla azarkeşlərimizin də istirahət etməsini düşünürük. Futbolçularıma inanıram, bunu edə biləcəyik. “Marsel” son oyunda uduzdu. Bizi daha da ciddiyə alacaqlar. Bu, istədiyimiz oyuna mane ola bilər. Ancaq istənilən halda futbolçularımın ən yaxşı oyunu göstərəcəyinə inanıram, bunu onlardan tələb edəcəm.

- “Qarabağ”ın mərhələ keçməsi üçün minimum 2-3 qol lazımdı. Bunun üçün nə etmək lazımdı?

- Çətin sualdı. Komanda ilə teoriyalarımızda bu haqda danışırıq. Bbiz daha böyük uğurlar əldə etmək istəyiriksə, əsas yolumuz olmalıdı. Bu da yaradıcı və hücum futboludu. Bunu tətbiq etməyə başlamışıq. “Qarabağ” və Azərbaycan futbolu üçün belə addım atmağı düşünmüşəm ki, futbolçularda özünəinam olsun, futbolçularda psixologiya dəyişsin. Biz hər oyunda qol vurmaq üçün oyuna çıxırıq. Futbolçularda belə psixologiya yaratmışıq. Bu da asan yol deyil. Bizim və Azərbaycan futbol üçün ən çətin yoldu. Ancaq biz qarşımıza belə məqsəd qoymuşuq. Böyük risklərə gedəcəyik. Çünki qarşımızda çox səviyyəli kollektiv var. Buna baxmayaraq, qollar vurmaq üçün bütün oyunlarda özümüzü hazırlayırıq. Sabahkı oyunda da bunu etməyə çalışacağıq. Nə qədər qol vurmaq istəyiriksə, qol buraxmamaq üçün də diqqətli olmalıyıq. Çox istəyirəm ki, azarkeşlərimizin inamını geri qaytaraq. Onlar futbolu sevir. Çox istəyirlər ki, komandaları, futbolumuz uğur əldə etsin. Bunun üçün bir yolumuz, xarakterimiz olmalıdı. Mübariz olmalıyıq. Bunu get-gedə təkmilləşdirib, sürətləndirəcəyik. Belə addımları daha ciddi rəqiblərə qarşı atanda, futbolçularda inam yaradanda, düşüncəmiz, işimiz daha da sürətlənəcək. Nə çatacaq, nə lazımdı.. Sabah “Marsel” yox, başqa rəqiblə oynayasaydıq da, yenə də eyni düşüncədə olacaqdıq. Sadəcə burada rəqibin buna nə qədər imkan verməsi və bizim onları nə dərəcədə buna məcbur etməyimizdən də asılıdı. 

- Luka Quqeşaşvili ilə sabahkı oyunla bağlə xüsusi söhbətiniz olacaq?

- Futbolçularımın səhvini açıq şəkildə müzakirə edib, onların üzərinə getməyi xoşlamıram. Lukanın üstün cəhəti onun soyuqqanlı olmasıdı. Texniki səhvlərdi və heç kim bundan sığortalanmayıb. Avropada elə qapıçılar, elə səhvlər edir ki, sadəcə bağışlanılmazdı. Sadəcə belə böyük oyunlarda nadir hallarda çıxış edirik deyə, səhvlər qlobal məsələyə çevrilir. Qapıçı ilə bir neçə dəfə söhbətim olub. Oyundan əvvəl də danışmışıq. Böyük potensialı olan qapıçıdı. Qapıçıya lazım olan hər bir cəhət var onda. Futbolçunun, idmançının inkişaf etməsi üçün stabil çıxış etməsi vacibdi. Lukanın elə qurtarışları var ki, alqışalayiqdı. Texniki səhvlərdi, elə səhvlərdi ki, onları istəkli məşq etməklə aradan qaldırmaq olar. İllərdi ki, avrokuboklarda oynayırıq. Təcrübə toplamışıq. Bəlkə onun da buna ehtiyacı var. Ona iradlarımı bildirmədim, çox üstünə getmədim. Sadəcə onu psixoloji cəhətdən oyuna hazırlaşmadırmaq istədim. İlk oyundan əvvəl də danışığımız olmuşdu. Belə oyunlarda bu cür səhvlər daha çox görünür. Çünki hamımız çox istəyirik ki, daha da uğurlu nəticə əldə edək. Rəqib “Marsel” olsa da, hamımız qalib gəlmək istəyirik. Bizim də elə vurduğumuz qollar olub ki, rəqibin ciddi xətalarından istifafə etmişik. Lukaya inanıram, güvənirəm. O da ən yaxşısını etmək istəyirik. Fikir edir. Qalib gəlmək üçün pay sahibi olmaq istəyir. İnanıram ki, səhvlər aradan qalxacaq. Qapıçıların səhvi daha çox görünür və müzakirə edilir. Dünya futbolunda da belədi. Üzərinə getmirəm, getməyəcəm də. Hər insanın xarakteri fərqlidi. Başqa tonda, başqa formada çalışacağıq ki, daha yaxşı səviyyəyə gətirib çıxaraq.

