Müstəqilliyimizin memarı- Ulu öndər Heydər Əliyev kursuna sadiqlik

19:01 14-06-2022 | icon 1676
Müstəqilliyimizin memarı- Ulu öndər Heydər Əliyev kursuna sadiqlik

Tarixin yazılmasında, qələmə alınmasında tarixiçilərin böyük əməyi olduğu kimi,
tarixi hadisələrin ərsəyə gəlməsində də tarixi şəxsiyyətlərin rolu böyükdür. Tarixdə bəzi
insanlar var ki, onların adları bir xalqın adına bərabərdir. Xalqının adını çəkəndə ilk ağıla
məhz o şəxsiyyətlər gəlməkdədir. O tarixi şəxsiyyətlər isə öz adlarında bütün bir xalqı
ehtiva edə bilir. Ən maraqlı məqam odur ki, dünyada baş verən hadisələrdən və
dəyişikliklərdən asılı olmayaraq bu adamlar hər zaman aktual olur. Ulu Öndər Heydər
Əliyev fenomeni bir çox elmi araşdırmanın, ədəbi, bədii əsərlərin mövzusudur. Müasir
Azərbaycan tarixini öyrənmək və bu sahədə mövqe ortaya qoymaq istəyən hər bir alim
mütləq Heydər Əliyev fenomenini öyrənməlidir. Yalnız siyasətçi kimi deyil, Heydər
Əliyev fenomeni adi vətəndaşdan, ali dövlət xadiminə qədər geniş bir spektrdə
dəyərləndirilməli olan tarixi şəxsiyyətdir. Müasir Azərbaycan tarixində Ulu Öndər Heydər
Əliyev mövzusu bəlkə də ən çox araşdırılan mövzudur. Lakin müasir dövrdə baş verən
yeniliklər əsas verir ki, yeniliklərin fövqündə bir daha geriyə qayıdaraq Ulu Öndər siyasi
kursuna nəzər yetirilsin. Ulu Öndər Heydər Əliyevin nümunəvi həyat və fəaliyyətinin
təbliğata ehtiyacı olmadığını hər birimiz bilirik. Lakin o qədər böyük və dəyərli bir xidmət
nümunəsidir ki, öyrənmək hər birimiz üçün vacibdir.
Heç şübhəsizdir ki, bugünün müstəqil Azərbaycan Respublikasının əsası hələ çox
illər əvvəl Ulu Öndərin ağlında və zehnində Sovetlər İttifaqı zamanında qoyulmuşdur.
Ulu Öndər həm Azərbaycana rəhbərlik edərkən, həm də Moskvada rəhbər vəzifələrdə
çalışarkən sanki gələcək müstəqil dövlətimizin təməl daşlarını bir-bir düzürdü. Onun
rəhbərliyi altında hələ müstəqillik illərinə qədər böyük işlər görülmüşdür. Ulu Öndər
Heydər Əliyevin sərt sovet rejimi daxilində azərbaycanlı kimliyinin qorunub
saxlanmasında, Azərbaycan dilinin mühafizəsində və milli özünüdərk prosesində
müstəsna xidmətləri olmuşdur. Onlarla şair, alim, sənət adamı, din və dövlət xadimi sərt
və ədalətsiz sovet rejiminin məngənəsindən xilas edilərək gələcək müstəqil Azərbaycan
Respublikası üçün qorunmuşdur. Elə eyni dövrlərdə minlərlə Azərbaycan gəncinin
ittifaqin müxtəlif  ali təhsil ocaqlarına göndərilməsinin özü belə müasir dövlətçiliyimizin
əsası üçün zəmin idi. Milli kadrların formalaşdırılması, onların ittifaq çərçivəsində irəliyə
çəkilməsi gələcəyə qoyulmuş mənəvi kapital idi. Təsadüfi deyil ki, müasir dövlətçiliyimiz
məhz o dövrdə mərhum Heydər Əliyev tərəfindən yetişdirilmiş gənclərin xidmətləri
sayəsində bugünkü əzəmətinə nail ola bilmişdir.
Ulu Öndər Heydər Əliyevin fəaliyyəti çoxşaxəli və çoxtərəflidir. Müstəqillik illərində
dövlətimizin dayaqlarının möhkəmləndirilməsi, atəşkəsin əldə olunması, “Əsrin
Müqaviləsinin” imzalanması və əlbəttə, ordu quruculuğu əldə olunan bütün uğurların
təməlində dayanan səbəblərdir. Əgər vaxtı ilə doğru strateji addımlar atılmasa idi,
bugünkü qələbəmiz üçün hüquqi, hərbi və iqtisadi əsaslar olmazdı. Dünya ölkələrinin
ölkəmizə və təbii ehtiyyatlarımıza olan maraqlarının düzgün proqnozlaşdırılması və
doğru qiymətləndirilməsi bizə böyük mənfəətlər gətirmişdir. Yalnız iqtisadi mənfəətlər
deyil, qüdrətli dünya dövlətlərinin maraqlarının milli maraqlarımıza tabe edilməsi, onların
iqtisadi maraqlarının siyasi mövcudluğumuzu təmin etməsi Ulu Öndər Heydər Əliyevin
uzaqgörən siyasətinin məhsuludur.

Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması, getdiyi hər ölkədə əlində
Azərbaycan xəritəsi, Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsninin doğru ifadəsi,
tarixi torpaqlarımızın hüquqi sənədlərlə xalqımza məxsusluğunun sübutu Heydər Əliyev
zirvəsinin diplomatik zəfərlərindəndir. Birmənalıdır ki, Ulu Öndər Heydər Əliyevin
müxtəlif zirvə və görüşlərdə qəti mövqeyi bugün əldə etdiyimiz qələbənin əsasını təşkil
edir. Təsadüfi deyil ki, düşmən ölkənin rəhbərliyi dəfələrlə vaxtı ilə Ulu Öndərə uduzulan
diplomatik “döyüşlərin” nəticəsində İkinci Qarabağ zəfərinin hüquqi bazasının
formalaşdığını ifadə edirlər. Cənab Prezident İlham Əliyev Ulu Öndərdən aldığı zəfər
bayrağını Şuşaya taxmaq üçün dünya birliyinin etimadı və hörmətini qazanaraq nəticə
əldə edə bilmişdir.
Ulu Öndər Heydər Əliyev müdrik şəxsiyyətdir. O hər kəsin görə bilmədiyi zərurətləri
görmək iqtidarında olan bir lider idi və 1994-cü ildə ölkəmizin hərbi, siyasi, iqtisadi
cəhətdən bir çox problemi olan bir vaxtda gənclərin problemlərini dilə gətirmiş və onların
həlli ilə bağlı ciddi addımlar atmışdır. Gənclər və İdman nazirliyinin yaradılması, gənclər
forumlarının keçirilməsi, gənclər təşkilatlarının yaradılması, onların
maliyyələşdirilməsinin  əsasının qoyulması, gənclərin yüksək vəzifələrə irəli çəkilməsi,
onlara etimad göstərilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Yeni ali
tədris ocaqlarının yaradılması, tələbələrə təqaüdlərinin verilməsi, tələbə
yataqxanalarının bərpası və Azərbaycan gənclərinin dünya sferasında təmsil olunması
məhz Ulu Öndərin adı ilə bağlıdır. Gənc nəslin vətənpərvər ruhda yetişməsi, təlim-
tərbiyəsi, faydalı vətəndaş kimi formalaşması xalqının gələcəyi naminə Ulu Öndər
tərəfindən atılan vacib addımlardandır.
Biz qısa zamanda dövlətimizi inkişaf etdirərək regionun və dünyanın siyasətinə
müəyyən mənada təsir imkanlarına malik beynəlxalq münasibətlərin faktoruna
çevrilməyi bacarmışıq. Dünyanın müasir tələblərinə elə müasir menecment üsul-
idarəetmə ilə cavab verən dövlətçiliyimizin əsasında Ulu Öndər Heydər Əliyevin siyasi
kursu dayanır. Əsası illər öncə qoyulmuş bu siyasəti incələdiyimiz zaman görürük ki, bu
siyasət hələ də aktualdır və günümüzün tələblərinə uyğundur. Bu amillər Ulu Öndər
Heydər Əliyev fenomenini “ölümsüzləşdirən” başlıca məqamdır. Onun ideyaları,
yanaşmaları və düşüncələri həmişə yaşardır.
Son illər ölkəmizdə bütün sahələr üzrə islahatlar aparılmaqdadır. İslahatlar kursu
dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsinin təzahürüdür. Hər sahədə aparılan
islahatlar öz nəticələrini verməkdədir. Belə ki, atılmış addımlar büdrəyən sahələrin
yenidən canlanmasına səbəb olur. Kadr və əhalinin sosial müdafiəsi sahəsində həyata
keçirilmiş və nəzərdə tutulan islahatların müsbət nəticələri xalq-iqtidar birliyinin
möhkəmlənməsinə və milli birliyimizin güclənməsinə xidmət edir.Güclü dövlətçiliyimiz
Heydər Əliyev siyasi kursuna sadiqdir və onun davamıdır. Ümummilli Liderimizin “Şah
əsərim” dediyi Azərbaycan Respublikası forma olaraq öz idarəçilik üslübunu bugünün
tələblərinə uyğunlaşdırsa da, məzmun olaraq Ulu Öndər Heydər Əliyevin yolundan bir
addım belə kənara çıxmamışdır. Onun xilaskar missiyası hər zaman xalqımz tərəfindən
böyük ehtiramla yad edilməkdədir.
Ulu Öndər Heydər Əliyev eyni zamanda da Qafqazın ən böyük ictimai-siyasi hərəkatı
olan Yeni Azərbaycan Partiyasının yaradıcısıdır. YAP Azərbaycan cəmiyyətinin sosial
müdafiəçisidir. Ulu Öndərin adına və xalqının qarşısında olan xidmətlərinə layiq siyasi
davranışlar sərgiləyən doğma partiyamız hər zaman cəmiyyətimizə nümunə
olmaqdadır. Dövlətçiliyimizin idarəçiliyində həyata keçirilən və müsbət nəticələr verən
islahatlar kursu hakim partiyada da tətbiq edilməkdədir. Tətbiq olunan müasir, inkişafa
meyilli islahatlar YAP-ın tərəqqisinə daha böyük təkan verəcəkdir.

Ulu Öndər ordumuzun da təməlini qoymuşdur. O ordunun ki, zəfərimizin əldə
olunmasında müstəsna rolu var. Ulu Öndər Azərbaycana dahi sərkərdə, Ali Baş
Komandan və Ali Baş Diplomat bəxş etmişdir. Şuşanın işğaldan azad olunduğu gün
cənab Ali Baş Komandanın Ulu Öndərin əbədi istirahətgahına gedib, ilk bu xəbəri
onunla paylaşması bir daha sübut edir ki, əldə etdiyimiz bütün uğurların əsasında məhz
Heydər Əliyev siyasi kursu və onun layiqli davamçısı cənab İlham Əliyevin dəmir iradəsi
dayanır.
Ramiz Bayramov
Saatlı rayon Məmmədabad kənd tam orta məktəbinin direktoru


Digər xəbərlər

0.27189207077026