Lerik İH başçısının birinci müavini Cəlil Baxşıyev trolları vasitəsilə mənə qarşı qara yaxma kompaniyası keçirdir - Bələdiyyə sədrindən açıqlama

11:41 01-07-2022 | icon 427
Lerik İH başçısının birinci müavini Cəlil Baxşıyev trolları vasitəsilə mənə qarşı qara yaxma kompaniyası keçirdir - Bələdiyyə sədrindən açıqlama

Mətbuatda Lerik şəhər bələdiyyəsinin sədri Balaşirin Nəsirovun övladına təmtəraqlı toy məclisi qurması və gəlinin azyaşlı məktəb şagirdi olması ilə bağlı məlumatlar yayılıb.

Hadisənin nə dərəcədə əsaslı olub olmamasını öyrənmək üçün bələdiyyə sədri ilə əlaqə saxladıq. Azeripress.az-a açıqlama verən Balaşirin Nəsirov bildirdi ki, yazılanlar tamamilə əsassız məlumatlardır və rayonun başqa bir vəzifəli şəxsi tərəfindən ona qarşı aparılan çirkin bir oyundur:

"İlk öncə qeyd edim ki, mən bələdiyyə sədri olana qədər rayon təhsil şöbəsinin rəhbəri vəzifəsində çalışmışam. Qanunlarımızı da bilirəm, adət - ənənələrimizi də. Mənim 65 yaşım var. Uşaq deyiləm. Bəli, övladıma toy etmişəm. Hər bir məsələ də qanun çərçivəsində. 20 iyun tarixində gəlinimin  18 yaşı tamam olub. 21 iyunda isə xanıma xeyir iş keçirilib. İyunun 26-sı isə oğlumun toyu baş tutub. Onun məktəbli olması o demək deyil ki, azyaşlıdır. İnsan müxtəlif səbəblərdən 18 yaşda da, 20 yaşda da, 22 yaşda da şagird ola bilər. Təhsil şöbəsinin müdiri olduğum zamanlarda bu hallarla dəfələrlə qarşılaşmışam. Təəssüf edirəm ki, həmin məlumatı yazan jurnalistlər araşdırma aparmayıb birtərəfli məlumatlar dərc ediblər. Gəlinimin şəxsiyyət vəsiqəsini də istənilən orqana təqdim edə bilərəm". (red: Balaşirin Nəsirov xanımın şəxsiyyət vəsiqəsini bizə təqdim etsə də, etik olmadığı üçün dərc etmirik)

B.Nəsirov hadisənin niyə bu cür formada ictimailəşdirilməsinə də aydınlıq gətirib:

"Bildiyiniz kimi, ötən il cənab Prezidentin sərəncamı ilə İcra başçımız Rövşən Bağırov Ağsu rayonuna icra başçısı təyin olundu. O vaxtdan onun səlahiyyətlərini birinci müavin Cəlil Baxşıyev həyata keçirir...Amma necə? Bir ildir ki, Lerik camaatı boğaza yığılıb. Cəlil Baxşıyev rayonda "at oynadır". Özünə və ətrafına müxtəlif ticarət obyektləri yaratması, rüşvət və korrupsiya əməlləri bəs etmirmiş kimi, narkotik istifadəçisi olan oğlu da atasının vəzifəsinə yaraşmayan hərəkətləri ilə sakinlərdə ikrah hissi yaradır. Narkotik istifadəsinə görə dəfələrlə polis tərəfindən saxlanılıb. Hər dəfə də Cəlil Baxşıyevin dövlər qurumlarındakı əlaqələri, pulu hesabına azad olunur. Keçən ilin avqust ayında isə həyat yoldaşı onun bu əməllərinə dözməyərək ondan ayrıldı.  Təbii ki, sakinlər də bələdiyyə sədri olduğum üçün bütün şikayətlərini mənə edirlər. Mən də sakinlərin şikayəti və Cəlil Baxşıyevin Lerikdə dözülməz vəziyyət yaratmas ilə bağlı Prokurorluğa və Korrupsiyayla Mübarizə idarəsinə müraciətlər etmişəm. Şikayətləri aidiyyatı üzrə təqdim etmişəm. İyunun 17-də Baş prokuror Kamran Əliyev Masallı rayon prokurorluğunun inzibati binasında vətəndaşları qəbul edib. Həmin qəbulda da olmuşam. Cənab Baş prokuror məni şəxsən qəbul edib. Ona da Cəlil Baxşıyevin qanunsuz əməlləri barədə ətraflı məlumat vermişəm. Buna görə də Cəlil Baxşıyev trolları vasitəsilə məndən qisas alır. Rayonda reket jurnalist kimi ad çıxarmış İlham İbadlı adlı şəxs vasitəsilə mənim barəmdə belə yalnış,həqiqətə uyğun olmayan yazılar yazdırtdırır. Mənə qarşı çirkin qara yaxma kompaniyası həyata keçirdir"

Balaşirin Nəsirov tezlikə aidiyyatı qurumların Cəlil Baxşıyevə qarşı lazımi tədbirlər görəcəklərinə əmin olduğunu da bildirdi. 


Digər xəbərlər

0.3427529335022