Qubada sahilbərkitmə və bəndvurma işlərinə başlanılıb

16:26 17-06-2022 | icon 1553
Qubada sahilbərkitmə və bəndvurma işlərinə başlanılıb

Cari ildə təsərrüfat sahiblərini fasiləsiz suvarma suyu ilə təmin etmək məqsədi ilə Quba Suvarma Sistemləri idarəsi tərəfindən lazimi tədbirlər görülüb.

Belə ki, rayon ərazisində suvarılan 26033 hektar sahənin suvarılmasını təmin edən kanallar lil və kol-kosdan təmizlənib.

Eləcə də hidrotexniki qurğular təmir edilib. 

Quba Suvarma Sistemləri idarəsinin baş mühəndisi Samir Məmmədhüseynov bildirib ki, əhalini fasiləsiz və dayanıqlı suvarma suyu təmin etmək məqsədi ilə idarənin maşın və mekanizmlər vasitəsilə kanalların lildən təmizlənməsi tədbirləri həyata keçirilir. 2022-ci il istismar tədbirlər planına uyğun olaraq rayon ərazisindəki təsərrüfatlarda və təsərrüfat arası kanallarda ümumilikdə 202.4 kubmetr həcmində lildən təmizləmə tədbirləri görülmüş və hazırda bu işlər davam etdirilir. Suvarma mövsümünə hazırlıq məqsədi ilə idarənin balansında olan hidrotexniki qurğulara və subartiziyan qurğularına baxış keçirilib, cari təmir işləri aparılaraq mövsüm üçün saz vəziyyətə gətirilib. Artıq əkin sahələrində  suvarma operativ şəkildə davam etdirilir. 

Görülən tədbirlər nəticəsində sahələrini vaxtında suvara bilən fermerlərin həm əkinçiliyə, həm də meyvəçiliyə marağı daha da artıb. 

Fermer Bahadur Dostuyev qeyd edib ki, ilk növbətə su olmalıdır ki, məhsul bol olsun. Verilən dərman da ağaclara təsir göstərsin. Susuz heç nə mümkün deyil. Artıq su olduğu üçün bizdə də həvəs oyanır və əminik ki, bu mövsüm məhsulumuz bol olar. 

Arxların təmizliyi göz qabağındadır. Su da var. Bu sözləri isə digər fermer Yusif Dostuyev deyib. O bildirib ki, Suvarma Sistemləri idarəsi də söz verib ki, daim su olacaq. Biz də onlara inanırıq və artıq bizdə də ruh yükləkliyi əmələ gəlib ki, təsərrüfat yaradaq. İşləyək. Su varsa, demək ki, həyat var. Təsərrüfat da dirçələcək, məhsul da olacaq, bolluq da olacaq. 

Mövsüm ərzində hər hansı çətinliyin yaranmaması üçün Quba SSİ  tərəfindən sahilbərkitmə işləri də aparılıb. 

Bu da öz növbəsində suvarma sularından səmərəli şəkildə istifadə etməyə imkan verir. 

Həmçinin Qudyalçay və Qusarçayın rayon ərazisindən keçən hissəsində bəndvurma işlərinə başlanılıb. 

Quba SSİ-dən verilən məlumata görə son illər iqlim dəyişikliyi ilə əlaqədar şimal bölgəsindəki çaylarda suyun həcminin azalması müşahidə edilir. 

Bu da öz növbəsində yay aylarında suvarma suyuna olan tələbatı ödəməkdə müəyyəm çətinliklər yaradır. 

Lakin, tezliklə respublika ərazisində tikiləcək 10 su anbarından 3-ü Qubada inşa olunacaq. Bununla da yaranan çətinlik tamamilə aradan qalxacaq. 

Belə ki, qış aylarında anbara toplanacaq sulardan yay aylarında suvarma məqsədi ilə istifadə olunacaq. 


Digər xəbərlər

0.25722503662109