Zafer Reisoğlu Azərbaycan xalqını ələ salır... - BU NƏDİ BELƏ?

15:27 09-09-2022 | icon 1124
Zafer Reisoğlu Azərbaycan xalqını ələ salır... - BU NƏDİ BELƏ?

Azərbaycanda küçələrin açıq qumarxanalara çevrildiyi məsələsi zaman-zaman gündəmə gəlir. “Azərlotereya” ASC-nin hər küçənin tinində açdığı piştaxtaların önünü görəndə, insanlarımızın “şans” urğunda apardığı mübarizəyə baxanda həqiqətən də ürək ağrıyır.

Lotereya oyunları dünyanın hər yerində var, amma bir qaydası, ənənəsi, yolu da var, heç bir ölkənin paytaxtının küçələrində Bakı qədər acı mənzərə ola bilməz. Əvvəllər insanlar hansısa hadisə zamanı bir yerə toplaşırdısa, indi küçədə gedən qumara toplaşır, uduzanların ah-naləsi, şansı gətirməyənlərin ümidsizliyi və keçirdikləri əsəbin özü elə hadisəyə çevrilib. Çox maraqlıdır ki, heç vaxt “Azərlotereya”nın küçədə quraşdırdığı qumar piştaxtalarının önündə böyük sevinc yaşanmır, çünki böyük uduşlar olmur. Görünən yalnız kədər, əsəb, ümidlərin puç olmasıdır.

Bu mənzərə fonunda “Azərlotereya” ASC-nin İdarə Heyətinin rəhbəri Zafer Reisoğlunun bu günlərdə mediaya verdiyi müsahibəsində səsləndirdiyi fikirlər həm paradoks təşkil edir, həm də olduqca gülünc görünür. Zafer Resifoğlu elə danışır ki, sanki ölkəyə böyük xoşbəxtlik bəxş ediblər. Hərçənd ki, qumar piştaxtalarının önündə yaşanan bədbəxtliklər günümüzün acı reallığıdır.

Zafer Reisoğlu isə bu reallığı müsahibəsində gizlətməyə çalışır. Deyir ki, “Azerlotereya” ASC Azərbaycanın qeyri-neft sektorunun inkişafına, əhalinin rifahının yaxşılaşdırılmasına töhfə verir.

Cavaba baxın, qeyri-neft sektoru, əhalinin rifah halının yaxşılaşdırılması.

Hansı töhfədən danışırlar?

İnsanları ciblərindəki son manata qədər qumara qoymağa təşviq etmək töhfədirmi?!

“Azerlotereya” deyə bilər ki, heç kimi buna məcbur etmir. Elə də deyir.
Elədir, amma hər küçənin tinində qumarxana açırlarsa, bu, vətəndaşı asan yolla pul qazanmağa sövq edən, sonuncu manatına qədər oynamağa təşviq edən addımdır.

Reallıq budur ki, “Azerlotereya” bu gün vətəndaşları sürətlə qumara təşviq edir. İdarə Heyətinin sədri isə bunu “əhalinin rifah halının yüksəldilməsinə töhfə” adlandırır. Gülməli, həm də ağlamalı cavabdır, çünki Zafer Reisoğlu bizi, xalqı sözün həqiqi mənasında barmağına dolayıb.
Hələ bu azmış kimi, qeyri-neft sektorunun inkişafına verdikləri töhfədən də bəhs edir. Görünür, cəmiyyəti axmaq hesab edir.

“Azerloteraya” istehsalat müəssisəsidirmi, nəsə istehsal edirmi, yoxsa, fabriklər, zavodlar açıbmı ki, qeyri-neft sektorunun inkişafından danışırlar.
Qumarxana açmaq, vətəndaşı buna təşviq etmək nə vaxtdan qeyri-neft sektorunun inkişafı olub?!

Zafer Reisoğlu isə yeni iş yerləri yaratmalarından danışır, əlavə edir ki, işçilərə tibbi sığorta və nahar pulu da verirlər. Sanki “Azerlotereya” olmasaydı, ölkədə işsizlik baş alıb gedərdi. Vətəndaşın cibinə girməklə, nəinki pulunu, ümidlərini də oğurlamaqla “iş yerləri” açılmır, cənab Reisoğlu.

Realıqlar ortada olduğu halda siz lotereyalarda qoyulan böyük uduşlardan danışır, qazancın 50 faizindən çoxunun uduşlara xərcləndiyini iddia edir, cek-potlardan dəm vurursunuz. Halbuki, udanlarla uduzanların müqayisəsini apardıqda birinciləri tapmaq mümkün deyil.

Necə ola bilər ki, hər gün onlarla lotereya oyunları keçirilir, amma böyük uduşlardan heç birini heç kim qazanmır?
Necə ola bilər ki, son bir ildə cek pot udulmayıb?
Yaxud necə olur ki, maksimim uduşlar 1000 AZN-i keçmir?
“Azerloteraya”nın rəsmi saytında son oyunların nəticələri də təsdiq edir ki, bu qədər lotereya biletinin satışına, keçirilən oyunlara rəğmən, ən yüksək uduş 990,97 AZN olub.

Cavablar bəllidir, “şans” deyib başımızın altına yastıq qoyan “Azerlotereya” ASC insanları qumara “oturduğu” kimi, uduşlarla bağlı da maxinasiyalara yol verir.

Zafer Reisoğlu isə hər şeyin “dünya standartlarına uyğun olduğunu”, hər şeyin “şansla bağlı olduğunu” deməklə əməllərini ört-basdır edir. Zənnimcə, Azərbaycanın müvafiq dövlət qurumları “Azerlotereya” ASC-nin fəaliyyətini ciddi araşdırmalı və lazımı ölçü götürülməlidir. Əks təqdirdə bu qurum Azərbaycan əhalisini daha da müflisləşdirərək, dövlətə qarşı yönləndirəcək. (Demokrat.az)


Digər xəbərlər

0.27248907089233