“Sərhədçi” “Bakı” kubokunun qalibi oldu - Fotolar

18:52 01-06-2022 | icon 1794
“Sərhədçi” “Bakı” kubokunun qalibi oldu - Fotolar

“Sərhədçi” Peşəkar İdman Klubunun voleybol komandası “Bakı” kubokunun qalibi olub. Onlar finalda “Azərreyl”lə 2:0 hesabı ilə qalib gələrək kuboka sahib çıxıblar.

Azərbaycan Voleybol Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 11 qız komandası mübarizə aparıb. Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunan yarış olimpiya sistemi ilə keçirilib.

 

İlk görüşdə NYUQA komandası üzərində qələbə qazanan “Sərhədçi” 1/4 finala adlayıb. Burada onların rəqibi “Xətai” komandası olub. Favorit olduğunu sübut edən “sərhədçilər” bu dəfə də rəqibini 2:0 hesabı ilə üstələyib. Yarımfinalda isə “Abşeron” komandasına eyni hesabla məğlubiyyətə uğradan “Sərhədçi” finala vəsiqəni təmin edib.

Həlledici görüşdə isə onlar favoritlərdən olan “Azərreyl”lə qarşılaşıb. Rəqibini tam üstələyən “Sərhədçi” 2:0 (25:13, 25:16) hesablı qalibiyyəti bayram edib.

Qalib komandaya kubok, medal və diplomlar verilib. Onlara mükafatları “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəisi polkovnik Elşən Mirzəyev və “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəis müavini polkovnik, “Sərhədçi” Peşəkar İdman Klubunun prezidenti Firdovsi Umudov təqdim ediblər.

Görüşdən sonra “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəis müavini, “Sərhədçi” Peşəkar İdman Klubunun prezidenti Firdovsi Umudov fikirlərini bildirib: “Komandamız yeni yaranmış gənc komandadır, heyəti yeniyetmələrdən ibarətdir. Qısa müddətdə uğurlu olmağı bacardıq. Rəhbərlik tərəfindən daim bizə etimad göstərildi, uğur qazanmaq üçün şərait yaradıldı. Dövlət Sərhəd Xidmətinin rəhbəri, general-polkovnik Elçin Quliyevin göstərişi ilə bütün lazımi işlər görüldü. Nəticə göz önündədir və bu gün kuboku qazandıq. Bilirsiz ki, ölkəmizdə idmana və idmançılara böyük diqqət və qayğı göstərilir. Ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən çox yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bizim də məqsədimiz böyükdür. Təkbətək idman növlərindən əlavə kollektiv idmanda da uğurlarımız olub. Voleybolda bu nailiyyətləri görmüşük. Biz də istəyirik ki, “Sərhədçi” komandamız gənc olmasına baxmayaraq böyük uğurlara imza atsın. Bu gün qızlarımız yüksək əzmkarlıq göstərdilər, qalib gəldilər. İstəyirik ki, uğurlarımızın davamı gəlsin. Bizə göstərilən etimadı doğrultmaq üçün çalışırıq”.

 

 











Digər xəbərlər

0.27928400039673