Novruz birlik,qardaşlıq bayramı,xalq şənliyidir

23:30 17-03-2022 | icon 1499
Novruz birlik,qardaşlıq bayramı,xalq şənliyidir

Novruz əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şən və
gözəl bayramlardan biridir. Qədim İran şəmsi təqvimi ilə fərvərdin ayının
birinci gününə, Qriqori təqvimi ilə mart ayının 21-22-nə və ya nadir
hallarda 23-nə düşür. Ölkəmizdə Novruz bayramı bir çox türk və
müsəlman ölkələrində, o cümlədən Orta Asiya respublikalarında və
Azərbaycanda qeyd edilir. Bir çox tədqiqatçılar Novruzun yaranma
tarixini, onun zərdüştlük və ya müsəlman mədəniyyəti ilə əlaqələrini
araşdırmış, əski mənbələrdə bir-birini təkzib və ya təsdiq edən müxtəlif
faktlar aşkar etmişlər. Lakin ümumi belədir ki, Novruzu konkret bir dinlə,
etiqadla bağlamaq düzgün deyil. Qədim dövrlərdən bəri xalqımız Novruzu
yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli
kimi rəmziləşdirmişdir.
Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq
deməkdir. Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Qədim
Vavilona da bu bayram nisanın (mart, aprel) 21-ci günü qeyd olunurdu və
12 gün davam edirdi. Bununla belə bu 12 günün hər birisinin öz ritualları
(mərasim, ayin), öz əyləncələri mövcud idi. İlk yazılı mənbədə qeyd olunur
ki, Novruz bayramı b.e.ə. 505-ci ildə yaranmışdır.
Novruz inanclarının əsasında insana, təbiətə həyat verən dörd ünsürün
- Suyun, Odun, Yelin (havanın), Torpağın isinməsi, "dirilməsi" durur. Odur
ki, Novruz şənlikləri təzə ilin başlanmasına, yəni martın 21-nə dörd həftə
qalmış keçirilməyə başlayır. Bu aya Boz ay deyirlər. Həmin ayın hər
çərşənbəsi təbiətin bir ünsürü ilə əlaqələndirilmiş və beləliklə, insanların
təsəvvüründə ilaxır çərşənbələr yaranmışdır. Əski inamlara görə bu
çərşənbələrin hər birində təbiətin dörd ünsüründən biri "dirilmişdir". İlin
Novruzdan əvvəlki dörd axır çərşənbəsi müqəddəs sayılır. Bunlar Su
çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi adlanır.
Birinci su çərşənbəsi adlandırılırdı. Yəni, bahara doğru çayların azacıq
buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa
başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına
çiləyərdilər, üzlərini yuyardılar.
İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-
yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün

hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına
bir dənə şam yandırardılar. Xonçalar düzəldilərdi.
Üçüncüsü yel çərşənbəsidir. Bəzi bölgələrimizdə çox əziz tutulur. Yəni
yel artıq azacıq oyanmış torpağı , təzəcə çıxmış yaza həsrət gülləri tərpədir,
tumurcuqlanan ağacları yellədir.
Axırıncısı torpaq çərşənbəsidir. Torpağı ana təbiət - Allahımız su ilə
islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də, ilk yaz əkinini
xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar.
Su və odla bağlı maraqlı ənənələr var. Azərbaycan bir odlar ölkəsi
kimi odla bağlı zəngin ənənələrə malikdir və bu su saflaşma, təmizlənmə
əlamətidir. Tonqallar qalanır və Novruzdan əvvəl axırıncı çərşənbə
yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən yeddi dəfə
tullanmalıdır, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın
hərəsinin üstündən bir dəfə. Tullanmaqla bərabər bu sözlər deyilir:
"Sarılığım sənə, qırmızılığın mənə". Tonqal heç vaxt su ilə
söndürülmür. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin
tonqalın külünü yığıb evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki,
tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə
birlikdə ailədən uzaqlaşdırılır.
Su ilə saflaşma isə suyun real əlamətilə əlaqədardır. Su ilə əlaqədar
olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar suyun
üstündən tullanmaqla, keçən ilin günahlarını yumuş olursan. Bundan başqa
bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl bir-birinin
üstünə su çiləyirlər. Deyilənə görə axırıncı çərşənbə gecəsi bütün axar sular
dayanır və hamı ona səcdə edir, hətta ağaclar da yerə əyilir. Əgər
təzə il axşamı hər kəs bu Sudan içərdisə, onlar Təzə ildə bütün
xəstəliklərdən uzaqlaşırdılar.
Çərşənbələrin içində ən vacibi axırıncı - axır çərşənbə axşamıdır və
əsas qəziyyələr onda başlanır. Həmin gün qədim ənənələrlə zəngin olur,
bütün həyat tərzini əhatə edən, təzə ilə xoş arzular, ailəyə səadət,
xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır. Bütün evlərdə
bayram süfrəsi açılır. Cürbəcür yeməklər, əsasən aş, şirniyyatlar: paxlava,
şəkərbura, şəkərçörək, şorqoğal, badambura və s. Bayram süfrəsində
bayram xonçasının olması vacibdir. Xonçanın ortasında səməni, hər ailə
üzvünə şam, boyadılmış yumurta qoyulur. Stolda yeddi növ yemək

olmalıdır. Həmin gün hamı öz evində olmalıdır, ancaq uşaqlar ata-
analarına baş çəkib, yenə də evə qayıtmalıdırlar.
Xalq arasında deyirlər: "Əgər bayram günü evdə olmasan, yeddi il
dərbədər olacaqsan". Bir qayda olaraq çöl qapıları bağlanmırdı. Təzə ilin
birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik
əlamətidir.
Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini - quru və
yaxud yağışlı, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə
Novruzun birinci gününü - yaz, ikinci - yay, üçüncü - payız, dördüncü
günü isə - qış sayırlar.

Ramiz Bayramov
Saatlı rayon Məmmədabad kənd tam orta məktəbinin direktoru


Digər xəbərlər

0.26062083244324