Azərbaycanın məqsədi bölgədə sülhün təmin olunmasıdır

13:40 16-09-2022 | icon 214
Azərbaycanın məqsədi bölgədə sülhün təmin olunmasıdır

13 sentyabr tarixində baş vermiş təxribat düşünülmüş hadisədir. Məlum olduğu kimi, sonuncu Brüssel görüşünün mühüm məqamlarından biri Azərbaycanla Ermənistan arasındakı münasibətləri nizamlayacaq sülh müqaviləsinə dair işlərin sürətləndirilməsi ilə bağlı razılığa gəlinməsidir. Görünən odur ki, Azərbaycanın yürütdüyü siyasət Ermənistanı sülhə məcbur edir. İrəvanın rəsmi dairələri də yaxşı anlayırlar ki, başqa yolları yoxdur. 
       Görüşdə sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və bununla bağlı Ermənistanın öhdəliyi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan vətəndaşları ilə əlaqədar və digər humanitar məsələlərlə bağlı irəliləyişin əldə olunması istiqamətində aparılan mühüm müzakirələr bütövlükdə prosesin müsbət dinamika ilə inkişaf etdiyini deməyə əsas verir.

Yanaşmaların fərqliliyi bir daha Azərbaycanın üstünlüyünü, habelə ölkəmizin beynəlxalq hüquq və normalarına sadiqliyini təsbit edir. Prezident İlham Əliyevin regionda sülh çağırışlarına rəğmən rəsmi İrəvanın Ermənistanda revanşizm əhvalının dəstəklənməsi faktı ədalətli mövqelərdən və beynəlxalq hüququn normalarından çıxış edən Azərbaycanın tərəfdaş ölkələrinin sayını artırmalıdır.

Baş vermiş erməni təxribatı tək Azərbaycanın yox, ümumiyyətlə bütün regionun iqtisadi və siyasi aktuallığının artmasının qarşısını almaq üçün hesablanıb.Çünki Azərbaycanın beynəlxalq iqtisadi təşəbbüsləri bütün regionun geostrateji əhəmiyyətini artırır.Həmin tarixdə yaşanmış hərbi insident təsadüfi sayıla bilməz. Təxribatların təkrarlanması yeni müharibə ehtimalını artırır. Bu səbəbdən ölkəmizdə yaşanan milli həmrəylik mühiti strateji resurs kimi qorunmalıdır.

Cari ilin 27 iyun tarixində Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında demişdir ki: “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir.” Belə ki, 13 sentyabr tarixində yaşanmış insident bir daha onu göstərir ki, Prezident İlham Əliyevin hərbi quruculuq istiqamətində atdığı addımlar müstəsna əhəmiyyət daşıyır. Məhz bu hərbi-siyasi üsul davam etdirilməlidir.

13 sentyabr tarixli insident və bu kimi digər erməni təxribatları ölkədə həmrəylik mühitinin və siyasi sabitliyin qorunmasının müstəsna əhəmiyyətini göstərir. Azərbaycanın məqsədi bölgədə sülhün təmin olunmasıdır. Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır. Həmçinin beynəlxalq ictimaiyyət sülhə və tərəqqiyə dəvət edən Azərbaycan ilə beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan, habelə millətçilik əhvalını yayan Ermənistan arasında seçim etməlidir.

Maşallah Əliyev,

Birinci Qarabağ müharibəsinin veteranı və  qazisi


Digər xəbərlər

0.24710297584534