Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi

11:52 22-04-2022 | icon 1575
Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi

Aqillər deyib ki, xalqın, millətin nəyini əlindən alırsansa al, o,
yaşayacaqdır. Dilini əlindən alsan, o, milli varlığını itirər, yox olar. Bu, tarixin
ortaya qoyduğu bir həqiqətdir. Dil - millətin mənəviyyat bayrağı, milli mənlik
və qürurudur. Dil yoxdursa, xalq da yoxdur!
 
Tarixi minilliklərin sınağından, hakim rejimlərin işğalından, yadelli
təcavüzlərin təzyiqindən, yabançı dəblərin axınından, müxtəlif dillərin təsirindən
qalib çıxan, bu günümüzə qədər saflığını, təmizliyini, zənginliyini qoruyaraq gələn
dilimiz - Azərbaycan dili haqqında düşünərkən, bu dil haqqında əlimə qələm alıb
yazmaq istəyərkən gözlərimin önündə Dədə Qorqud, Nəsimi,Füzuli, Şah İsmayıl
Xətai, Molla Pənah Vaqif, Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, Üzeyir
bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı,
Mikayıl Müşfiq, Hüseyn Cavid, Aşıq Ələsgər, Şəhriyar canlanır. Bunlar
Azərbaycan söz sənətinin, Azərbaycan təfəkkür dünyasının, Azərbaycan dil
xəzinəsinin, Azərbaycan ictimai-siyasi fikrinin təməl daşları, bünövrəsi, ən dəyərli
inciləridirlər. Əlbəttə ki, bu siyahını davam da etdirmək olar. Azərbaycan
ədəbiyyatını, Azərbaycan ədəbi dilini yaradanların və onu milli varlıq kimi sonrakı
nəsillərə - bizlərə olduğu kimi çatdıranların hər birinə heç şübhəsiz, borcumuz və
ehtiramımız sonsuzdur. Çünki məhz onların sayəsində Anamızın-Azərbaycan adlı
cənnət vətənimizin doğma dili olan Azərbaycan dili əsrlərin keşməkeşlərindən alnı
açıq, üzü ağ çıxaraq mükəmməl, şirin, axıcı, işlək və zəngin bir dilə çevrilmişdir.
Yuxarıda sadaladıqlarım Azərbaycanın böyük mütəfəkkirləri, ədəbiyyat
tariximizin nəhəngləri, şair və yazıçıdırlar.Lakin mən bu sıraya bir ismi də əlavə
etmək istəyirəm. Düzdür, o nə şairdir, nə yazıçıdır, nə də dilçidir. Onun şeirləri,
romanları, hekayələri yoxdur. Bir sözlə, o əlinə qələm alıb əsər yazmayıb. Lakin o,
ən istedadlı yazıçının, şairin belə yarada bilməyəcəyi, qüdrətli bir əsər yaradıb. Bu
misilsiz əsərin adı - Azərbaycan, yazarı, banisi və yolgöstərəni isə xalqının çox
haqlı olaraq ulu öndər adını verdiyi Heydər Əlirza oğlu Əliyevdir.
Bir az əvvəl yuxarıda qeyd etdim ki, dilimiz haqqında yazmaq istəyərkən gözlərim
önündə simalar canlanır. Bu mövzunu düşünərkən yaddaşımın səhifələrində yer alan fikirlər,
toxunmaq istədiyim məsələlər, qısacası dilimizin dünəni, bu günü və sabahı haqqındakı kiçik
qeydlərim məni bu yazıya məhz Heydər Əliyev kontekstində yanaşmağa çağırır. Mən də
ürəyimin səsinə qulaq asaraq yola çıxıram...
Ölkəsinin başı üzərində qara buludların dolaşdığı, xalqının ölüm-qalım sualıyla
qarşılaşdığı, torpaqlarının düşmən tapdağı altında qaldığı bir zamanda bir Simurq quşu kimi
qanadlarını açaraq Vətəninin səmasında görünən Heydər Əliyev, ona doğru uzanan
milyonlarla Azərbaycanlının ümidsiz əllərini öz qüdrətli əlləriylə tutdu, onu çağıran, onu
səsləyən milyonlarla azərbaycanlının həyəcanlı səsinə öz güclü səsiylə səs verdi. Qarşısındakı
bütün sədləri, maneələri öz dərin zəkasıyla, iti ağlıyla, ancaq nadir şəxsiyyətlərə xas olan
parlaq istedadıyla, ən əsası isə xalqına və Vətəninə bəslədiyi tükənməz sevgisiylə, doğulub
böyüdüyü torpağa sədaqəti və bağlılığıyla aşaraq, müstəqil Azərbaycanı yaratdı.

