“AzerGold” QSC ilk dəfə qızıl mədənində rekultivasiya işlərinə başlayıb

12:01 06-06-2022 | icon 1550
“AzerGold” QSC ilk dəfə qızıl mədənində rekultivasiya işlərinə başlayıb

“AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən “Ağyoxuş-1” qızıl mədənində rekultivasiya işlərinin icrasına başlanılıb.

QSC-dən bildirilib ki, istehsalat, əməliyyat, hasilat və fəaliyyətinin digər istiqamətlərində hər zaman ətraf mühitin mühafizəsi məsələlərini prioritet tutan “AzerGold” ilk istismarı tamamlanmış mədəndə texniki və bioloji bərpa işlərinə başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən yataq üzrə təsdiqlənmiş rekultivasiya planının birinci mərhələsi çərçivəsində mədənin boş süxur anbarı ərazisində əvvəlcə texniki rekultivasiya işləri icra edilib, ərazinin münbit torpaq qatı bərpa edilib, yamacbərkitmə və səth axınlarının idarə olunması məqsədilə yamaclarda terraslar yaradılıb. Daha sonra bioloji rekultivasiya işləri həyata keçirilərək ərazidə yaşıllaşdırma işlərinə başlanılıb. Layihə planının növbəti mərhələləri çərçivəsində isə mədəninin digər hissələrində hasilat zamanı pozulmuş torpaqların bərpası üzrə işlərin davam etdirilməsi nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, bu ölkənin dağ-mədən sahəsində istismari tamamlanmış qızıl mədəni ərazisi üzrə ilk rekultivasiya layihəsidir.

5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində başlanılan rekultivasiya işləri çərçivəsində “AzerGold” QSC və Cəmiyyətin podratçı şirkətinin ümumilikdə 50 nəfərdən çox əməkdaşının iştirakı ilə sözügedən mədən ərazisində iməcilik aksiyası təşkil edilib. Münbit torpaq qatı bərpa edilən ərazidə 600 ədəd eldar şamı, 200 kiloqram yonca və 10 kiloqram qoz toxumu əkilib, ağac və bitki toxumlarına aqrotexniki qulluğun göstərilməsinə başlanılıb.

Xatırladaq ki, “AzerGold” QSC Korporativ Sosial Məsuliyyət siyasətinə uyğun olaraq hasilat işləri həyata keçirdiyi bölgələrdə yerli əhalinin hərtərəfli dəstəklənməsi üçün sosial-iqtisadi yönümlü tədbirlərlə yanaşı, ətraf mühitin mühafizəsi məqsədilə davamlı olaraq kütləvi tədbirlər, o cümlədən, iməcilik, ağacəkmə və digər yaşıllaşdırma aksiyaları təşkil edilir. Bu günədək Çovdar mədəninin 15 hektardan çox ərazisində yerli şəraitə uyğun 10 mindən artıq ağac və kol bitkisi əkilib, yaşıllıqlar salınıb. Bundan əlavə, təqribən 40 hektara yaxın ərazinin yaşıllaşdırılmasında istifadə edilməsi məqsədilə gələcəkdə salınacaq palıd tingliyi üçün 100 mindən çox toxum əkilib və aqrotexniki qaydalara uyğun olaraq daimi qulluqla təmin edilir.


Digər xəbərlər

0.24457216262817