“Laçın dəhlizi” artıq yoxdur, indi sadəcə “yol” var...

21:24 26-08-2022 | icon 297
“Laçın dəhlizi” artıq yoxdur, indi sadəcə “yol” var...

26 avqust… Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin səbirsizliklə gözlədiyimiz tviti bizə Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşdiyinin, Zabux və Sus kəndlərinin tam nəzarətə götürüldüyünün müjdəsini verdi.

Rəşadətli Ordumuzun əsgər və zabitlərinin Laçın şəhərinin mərkəzində dalğalanan üçrəngli Azərbaycan bayrağının kölgəsində Ali Baş Komandana raportunun yer aldığı görüntüləri qürur hissi ilə izlədik və yenidən 2020-ci il sentyabrın 27-dən başlayan  tarixə qayıtdıq – bizi məğlubiyyət açısından xilas edən, qürurumuzu bayrağımız kimi ən uca zirvələrdə dalğalandıran, hər anı qəhrəmanlıq simvoluna çevrilən günlərə… Qanımız çağladı, bir yumruqda birləşdik, bir ürəkdə döyündük və ürəyimizin döyüntüləri qəhrəman əsgər və zabitlərimizin addım səslərində yenidən döyüş təbili kimi gurladı, dostu var, düşməni xar etdi…

 

Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycan xalqının iradəsinə, iti zəkaya, polad xarakterə, səbrə, cəsarətə və strateji baxış bucağına söykənən fəlsəfəsi, doğru zamanlamanı, zərgər dəqiqliyi ilə hesablanmış siyasi, diplomatik və hərbi gedişləri ifadə edən fikirləri Laçın şəhərinin mərkəzində dalğalanan Azərbaycan bayrağının qürurlu titrəyişındə özünü bir daha bürizə verdi – “Biz nəyi, nə vaxt və necə etməyi çox yaxşı bilirik! Dedik də etdik də! Çünki “SÖZÜMÜZ İMZAMIZ QƏDƏR KEÇƏRLİDİR!”

Tarixin dərsləri

…Şübhəsiz ki, bu gün yaşadıqlarımız bizi nə qədər qürurlandırırsa, təxminən 30 il öncə alınmaz hesab etdiyimiz təbii qalalarımızın, öncə Şuşanın, sonra isə Laçının və digər yurd yerlərimizin işğalı zamanı baş verənlər hər birimizi bir o qədər düşünməyə vadar edir. 
Çünki tarix ilk növbədə ondan nəticə çıxarmaq üçündür.  

Çünki hər bir xalq öz tarixini qanıyla, canıyla, döyüş və müqavimət ruhuyla, birliyi, bütövlüyü ilə yazmalıdır. Əgər yazmırsa, bunu onun əvəzinə düşmənlər, qəsbkarlar edir…

18 may 1992-ci il…

Təxminən, 30 il bundan öncə Laçın rayonunun işğalı Ermənistanın və bu təcavüzkar ölkəni himayə edən, onun qəsbkarlıq strategiyasını müəyyənləşdirənlərin əsas hədəfiydi. Çünki Laçının ələ keçirilməsi Ermənistanın Qarabağa yolunu açır, digər ərazilərimizin qəsb edilməsi üçün işğalçı qüvvələrin silah-sursat, hərbi texnika, ərzaq, yanacaq və digər məhsullarla fasiləsiz, maneəsiz təminatına imkan yaradırdı. Ermənilər bu istəklərinə nail olmaq üçün mədəniyyətimizin paytaxtı Şuşanın işğalından sonra Şuşa-Laçın yolunu bağlayaraq birbaşa Ermənistan Respublikası ərazisindən Laçın şəhərini güclü top atəşinə tutdular. Daha öncə Şuşanı müdafiəsiz qoyaraq hakimiyyət savaşına qalxan səriştəsiz, məsuliyyətsiz siyasi qrupların cinayətə, xəyanətə bərabər səhvləri, bir-birini əvəz edən saysız-hesabsız təxribatlar, süni şəkildə yaradılan təşviş…  nəticəsində alınmaz qalamız Laçın da Şuşa kimi… alındı, qəsb edildi. Nəticədə 72 min soydaşımız ev-eşiyindən didərgin düşdü, Qarabağın dağlıq hissəsi Ermənistana birləşdirildi və düşmən müharibədə qalib gəlmək üçün ən böyük üstünlüyünü qazandı. Laçın ələ keçirildikdən sonra, təxminən 7 ay ərzində 6 rayonumuzun – Kəlbəcər, Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli və Zəngilanın işğal edilməsi bu rayonun nə qədər böyük strateji əhəmiyyətə malik olduğunu sübuta yetirir. 