- Nəyə görə sabah hücum taktikasını seçmək istədiniz?

- Bayaq da dedim ki, təkcə sabah deyil, bütün oyunlarda oyun fəlsəfəmiz hücumda oynamaqdı, müdafiədə oturmaq deyil. Futbolçuda inam o vaxt yaranır ki, daha güclü rəqiblərə qarşı oyunda rəqibin üzərinə getsin. Bu zaman daha tez inkişaf edib, daha inamlı olurlar. Niyə müdafiədə oturub öz məqamlarımızı gözləmirik məsələsinə gəlincə, bizə qol vurmaq lazımdı, daha çox biz hücumda oynamalıyıq. Başa düşürəm niyə bu sualı verirsiz. Fransada bəzi komandalar müdafiədə oturaraq “Marsel”i məğlub edib və ya heç-heçəyə nail olur. Mən bu günü yox, gələcəyi düşünürəm. Gələcəkdə daha güclü, bərk komanda olmaq istəyirik.

- “Qarabağ”a qarşı Fransadakı təxribat komandaya nə dərəcədə təsir göstərdi?

- İnanın ki, buna zərrə qədər önəm vermədim. Dəfələrlə bildirmişəm ki, torpaqlarımız bizdə olmayanda rəqiblərdən ehtiyatlanırdıq. Məğlub olmaq istəmirdik, çox narahat olurdum. Qarabağ qaçqınları neçə illərdi ki, doğma torpaq arzusunda idilər və bizə baxıb fərəhlənirdilər. Onlara görə heç vaxt uduzmaq istəmirdim. Dəfələrlə də təxribat olub. Bu gün heç bir təxribat elə ciddi əhəmiyyət kəsb etmir. Azərbaycan xalqı, futbolçuları, komandası olaraq başı dik getmişik hər yerə. Torpaqlarımızın hamısı geri qayıdıb. Oradakı oyunda öz bayraqlarını göstərmələri, nə bilim. Bu, təxribat deyil. Kiçik bir şeydi. Heç bir narazılığım yoxdu. Bizim bayraqlarımız öz torpaqlarımızda ucalır. Bununla bizə heç nə göstərə bilməzlər. Bunu başa düşmürəm və qəbul etmirəm. Sabah bu meydanda bayraqlarımız 1-2 yox, onların sayı daha çox olacaq. Onda da hamımız başa düşəcəyik ki, buna təxribat demək olmaz. Belə şeylər mənə təsir etmir. Öz işimizi vicdanla yerinə yetirməyə çalışırıq.

- “Qarabağ” Marseldəki matçda qol epizodları yaratsa da, bundan istifadə edə bilmədi. İlk oyunla müqayisədə əsas heyətdə dəyişiklik olacaq?

- Avropadakı oyunların dinamikasında fərq böyükdü. Ola bilər ki, bəzi elementləri görürük, bəzilərini görmürük. Bu komandalara qarşı qol vurmaq heç də asan deyil. Çünki bu komandanın müdafiəçilərinin daha tez qərar vermələri, epizodlara müdaxilə etmələri oyunçularımızın qol vurmasına mane olur. Qapıçıların oyunun da qiymətləndirirəm ki, bəzi epizodlarda çox yaxşı oynayırlar. Bu səviyyədə futbolçularımın daha tez qərar verməsi, qol epizodlarında onlara mane olur. Qolların sayını çoxatlamaq üçün futbolçularımız bu tempdə daha çox oyunlar keçirməlidi. Bəlkə bunlar mane ola bilər. Bunu tezləşdirmək üçün futbolçularla fərdi işləmək lazımdı, ən başlıcası mövsüm boyu eyni səviyyədə oyunlar keçirmək ustalığı yaxşılaşdıra bilər. Bir neçə mövqe var ki, tam qərar verməmişəm. Bu gün və sabah səhər məşqimiz olacaq, qərar veriləcək. Abbas Hüseynov omikrona yoluxmuşdu, gec qoşuldu komandaya. Daha sonra zədələndi, oyun performasından uzaqlaşdı. Durumu pis deyil. Sabaha kimi vaxtımız var. Çox dəyişiklik etməyi xoşlamıram. Ola bilər 1-2 dəyişiklik olsun. Amma bir rəqibə qarşı hansı oyun üslubu qururuqsa, onun üzərində dayanıram. Fransadakı çatışmayan cəhətləri burada aradan qaldırmağa çalışacağıq. Futbolçularımın yanındayam həmişə. Futbolçularım hansı komandada oynadıqlarını dərk edirlər deyə, bəzi texniki səhvlərə göz yumuram. Bu gün olmadısa, sabah yaxşı  olacaq.


Digər xəbərlər

0.25841498374939