Erməni vandalizminin Xocalı izləri

10:59 28-02-2022 | icon 1349
Erməni vandalizminin Xocalı izləri

Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25- dən 26-na keçən gecə Xocalı
faciəsi kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq
normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı
motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək
azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər. Bu hərbi təcavüz zamanı Xocalı
ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə
amansızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən
106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində
təhqiredici hərəkətlərə yol verilmişdir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8
ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə
valideynlərinin birindən məhrum edilmiş, 487 dinc Xocalı sakini ağır yaralanmış və
1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək
məlum deyil. Qanlı Xocalı qırğınını törətməklə Dağlıq Qarabağın hüdudlarından
kənara çıxan Ermənistan Azərbaycana qarşı genişmiqyaslı təcavüzə başladı.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı 20 min vətəndaşımız
öldürüldü, 50 min nəfərdən çox adam yaralandı və əlil oldu, ölkəmizin ərazisinin 20
faizi işğal edildi. Xalqımız misli görünməyən humanitar fəlakətlə üz-üzə qaldı.
Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən
düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın "Memorial" hüquq-müdafiə
mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş
200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı
aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq)
məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir
ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb
olmuş,10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri
adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.
  Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə
erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir"
sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldı. Digər
Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, "4 mesxeti türkü və 3 azərbaycanlının
erməni qəbirinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini
çıxartdılar".
  Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata
keçirmişdilər. Onlarıın başının dərisini soymuş, başlarını və bədəninin digər
orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını

yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli
patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın
Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq
dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.
  Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız,
alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə
gətirmişdir.
Biz hamımız bir planetin sakinləriyik və bizim ümumi evimizi ölüm və qanla
hədələyən kəslərə qarşı qətiyyətli və birlikdə mübarizə aparmalıyıq.
Bu gün bu faciəylə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və
günahkarların layiqli cəzalandırılması istiqamətində ölkə başçısı cənab İlham
Əliyevin rəhbərliyi ilə həm ideoloji, həm mədəni, həm iqtisadi, həm sosial, həm də
digər sahələrdə hücum diplomatiyası uğurla həyata keçirilir .
Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyev Vətən
uğrunda şəhid olanların və soyqırımına məruz qalanların xatirəsinin yad edilməsini və
hər il anım mərasimlərinin keçirilməsini daim diqqət mərkəzində saxlayır.
Bu il Xocalı soyqırımından 30 il ötür. Bu faciənin dünyada soyqırım kimi
tanınmasında və haqq işimizin dünya ictimaiyyətinə çatdırılmasında bütün
Azərbaycan Respublikası ictimai-siyasi birliklər, ictimai təşkilatlar, türk-Azərbaycan
diaspor təşkilatları, tarixçilər, siyasi xadimlərlə yanaşı hər birimiz bu yolda öz
mübarizəmizi yorulmadan davam etdirməliyik.
Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin qətiyyətli iradəsiylə başlanmış İkinci Qarabağ müharibəsi Azərbaycan
dövlətinin inamlı qələbəsi ilə başa çatmışdır. Müzəffər Ali Baş Komandanın
rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı
göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan
torpaqlarımızı geri qaytardı. Bu haqq döyüşündə tarix yazan Azərbaycan ordusu
tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da
vardı. Tarixi qələbə qazanan ordumuz bu qətliamın günahsız qurbanlarının qisasını
aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi
rahatlığa qovuşdu.

Xəqani Məmmədov
Saatlı rayonu Şirinbəy kənd ibtidai məktəbinin direktoru


Digər xəbərlər

0.28672695159912