Haşiyə: Heç şübhə etmirəm ki, digər rayonlarımız, xüsusilə də Şuşanın və Laçının müdafiəsi, hətta kənar qüvvə olmadan, rayonun öz sakinlərindən ibarət döyüşçülərin hesabına təşkil olunsaydı, təxribatların qarşısı vaxtında alınsaydı, hakimiyyət hərisliyindən gözləri qapanan siyasi dələduzların, boşboğazların, avantüristlərin, dövlət idarəçiliyindən, hərbdən anlayışı olmayanların fəaliyyət dairəsi məhdudlaşdırılsaydı… indi işğaldan azad edilən yurd yerlərimizin bərpası, yenidən qurulması haqqında deyil, daha uzaq, daha böyük hədəflərimiz barəsində düşünürdük. 

Bəzən həmin günləri xatırladanda, bəzilərinin dodaq büzdüyünü, suçlu olanların isə saysız-hesabsız bəhanələrlə özlərinə haqq qazandırdıqlarının şahidi oluram. Təfərrüatına varmayacağam, amma bir çox hallarda nəinki 1 ilin, hətta 1 günün, 1 saatın, bəlkə 1 anın səhvi, yanlışlığı, məsuliyyətsizliyi yetərlidir ki, onun nəticələrini aradan qaldırmaq üçün illərini sərf edəsən. Qurmaq, yaratmaq, ərsəyə gətirmək çətindir, dağıtmaq, məhv etmək isə asan. Və mənə görə, məsuliyyətsizlik ən dağıdıcı silahdır və heç bir halda “öz yükünü” daşımağı bacarmayanlara başqalarının taleyini etibar etmək olmaz!!!

Üçrəngli bayrağımızın Laçının mərkəzində dalğalanması isə tarixi Zəfərimizin tərkib hissəsidir, şübhəsiz. İşğalı məğlubiyyətimizin tərkib hissəsi olduğu kimi… 
İndi bu günün reallıqları çərçivəsindən 30 il öncə baş verən hadisələrə fərqli bir müstəvidən yanaşmağa çalışıram. Amma 30 il köçkün həyatı yaşayan qürurlu, mübariz, döyüşkən can və qan qardaşlarımın, bacılarımın, onlara necə yanaşılmasından asılı olmayaraq, çəkdikləri nisgili, yaşadıqları acını göz onündən keçirəndə, özümü məchul bir boşluqda dövrə vuran fəza cismi kimi hiss edirəm... 

Qeyd edim ki, artıq tarixin arxivinə göndərilən “Laçın dəhlizi” Gorus – Şuşa – Kəlbəcər – Qubadlı arasında yerləşən strateji baxımdan çox əhəmiyyətli coğrafi ərazidir. Laçının şərq hissəsi Qarabağ silsiləsinin qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub yamaclarında ( Dəlidağ dağ, 3616 metr), qərbi Qarabağ vulkanik yaylasında yerləşir ( Qızılboğaz dağı, 3594 metr, Böyük İşıqlı dağı, 3550 metr) əhatə edir. Bu yüksəkliklərdən hətta adi gözlə belə Qarabağın bütün ərazilərini müşahidə etmək mümkündür.

“Laçın dəhlizi” isə artıq yoxdur, separatizmlə işğalı qolboyun edən, hələ də ağlı başına gəlməyən bir qrup müharibə cinayətkarının, miskin fərarinin təsəlli tapdığı anlayış kimi də həmçinin… “Laçın dəhlizi” “Dağlıq Qarabağ” və “münaqişə” sözləri kimi qəsbkarların təxəyyülündə canlandırdığı “böyük ermənistan”ın mifik “torpaqlarına” gömülüb. İndi sadəcə “yol” var. Ya yola gələcəklər və yola verəcəyik, ya da yol gedəcək - qaçacaq ayaqlarının altından…

28 avqust 2022-ci il… 

Müzəffər Azərbaycan Ordusu bir zamanlar gözüyaşlı, pəjmürdə, məğlub durumda tərk edilən Laçın şəhərinə düşməni lərzəyə gətirən addım səsləriylə daxil olur, torpaq qalib Azərbaycan əsgərinin çəkməsinin hərarətindən bu yürdün sahiblərinin gerü döndüyünü hiss edir, özünə gəlir, rahatlıq tapır. 

Amma bu rahatlığın əldə edilməsi, qələbənin yaxınlaşdırılması, milli ruhumuzun və qürurumuzun dirçəldilməsinə 30 ilə yaxın bir zaman kəsiyi, yükü yüz illərə sığmayacaq əmək sərf olunub. Nə bir yazı, nə də... bir kitab, yaxud kitablar çərçivəsində çəkilən zəhmətin, verilən əməyin, nümayiş etdirilən səbrin və qətiyyətin yükünü ifadə etmək mümkün deyil. Zənnimcə, bu nəhəng əməyin işğaldan azad edilmiş yurd yerlərimizdə qürurla dalğalanan bayraqlarımızdan və həmvətənlərimizin sevinc göz yaşlarından gözəl ifadəçisi yoxdur.

Elçin Mirzəbəyli

Əməkdar jurnalist


Digər xəbərlər

0.42442393302917