Bütün təhdidlərin qarşısı alınacaqdır

10:22 29-09-2022 | icon 343
Bütün təhdidlərin qarşısı alınacaqdır

Sentyabrın 27-də Prezident, Ali Baş Komandan İlham Əliyev Füzuli rayonunda olarkən deyib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edən, bir milyondan çox azərbaycanlını doğma torpaqlarından didərgin salan, 1992-ci ildə Xocalı soyqırımını törədərək, qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər günahsız dinc sakini qətlə yetirən, minlərlə sakinimizi məhv edən əli qanlı cəlladdır. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür.  Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.

       Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 1992-ci il 24 mart tarixində təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır.

Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir. Ermənistan Azərbaycana qarşı nə indi, nə də gələcəkdə heç bir real təhlükə yarada bilməyəcəkdir. Bu gün fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq. Azərbaycanın hər bir vətəndaşı vəd verməlidir ki, daim müstəqilliyin keşiyində duracaqdır. Azərbaycan xalqı qoymayacaq ki, bir daha düşmən başını qaldırsın, qoymayacaq ki, bir daha bizim üçün təhdid yaratsın.

Adışirin  Kazımov,  

Cəlilabad rayonu, Üçtəpə  kənd  tam  orta  məktəbinin  direktoru


Digər xəbərlər

0.17907404899597