DTX-nin hərbi hospitalında beynəlxalq elmi konfrans keçirildi - Fotolar

19:56 15-03-2022 | icon 1568
DTX-nin hərbi hospitalında beynəlxalq elmi konfrans keçirildi - Fotolar

Martın 15-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi-tibb baş idarəsinin hərbi hospitalında “SARS-CoV-2 (COVİD-19) kompleks diaqnostikasına müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

120 nəfər müvafiq ixtisaslı həkimin əyani, 350-dən çox həkimin isə onlayn formatda qatıldığı konfransı giriş sözü ilə açan DTX-nin Hərbi-tibb baş idarəsinin rəisi tibb xidməti general-mayoru Rüfət Əliyev iştirakçıları salamlayaraq konfransın əhəmiyyətindən danışıb, ölkəmizdə səhiyyənin hər zaman dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayaraq bu önəmli sahədə həyata keçirilən məqsədyönlü islahatlardan və genişmiqyaslı tədbirlərdən, koronavirus infeksiyasının yayılmasının vaxtında qarşısının alınması istiqamətində atılan qabaqlayıcı addımlardan ətraflı bəhs edib.

 

Sonra çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi tibb xidməti general-mayoru Ceyhun Məmmədov belə mövzuda tədbirin keçirilməsinin vacibliyinə toxunaraq respublikamızda COVID-19-la mübarizə işinin səmərəli təşkili, infeksiyanın laborator diaqnostikasının düzgün və vaxtında aparılması üçün respublikamızda lazımi imkanların mövcudluğundan danışmış, konfransın təcrübə və fikir mübadiləsi aparmaq üçün əhəmiyyətli bir platforma olduğunu bildirib.

Daha sonra tədbir COVID-19 pandemiyasının və onun yeni növ ştamlarının ölkələrin epidemioloji durumunda köklü dəyişikliklərə səbəb olması, insan orqanizminə təsiri və doğurduğu fəsadlar, bu infeksiyanın laborator diaqnostikası, xəstəlik müddətində edilən müayinələrin təhlili, müvafiq istiqamətdə Türkiyə təcrübəsinin öyrənilməsi və mövzu ilə əlaqəli digər mühüm məsələlər ətrafında iştirakçıların çıxışları və panel müzakirələrlə davam edib.

Tədbirin yekununda iştirakçılar konfransın önəmli töhfələr verəcəyinə əminlik ifadə edib, belə tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini vurğulayıblar.


Digər xəbərlər

0.23392820358276