Səttar Möhbalıyev: “Monitorinqlər nəticəsində müəssisələrdə aşkar edilmiş 9316 nöqsanın 91 % aradan qaldırılıb”

16:19 20-06-2022 | icon 1680
Səttar Möhbalıyev: “Monitorinqlər nəticəsində müəssisələrdə aşkar edilmiş 9316 nöqsanın 91 % aradan qaldırılıb”

Azərbaycanla Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni Layiqli Əmək
üzrə Ölkə Proqramının (2022-2026) prioritetlərinin müəyyən olunmasına və
gözlənilən nəticələrinə dair konfrans öz işinə başlayıb.


Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar
Möhbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, BƏT-in Layiqli
Əməyə Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə
Ofisinin direktoru Olqa Kulayeva, hökumət və qeyri-hökumət qurumlarının
nümayəndələri iştirak edir.


Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev öncə
BƏT-in iştirakı ilə hazırlanan və həyata keçirilən “2016-2020-ci illər üzrə
Layiqli Əmək üzrə Ölkə Proqramı”nın əhəmiyyətindən danışıb. Bildirib ki,
Proqram işçilərin əmək hüquqlarının qorunması, təhlükəsiz, layiqli və
məhsuldar iş şəraitinin yaradılması baxımından olduqca vacibdir: “Onun icrası
sosial tərəfdaşlığın inkişafına, sosial ədalət prinsiplərinə əməl edilməsinə, əmək
münasibətlərinin tənzimlənməsinə güclü təsir göstərib. 2016-2020-ci illər
ərzində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial-iqtisadi reformalar,
hərtərəfli islahatlar proqramda nəzərdə tutulan hədəflərə çatmağa şərait
yaradıb”.


S.Möhbalıyev qeyd edib ki, AHİK ilk gündən Proqramın icrasına dair özünün
Konsepsiyasını qəbul edib və sənədin icrası üçün əməli tədbirlər həyata keçirib:
“Beynəlxalq Əmək Təşkilatı ilə birgə 8 seminar və konfrans keçirdik.
Proqramda həmkarlar ittifaqlarının fəaliyyəti ilə bağlı bir neçə indikatorun
yerinə yetirilməsi istiqamətində addımlar atılıb, müsbət nəticələr əldə edilib.


Belə ki, bu illər ərzində həmkarlar ittifaqlarının sıraları çoxalıb, kollektiv
müqavilələrin və sazişlərin sayı artıb. Hər il orta hesabla 140 yeni həmkarlar
ittifaqı təşkilatı yaradılıb”.


S.Möhbalıyev vurğulayıb ki, AHİK qeyri-formal məşğulluğun qarşısının
alınması istiqamətində maarifləndirici və təlimatlandırıcı tədbirlər keçirib və bu
tədbirlər əsasən ölkənin bütün regionlarını əhatə edib: “AHİK-lə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında özünəməşğulluğun təmin
edilməsinə köməklik göstərilməsi məqsədilə imzalanan Memoranduma uyğun
olaraq, Məşğulluq Agentliyinə 200 min manat vəsait ödənilib. Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinə sosial həssas əhali qrupları üzrə Sahibkarlığın
İnkişafına yardım göstərilməsi məqsədilə 150 min manat vəsait köçürülüb”.
İşçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində də bir sıra vacib
işlərin görüldüyünü diqqətə çatdıran AHİK sədri bildirib ki, “Sağlam və
təzlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)”
devizi ilə keçirilən respublika müsabiqəsində 5 il ərzində 11096 idarə və
müəssisə iştirak edib: “Onların 669-u qalib hesab edilib. Müsabiqələrin
keçirildiyi müddətdə aparılan monitorinqlər nəticəsində aşkar edilmiş 9316
nöqsanın 91% aradan qaldırılıb, təhlükəsiz iş şəraiti yaradılıb, işçilərin fərdi
mühafizə vasitələri ilə təminatı yaxşılaşdırılıb, sanitar-gigiyenik normalara əməl
edilməsinə nəzarət gücləndirilib”.

AHİK sədri əlavə edib ki, yeni proqramın prioritetləri “2021-2025-ci illər üçün
BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə
Sənədi” ilə müvafiq uyğunluq təşkil etməlidir: “Bu məqsədlə yeni proqramın
layihəsinə bəzi irad və təkliflərimizi bildirmişik. Hesab edirik ki, qeyri-formal
iqtisadiyyat üzrə bir çox göstəricilərin reallığı əks etdirməsi üçün müvafiq
müzakirələrin aparılmasına, BƏT-in köməyi ilə genişmiqyaslı monitorinqlərin,
müayinələrin keçirilməsinə ehtiyac var. Minimum əməkhaqqının Avropa Sosial
Xaprtiyasının tələblərinə uyğunlaşdırılması, Azərbaycan tərəfindən ratifikasiya
edilmiş Beynəlxalq Əmək Təşkilatının 131 saylı Konvensiyasına və əmək
qanunvericiliyi arasında mövcud uyğunsuzluğun aradan qaldırılması, bununla
bağlı hazırlanmış ölkə qanunvericiliyinə dəyişikliklər edilməsi, bir sıra vacib
Konvensiyaların (102, 155, 168, 173, 184, 187 saylı) ratifikasiyası
məsələlərinin proqrama salınmasını vacib hesab edirik. Gender bərabərliyini
təmin etmək, kişi və qadın işçilər üçün bərabər məşğulluq imkanlarının
yaradılması məqsədilə əmək qanunvericiliyinin beynəlxalq normalara uyğun
olaraq təkmilləşdirilməsi, gənclərin məşğulluğunun təmin edilməsi üzrə
proqramların hazırlanması və təkmilləşdirilməsi, yaşıl iş yerlərinin yaradılması
kimi problemlərin proqramda əks olunması da ümumi işimizin xeyrinə olardı”.
Qeyd edək ki, konfrans BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq
Çərçivəsinin nəticələrinə uyğun qruplarda dayanıqlılığı artıran və əməyin
gələcəyinə yönələn inklüziv inkişaf, sosial xidmətlərin təkmilləşdirilməsi, sosial
dialoq vasitəsilə beynəlxalq əmək standartlarının siyasətdə və praktikada tətbiqi,
BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin və Layiqli Əmək üzrə
Ölkə Proqramının həyata keçirilməsində sosial tərəfdaşların rolunun artırılması,
BƏT-in Layiqli Əmək Gündəliyi çərçivəsində əməyin təhlükəsiziyi və
sağlamlığı mövzularında müzakirələrlə davam edir.


Digər xəbərlər

0.25363707542419