Qurban Qurbanov: "Bu gün fikir bildirmək asan deyil"

19:11 14-09-2022 | icon 966
Qurban Qurbanov:

"Danışmaq və fikir bildirmək üçün asan gün deyil. Şəhidlərimiz var. Sərhəddə döyüşlər gedir. Allah şəhidlərimizə rəhmət etsin və onların ailələrinə səbr versin".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Fransanın "Nant" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis rəqibi yaxından tanıdıqlarını söyləyib: "Maksim Medvedev, Rahil Məmmədov və Kevin Medina zədəlidir. Bədavi Hüseynovun ümumi durumu isə pis deyil. Matça hazır olmaq ehtimalı çoxdur. Dünən də komanda ilə məşq edib. Onun durumuna bu gün bir daha baxacağıq. Qərar vermək üçün tam əmin olmalıyıq".

Qurbanov məsuliyyəti dərk etdiklərini vurğulayıb: "Biz həmişə futbolçularımıza hansı komandanı təmsil etdiyimizi xatırladırıq. Legionerlərə də bu barədə məlumat verilir. Artıq torpaqlarımız geri qayıdıb. Nə qədər torpaqlarımızın qayıtdığını desək də, ürək yarası həmişə qalacaq. Dünəndən şəhidlər barədə oxuyuram. Onların arasında 2-3 yaşında övladı olanlar var. Çox ağırdır. İşimiz çətin olsa da, komandanı görüşə tam hazırlamalıyıq".

Təcrübəli baş məşqçi rəqibin statistikası barədə məlumatının olduğunu sözlərinə əlavə edib: "Onların ötən mövsüm Fransa Kubokunu qazanması təsadüf deyil. Mövsümün əvvəlində hansısa çatışmazlıqları ola bilər. Rəqibin yaxşı müdafiə və hücum xətti var. Bunu özümüzü sığortalamaq üçün demirəm. Bütün komandalarda hansısa zəif nöqtələr olur".

Mütəxəssis son olaraq Fransa təmsilçisinin bütün futbolçularının yaxşı səviyyədə olduğunu deyib.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.


Digər xəbərlər

0.27362895011902