Önəmli əməkdaşlıq istiqamətlərindən biri təhsil sahəsidir

10:03 07-09-2022 | icon 2086
Önəmli əməkdaşlıq istiqamətlərindən biri təhsil sahəsidir

Azərbaycanla İtaliya arasında əlaqələr son illər sürətlə inkişaf etməkdədir və siyasi dialoq
olduqca fəaldır. 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənədin
imzalanması bu fikri bir daha təsdiq edir. Bu baxımdan Prezident İlham Əliyevin İtaliyaya
növbəti uğurlu səfəri xüsusi əhəmiyyət daşıyır. Səfərdə bir çox mühüm məsələlər ətrafında
geniş müzakirələr aparıldı.
İkitərəfli əlaqələrdə önəmli əməkdaşlıq istiqamətlərindən biri təhsil sahəsidir. Azərbaycanın ADA
Universiteti İtaliyanın beş aparıcı universitetinin tərəfdaşıdır. Bunlar Luiss Universiteti, Turin
Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza
Universitetidir. Bu əməkdaşlıq ölkələrimiz arasında ikitərəfli münasibətləri daha da
möhkəmləndirəcək, Azərbaycan təhsilinin inkişafına töhfə verəcək.
İkitərəfli əlaqələrdə digər önəmli bir istiqamət enerji sahəsində əməkdaşlıqdır. Azərbaycan
İtaliyanı neftlə təchiz edən əsas ölkədir. 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç
il keçdikdən sonra Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində işləməyə
dəvət edən ilk ölkə oldu və Azərbaycan Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən
ölkəyə çevrildi. Bu qısa müddətdə əldə edilmiş mühüm nailiyyətdir.
Hazırda Dünyada baş verən müxtəlif hadisələr səbəbindən dünyada Azərbaycanın təbii qaz
ehtiyatlarına tələbat durmadan artır. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr
qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Cari ildə İtaliya
bazarına 10 milyard kubmetr qazın nəqli planlaşdırılır. Ümumi ixrac 22 milyard kubmetrdən artıq
olacaq və burada artım üçün çox böyük potensial var.
Heç şübhəsiz ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa
dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir.
Sözügedən Memorandum enerji ölkəmizin resurslarının daha da inkişaf etdirilməsi istiqamətində
çox vacib addımdır. Bu sənəd gələcək fəaliyyət üçün yol xəritəsidir.
Onu da qeyd etmək lazımdır ki, 2020-ci ilin Vətən müharibəsində Azərbaycanın azad etdiyi
ərazilərdə – Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10
qiqavatdan çoxdur. Bu imkanlar ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcəkdir.
Azərbaycan keçən il müstəqilliyinin 30-cu ildönümünü qeyd etdi. Ölkəmiz hər zaman müxtəlif
ölkələrlə əməkdaşlıq sahələrini tapmağa çalışır. Azərbaycan heç bir zaman özünü nəhəng
qonşuların siyasətinə uyğunlaşdırmayıb. Dövlətimizin hər zaman öz müstəqil siyasəti olub,
hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin
müdriklik üzərində formalaşıb. Artıq 30 ildir ki, ölkəmiz müstəqildir və Azərbaycan vətəndaşları
əbədi olaraq müstəqil yaşamaq istəyirlər. Azərbaycan bu gün artıq sabit siyasi mövqeyə və
iqtisadiyyata malikdir. Müstəqil və güclü olmaq üçün zamanında əsaslı maliyyə yatırımları edilib.
Ölkəmizin inkişafında bu amillər çox ciddi rol oynayır.
Müstəqil bir ölkə kimi xarici amillərdən müdafiə olunmaq əsas məqsədlərdəndir. Buna görə də
yeni qlobal nizamın regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı,
Ermənistanla sülhə nail olmaq istiqamətində ölkəmizin nələr əldə edəcəyi, övladlarımız və yeni
nəsillərin gələcəyinin necə olacağı ölkəmiz üçün çox önəmlidir.

Təəssüflə onu da qeyd etmək lazımdır ki, müasir dünyada beynəlxalq hüquq normaları
tamamilə pozulub. Beynəlxalq hüquq normaları Azərbaycanla bağlı da pozulub. Azərbaycan
torpaqları işğal altında olarkən beynəlxalq ictimaiyyətə fəal şəkildə müraciət etmişdi və onlardan
ciddi dəstək gözləyirdi. Ancaq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının
qətnamələri 27 il ərzində yerinə yetirilmədi. Azərbaycan özü bu qətnamələrin icrasını həyata
keçirdi. Bu gün ölkəmiz gələcəyə böyük nikbinliklə baxır.

Samir Talıbov
Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı


Digər xəbərlər

0.27063202857971