Dilin zaman-zaman hərtərəfli inkişaf etməsi və zənginləşib dolğunlaşması, tarixi
şəxsiyyətlərin, qüdrətli dövlət başçılarının adı ilə də sıx bağlıdır. Ümummili lider
Heydər Əliyev belə tarixi şəxsiyyət idi.
Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunmuş
Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qəbul edilmişdir. 
"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi" haqqında Azərbaycan Respublikası
prezidentinin 2001-ci il 18 iyun tarixli fərmanı və Nazirlər Kabinetinin 25 iyun 2001-ci
il tarixli 113 saylı sərəncamı ölkənin təhsil sistemində dövlət dilinin - Azərbaycan
dilinin tədrisi və latın qrafikasının tətbiqi sahəsində icra üçün direktiv hüquqlu
normativ sənəd kimi qəbul edilmişdir.
Müstəqilliyimizin 10-cu ildönümünə həsr olunmuş mərasimdə Ümummilli Lider
demişdir: "Bu on ildə bizim ən böyük nailiyyətlərimizdən biri Azərbaycan dövlət
dilinin, ana dilinin hakim olmasıdır. Biz bütün dünyaya nümayiş etdiririk ki, dünyada
Azərbaycan xalqı var, Azərbaycan milləti var, Azərbaycan dili var".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dahi rəhbərin dil siyasətini də
uğurlu davam etdirir, Dövlət Dil Komissiyasının rəhbəri kimi dilimizə dövlət
səviyyəsində diqqət və qayğı göstərilir. 
Respublika Prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasının 70 illik yubileyinə
həsr olunmuş ümumi yığıncaqda demişdir: "Əsrlər boyu Azərbaycan xalqını bir xalq
kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz
və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki fəaliyyətimizin əsasında
Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, bir millət kimi qoruyub...
Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyacı yoxdur. Biz
əsrlər boyu dilimizi qorumuşuq, bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin
saflığını təmin etməliyik. Digər tərəfdən, gənc nəsil imkan verməməlidir ki, ana
dilimizə yad kəlmələr daxil olsun. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və
gələcək nəsillərə əmanət kimi təhvil versək, bu bizim bu sahədəki ən böyük
nailiyyətimiz olacaqdır."
Ötən əsrin 70-ci illərində respublikanın iqtisadi, ictimai-siyasi və mədəni ideoloji
həyatında böyük dönüş yaradan ulu öndər Heydər Əliyev dil məsələsinə də böyük
önəm verirdi. Ölkə başçısı ana dilinin inkişafı ilə əlaqədar fəaliyyətini bir neçə
istiqamətdə qururdu. Bunlardan birincisi, heç şübhəsiz ki, Ulu Öndər bu sahədə
həmişə şəxsi nümunə olmuşdur.
Ümummilli Lider 1970-ci ildə Bakı Dövlət Universitetinin 50 illiyi münasibətilə
keçirilən təntənəli yığıncaqda ana dilində çıxış etdi. Dahi rəhbərin ana dilinə verdiyi
qiymət, bu dilin inkişafı, yayılması, böyük ictimai-siyasi mövqeyə malik olması üçün
gördüyü işlər cəmiyyətdə milli şüurda həmişə öz təsir gücünü saxlayırdı. 
Ulu öndər Heydər Əliyevin qətiyyətli və prinsipial mövqeyi, ciddi səyi nəticəsində
keçmiş SSRİ-nin 1978-ci ildə qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili
dövlət dili kimi təsbit olunmuşdu. O zamankı reallıqla belə bir qərarın qəbulu xalqımız
üçün kifayət qədər ciddi bir hadisə idi. 
Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev 70-ci
illərin əvvəllərindən dil sahəsində başladığı islahatları uğurla davam etdirdi.
Ümummilli Lider gənc nəslin ana dilini düzgün, hərtərəfli və elmi əsaslar zəminində
mənimsəməsini tövsiyə etmişdi: "Öz dilini sevməyən adam öz tarixini bilə bilməz.
Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Füzulini oxuya bilməz. Cəlil
Məmmədquluzadəni oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi
bilməyəcək, bizim mədəniyyətimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər
olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaq".

Qayayeva Xədicə
Fətəlikənd kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi


Digər xəbərlər

0.30125594139099