Silahlı Qüvvələrimizlə fəxr edirik

11:15 30-06-2022 | icon 1129
Silahlı Qüvvələrimizlə fəxr edirik

Ikinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə
gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə
qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü
müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.
Bu gün Silahlı Qüvvələrimizlə fəxr edə bilərikBiz Vətən müharibəsində
xalqımızın böyüklüyünü göstərdik, yenilməz ruhumuzu göstərdik, güclü
iradəni göstərdik və göstərdik ki, Azərbaycan xalqı heç vaxt işğalla
barışmaq fikrində deyildi. Sadəcə olaraq, biz istəyirdik ki, bu məsələ sülh
yolu ilə həll olunsun və uzun illər apardığımız danışıqların məqsədi məhz
bu idi. Biz istəmirdik ki, qan tökülsün. Ümid edirdik ki, beynəlxalq aləm
Ermənistana sanksiyalar tətbiq etməklə işğalçını məcbur edib bizim
torpağımızdan çıxaracaq. Ancaq əfsuslar olsun ki, biz bunu görmədik və
Azərbaycan xalqı bütün gücünü səfərbər edib tarixi şərəfli missiyanı yerinə
yetirib.
Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi
yaşayacağıq. Ancaq biz bu şanlı Qələbəni əldə etmək üçün gecə-gündüz
çalışmalı idik, güc toplamalı idik. Çünki bu gün dünyada güc amili ön
plandadır. Beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq
təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir. Haqq-ədalət
bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar
işğal altında idi. Ancaq işğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!”
deməmişdir. Ona görə biz güc toplamalı idik ki, özümüz bu vəzifəni icra
edək və toplayırdıq. Siyasi güc topladıq, beynəlxalq aləmdə öz gücümüzü
artırdıq. Bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır və
Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. İqtisadi güc topladıq
və iqtisadi müstəqillik əldə etdik. Əgər iqtisadi müstəqillik olmasaydı,
imkanlarımız olmasaydı, biz müharibəni hansı vasitələrlə aparacaqdıq?
Ona görə iqtisadi müstəqillik və sürətli inkişaf bizim Qələbəmizi
yaxınlaşdırırdı.
Vətənpərvərlik işinə çox böyük önəm verilir. Gənc nəsli vətənpərvərlik
ruhunda tərbiyə etmək üçün bir çox tədbirlər görülmüşdür və buna nail
olmuşuq.Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə
bağlıdır və Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Bizi Qələbəyə
aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc
nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz
canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Əziz şəhidlərimizin
xatirəsi daim bizim qəlbimizdə yaşayacaq. Ona görə vətənpərvərlik, nizam-
intizam, iqtisadi güc, siyasi mövqelər və əlbəttə ki, Silahlı Qüvvələrimizin

müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ
müharibəsinin nəticələrini şərtləndirdi. Cəmi 44 gün ərzində biz düşməni
torpağımızdan qovduq, düşməni diz çökdürdük, onu məcbur etdik ki, ağ
bayraq qaldırsın və Kəlbəcərdən məcbur olaraq çıxsın. Kəlbəcər bir güllə
atılmadan azad edilmişdir. Biz onsuz da Kəlbəcəri azad edəcəydik. Çünki
artıq Ermənistan ordusunun beli qırılmışdı, ancaq itkilər çox olacaqdı. Ona
görə 44 gün ərzində Ermənistan ordusunu elə vəziyyətə saldıq ki, onların
başqa yolu qalmamışdı.
Bizim şanlı müharibəmiz indi müxtəlif ölkələrin ali məktəblərinin hərbi
dərsliklərindədir və bunu bir çox hərbi ekspertlər qeyd edirlər. Çox çətin
relyefi olan ərazini, Şuşa kimi alınmaz qalanı cəmi 44 gün ərzində azad
etmək ancaq Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün
olmuşdur. Biz bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən,
həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və
məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq. Biz bu gün qalib insanlar kimi
yaşayırıq. Bütün dünya azərbaycanlıları yaşadıqları yerlərdə başlarını dik
tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar. Biz tarix qarşısında,
əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi
missiyanı icra etdik. Bu tarixi Qələbə daim bizim tariximizdə olacaq. Biz
daim bu tarixi Qələbə ilə fəxr edəcəyik.
Ermənistan ordusu 44 gün ərzində demək olar ki, məhv edilmişdir.
Ermənistan ordusunda panika, isterika vüsət almışdı. Özlərinin etirafına
görə, 10 min fərari olmuşdu. Azərbaycan Ordusunda bir nəfər də döyüş
meydanından qaçmadı. Budur Azərbaycan övladının ruhu, Vətənə olan
bağlılığı. Qarabağın tacı olan Şuşanı - bu alınmaz qalanı alaraq biz Şuşada
Azərbaycan bayrağını ucaltdıq. Ermənistan məcbur olub kapitulyasiya
aktına imza atıb və o vaxt işğal altında qalan ərazilərdən çıxmağa məcbur
olub.
Biz indi bütün sərhəd boyunca yerləşmişik. Bütün sərhədlərdə hərbi
hissələr yaradılmışdır. Müharibədən keçən ilyarım ərzində biz gecə-gündüz
çalışmışıq ki, ordumuzu daha da gücləndirək, daha da müasir silahlarla
təchiz edək, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olaq, yerləşək
və buna nail olduq. Altı ay bundan əvvəl Hadrutda birinci komando hərbi
hissəsi açılmışdır. Bu gün Kəlbəcərdə ikinci komando hərbi hissəsi açılır.
Növbəti komando hərbi hissələrinin açılması nəzərdə tutulur və bu silahlı
birləşmələrdə minlərlə azərbaycanlı xidmət edəcək. Bu, bizim gücümüzü
daha da artıracaq.
Müharibədən sonra bu gün Azərbaycan Ordusu daha güclüdür - həm
təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ona
görə biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar
atacağıq. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu

kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana
gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da
möhkəmlənəcək. Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində
yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü
peşman olacaq
Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs
olmalıdır. Onlar hesab edirdilər ki, orduları məğlubedilməzdir və öz orduları
haqqında olmayan şayiələri yayırdılar. Biz göstərdik ki, onlar Azərbaycan
Ordusu qarşısında duruş gətirə bilməzlər. Onlar bəyan edirdilər ki,
Azərbaycan öz torpaqlarını heç vaxt silahlı yollarla ala bilməz. Çünki həm
qurulmuş istehkamlar, həm 30 il ərzində mühəndislik işlərinin aparılması,
həm də ki, bu bölgənin coğrafiyası onlar üçün çox əlverişli idi. Biz bu mifi də
dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan
yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda
dura bilməz. Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa,
bilməlidirlər ki, onları nələr gözləyir.
Biz müharibə istəmirik, heç vaxt istəməmişik. Amma biz istəyirik ki, bizim
maraqlarımız təmin olunsun. Biz istəyirik ki, müharibə nəticəsində
yaradılmış reallıqlar hamı tərəfindən qəbul edilsin. Deyə bilərik ki,dünyanın
aparıcı qüvvələri postmüharibə reallıqlarını artıq qəbul ediblər və öz
fəaliyyətini bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul
etməlidir. Müharibədən cəmi bir il yarım keçibdir. Bu müharibəni
unutmasınlar - nə onlar, nə də ki, sonrakı nəsillər. Bilsinlər ki, Azərbaycan
güclü dövlətdir, Azərbaycanın güclü ordusu var, Azərbaycan əsgəri, zabiti
dövlətimizi qorumaq üçün canını fəda etməyə hazırdır, necə ki, İkinci
Qarabağ müharibəsində canlarını fəda etdilər.

İsgəndər Səmədov.
Saatlı rayon Qara Nuru kənd tam orta məktəbinin direktoru


Digər xəbərlər

0.26560282707214