Azərbaycan Premyer Liqası: "Neftçi" 85 illik yubileyində "Qəbələ" ilə qarşılaşacaq

12:37 18-03-2022 | icon 1448
Azərbaycan Premyer Liqası:

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək.

İlk oyun günündə iki qarşılaşma keçiriləcək.

Turun açılış matçında "Keşlə" "Sumqayıt"ı qəbul edəcək. Paytaxt klubu 18 xalla 6-cı, "gənclik şəhəri" təmsilçisi 13 xalla 7-ci pillədə qərarlaşıb. Tərəflər indiyədək ölkə çempionatlarında 37 dəfə üz-üzə gəliblər. Bunların 17-də meydan sahibləri, 10-da qonaq qələbə qazanıb, 10 qarşılaşmada heç-heçə qeydə alınıb. Topların nisbətində də "Keşlə"nin üstünlüyü var - 54:38. Komandaların Premyer Liqadakı son 7 oyununda meydan sahibi olan tərəf qalib gəlməyib. “Keşlə” son üç ev matçında rəqibinə qol vura bilməyib.

Günün ikinci matçında son çempion "Neftçi" "Qəbələ"ni sınağa çəkəcək. "Ağ-qaralar" 34 xalla üçüncü, "qırmızı-qaralar" 33 xalla dördüncü sıradadır. Görüş komandaların çempionatdakı 54-cü dueli olacaq. Əvvəlki 53 oyunun 24-də paytaxt təmsilçisi, 16-da bölgə klubu meydanı 3 xalla tərk edib. Topların nisbəti də "Neftçi"nin xeyrinədir - 78:65. Premyer Liqadakı son 11 oyundur rəqibinə uduzmayan "Neftçi", ardıcıl 18 qarşılaşmada meydanı qolsuz tərk etməyib. Son 3 görüşdə isə heç-heçə qeydə alınıb. Qarşılaşma flaqmanın 85 illik yubileyinə təsadüf edir. Bu səbəbdən matçın başlama saatı rəmzi olaraq 19:37-yə təyin olunub.

Azərbaycan Premyer Liqası, XX tur

18 mart (cümə)

17:00. “Keşlə” – “Sumqayıt”
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“ASK Arena”

19:37. “Neftçi” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena”

Qeyd edək ki, tura martın 19-da keçiriləcək "Sabah" - "Səbail" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.


Digər xəbərlər

0.27073287963867