AHİK Şuşada “Vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirib

15:40 05-09-2022 | icon 186
AHİK Şuşada “Vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirib

Sentyabrın 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK)
mədəniyyət paytaxtı Şuşa şəhərində “Vətəndaş cəmiyyətində həmkarlar
ittifaqlarının rolu” mövzusunda konfrans keçirib.
Konfransda AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev,
Azərbaycan Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və
kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Konfederasiyaya üzv
təşkilatların rəhbərləri, həmçinin KİV nümayəndələri iştirak ediblər. Əvvəlcə
Vətən uğrunda canından keçmiş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
AHİK-in sədri Səttar Möhbalıyev konfransda geniş məruzə ilə çıxış edərək, 44
günlük Vətən müharibəsindən, müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevin rəhbərliyi ilə yenilməz və rəşadətli Azərbaycan Ordusunun şanlı döyüş
yolundan, müdrik və qəhrəman xalqımızın sarsılmaz birliyindən, dəmir yumruq
kimi birləşməsindən, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-
quruculuq işlərindən, qurumun fəaliyyətindən danışıb. Bildirib ki, Vətən
müharibəsi dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir
iradəli, müzəffər xalq olduğunu göstərdi: “Bu tarixi nəticə bizlər haqqında
“məğlub xalq” rəyini sındırdı, xalqımıza özgüvən aşıladı, milli qürurumuzu
qabartdı. Qələbə cənab İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində həyata
keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının məntiqi nəticəsi idi. Tarixi
qələbə ilə Azərbaycan bir daha dünyanın inkişaf etmiş dövlətlərindən biri
olduğunu təsdiqlədi”.

 

S.Möhbalıyev qeyd edib ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarında
erməni vəhşiliyini, barbarlığını dünyaya nümayiş etdirdi: “Beynəlxalq
ictimaiyyət bir daha şahidlik etdi ki, Ermənistan illərlə dünyaya yalan satıb.
Amma düşmənin bu xisləti heç də Azərbaycanı ruhdan, həvəsdən salmadı.
Prezidentin sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı
və azad edilən torpaqlarımızda quruculuq, yenidənqurma işlərinin başlanması
ilə bağlı tapşırıq verildi. Heç bir maliyyə təşkilatından, beynəlxalq qurumdan,
hansısa dövlətdən yardım almadan Azərbaycan öz imkanları hesabına bu işləri
həyata keçirməyə başladı. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda misli
görünməmiş quruculuq işləri davam edir. Prezidentin şəxsi nəzarətində olan bu
işlər sürətlə aparılır”.

S.Möhbalıyev Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər
Əliyev Fondunun Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq
işlərində iştirakına diqqət çəkib: “Heydər Əliyev Fondu Qarabağdakı dini
irsimizin, məscidlərimizin, mədəniyyət abidələrimizin bərpasını
reallaşdırmaqdadır. Mehriban xanım Əliyevanın müqəddəs işə rəhbərlik etməsi
onu deməyə əsas verir ki, bu layihə çox böyük uğurla həyata keçirilir. Bundan
başqa, şəhid ailələri və qazilər də Mehriban xanımın diqqətindən kənarda
qalmır. Onların, demək olar ki, bütün problemlərinin həllinə şəxsən dəstək olur,
evlə, avtomobillə təmin olunmasında yaxından iştirak edir”.
Konfederasiya sədri Azərbaycan həmkarlar ittifaqlarının Vətən
müharibəsində və ondan sonrakı dövrdə gördüyü işlərdən, döyüşən əsgər və
zabitlərə, qazi və şəhid ailələrinə göstərdiyi maddi və mənəvi dəstəkdən bəhs
edib: “AHİK və onun üzv təşkilatları tərəfindən Vətən müharibəsi və sonrakı
dövrdə 9 093 487 manat vəsait xərclənib. O cümlədən Vətən müharibəsi
dövründə AHİK İcraiyyə Komitəsinin qərarları ilə AHİK və onun üzv
təşkilatları tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun
hesabına 1 036 815 manat ianə edilib, Naxçıvan Muxtar Respublikasında

 

yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına həlak olmuş şəhid ailələrinə
kömək göstərilməsi məqsədilə Muxtar Respublikanın Həmkarlar İttifaqları
Şurasına 250 000 manat köçürülüb. AHİK və üzv təşkilatları tərəfindən
Qarabağ Dirçəliş Fonduna 1 2176 50 manat vəsait köçürülüb, silahlı qüvvələrə
və cəbhə bölgəsinə 2320 864 manat, “YAŞAT” Fonduna 667 668 manat ianə
edilib. Şəhid və qazi ailələrinə 3600475 manatlıq birdəfəlik yardım göstərilib.
172 şəhidin 286 övladı himayəyə götürülüb. O cümlədən 2016-cı ilin Aprel və
2020-ci ilin Tovuz döyüşlərinin 23 şəhidinin 41 azyaşlı övladının hər birinə 18
yaşına çatana qədər hər ay 150 manat ödənilməkdədir. Eyni zamanda Vətən
müharibəsi iştirakçıları, qazilər və şəhid ailəsi üzvləri sağlamlıqlarının bərpa
olunması məqsədilə istəklərinə uyğun olaraq sanatoriya-kurort yollayışları ilə
güzəştli şərtlərlə təmin olunurlar”.
Sonra AHİK sədri vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolundan
söz açıb. Vurğulayıb ki, demokratiyanın təzahürü kimi meydana çıxan
həmkarlar ittifaqları insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət
edən əsas təsisatlardandır: “Bu gün istər ölkəmizdə, istərsə də dünyada
həmkarlar ittifaqlarının fəaliyyətinə nəzər saldıqda görünür ki, bu birlik ictimai
zərurətdən yaranıb, vətəndaş cəmiyyətinin formalaşmasında, liberal dəyərlərin
bərqərar olmasında, demokratiyanın inkişafında müstəsna əhəmiyyətə malikdir.
Dünyada mövcud olan bütün həmkarlar ittifaqlarının proqramlarına,
nizamnamələrinə, məramnamələrinə ümumi nəzər saldıqda görürük ki, bu
birliklərin fəaliyyətinin mərkəzində insan faktoru dayanır və onların sosial
problemlərinin həllinə, iqtisadi maraqlarının təmin olunmasına, əmək sahəsində
bütün qanuni hüquq və mənafelərin qorunmasına xidmət edir. Bu da insan
hüquq və azadlıqlarının təminatı baxımından demokratiyanın prinsip və
vəzifələrinə tam uyğun olmaqla vətəndaş cəmiyyətinin formalaşmasına və
mütərəqqi istiqamətdə inkişafına mühüm töhfədir. Məhz buna görə də hər bir
cəmiyyətdə vətəndaş cəmiyyətinin formalaşması üçün həmkarlar ittifaqlarının
yaradılması zərurətə çevrilmişdir”.

 

S.Möhbalıyev deyib ki, işəgötürənlə əməkdaşlıq çərçivəsində ittifaq
üzvlərinin mənafelərinin təmsil olunmasını, kollektiv danışıqların aparılmasını,
kollektiv müqavilələrin, sazişlərin bağlanmasını və onların yerinə yetirilməsinə
nəzarətin həyata keçirilməsini təşkilat özünün əsas vəzifələrindən hesab edir və
bu sahədə ixtisaslaşmış ictimai qurum kimi cəmiyyətdə özünü təsdiqləyib:
“Bununla yanaşı, ittifaq üzvlərinin, onların ailə üzvlərinin sağlamlığına qayğı
göstərilməsi, onların pensiya təminatının, sanatoriya, kurort müalicəsinin və
istirahətlərinin təşkil edilməsi, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi,
əməyin mühafizəsi, ətraf mühitə, sağlamlığa mənfi təsir göstərən faktorların
aradan qaldırılması, üzvlərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə
ictimai nəzarətin təşkili istiqamətində ardıcıl olaraq əhəmiyyətli və effektli işlər
görülür. Həmkarlar ittifaqları yeni cəmiyyət quruculuğunda yaxından iştirak
edir, sosial siyasətin həyata keçirilməsində önəmli rol oynayır, dövlətin bütün
çağırışlarına, o cümlədən sosialyönlü təkliflərinə adekvat cavab verir”.
Çıxışının sonunda S.Möhbalıyev xalqımızın bütün uğurlarının,
qələbələrinin kökündə onun vahidliyinin, birliyinin dayandığını bildirib:
“Qədim ədəbiyyatımız, dastanlarımız, folklorumuz vasitəsilə ata-babalarımız
hər zaman bizi birliyə səsləyib. Məhz bu birlik bizi qələbədən-qələbəyə daşıyıb.
Bu gün xalqımız öz dövlətinin və onun başçısı cənab İlham Əliyevin ətrafında
dəmir yumruq kimi birləşərək daha böyük zirvələrə doğru inamla
irəliləməkdədir. İnanırıq ki, bu birliyimiz sayəsində müstəqilliyimiz əbədi
olacaq, dövlətimiz daha da güclənəcək”.

Sonra çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri
Vüsal Quliyev konfransın əhəmiyyətindən danışıb.
Konfransda Neft və Qaz Sənayesi İşçiləri HİRK-in sədri Cahangir Əliyevin,
Dəmiryolçuların Müstəqil HİRK-in sədri Fəzail Bağırovun, Azərbaycan Milli

 

Elmlər Akademiyası İşçiləri Azad Hİ-nın sədri Habil Qurbanovun və Səhiyyə
İşçiləri HİRK-in sədr müavini Cavid Məmmədovun çıxışları dinlənilib.
Çıxışlarda “Vətəndaş cəmiyyəti sistemində həmkarlar ittifaqlarının rolu”
mövzusu ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin ali sərkərdəliyi ilə
44 günlük müharibədə qazanılan Qələbədən, Şuşa şəhərində aparılan
genişmiqyaslı bərpa-quruculuq işlərindən, Qarabağın yenidən qurulmasından,
Laçının azad edilməsi və başqa mühüm məsələlərdən də danışılıb.
Sonda AHİK Şuşa konfransı iştirakçılarının Azərbaycan Prezidenti İlham
Əliyevə müraciəti qəbul edilib.
Konfrans yekunlaşdıqdan sonra iştirakçılar Şuşanın tarixi yerlərinə baş çəkib,
şəhərdə həyata keçirilən yenidənqurma işləri ilə tanış olublar. Həmçinin onlar
30 ilə yaxın işğal dövründə ermənilərin törətdiyi dağıntılara baxıblar.


Digər xəbərlər

0.38402795791626