“Beh göndərdiyimiz adam “Getcontact”da “Fırıldaq” çıxdı”

07:42 25-04-2022 | icon 2073
“Beh göndərdiyimiz adam “Getcontact”da “Fırıldaq” çıxdı”

“Bina.az saytında saxta elanlar yerləşdirməklə insanları aldadır, pullarını mənimsəyirlər”.

Bu iddianı İctimai TV-nin əməkdaşı Xəyalə Əziz bildirib.

 

Onun sözlərinə görə, sözügedən elan saytındakı bir kirayə mənzillə maraqlanıb:

“Təcili ev axtardığımıza görə, elanlar arasında bu təklif bizi qane etdi və nömrə ilə əlaqə saxladıq. Bizdən öncə bir ailə ilə danışdığını, cavab gözləməyimizi xahiş etdi. Gözlədik, daha sonra digər ailənin qısamüddətli qalmaq fikri olduğundan onlarla razılaşmadığını, evi bizə kirayə vermək istədiyini bildirdi. Bu gün saat 19:00-da isə görüşüb, evlə tanış olacaqdıq. Ev əlimizdən çıxmasın deyə, hətta dünən görüşüb, baxıb, ödənişi edə biləcəyimizi bildirdik. Gecə növbəsində olduğunu, işin yalnız bu gün alınacağını bildirdi. Amma evin elanlarını saytdan yığışdırmaq üçün öncədən 100 manat beh istədi. Birbank vasitəsilə “Huseynov Ramin Ilqar oglu” adına bank hesabına 100 manat köçürmə etdik. Hər şey bundan sonra başladı.

Daha sonra atası xəstələndi, buradan Şirvana getməyə pulu olmadı, bir daha 100 manat yollamağımızı rica etdi. Yaxşı ki, yanımızda dostlarımız var idi və bunu etməyə icazə vermədilər. Ondan sonra məsələni araşdırmağa başladıq. Deməli, elan üçün yerləşdirilən nömrə “Getcontact”da “Fırıldaq” kimi qeydə alınıb. Məsələ, 100 manatda deyil, düşündük ki, bu fırıldaqçı bizdən şəxsiyyət vəsiqəmizi istəyibsə, bəlkə eyni qayda ilə başqasına da həyat yoldaşımın vəsiqəsini yollamaqla aldatmağa çalışacaq. Ona görə şəxsiyyət vəsiqəsinin sahibini tapmağa çalışdıq. Tapdıq”.

X.Əziz bildirib ki, bu nömrə Taleh Mustafayev adlı şəxsə aiddir: “Özü ilə şəxsən danışmışam və səs yazımız da var. Əvvəlcə mədəni formada bildirdim ki, sizin şəxsiyyət vəsiqənizdən istifadə edilərək bina.az saytında elan yerləşdirilib. Səs dünənki səsdir, amma birbaşa ittiham edə bilməzdim. Bunu yuxudan durmuş və heç həyəcanlanmayan bir səslə qarşıladı.

Bildirdi ki, dünən şəxsiyyət vəsiqəsini bir nəfərə yollayıb. Həmin adamın kim olduğunu soruşduqda, başladı söhbəti fırlatmağa. Anladım ki, artıq onun birbaşa barmağı var və ya fırıldaqçılıqdan xəbərdardır. Məsələni polisin araşdırdığını və cinayət məsuliyyətinə cəlb olunacağını bildirdim, vecinə də almadı”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, polisə daxil olmuş müraciət araşdırılır.

 

 

Digər xəbərlər

0.25384998321533