S.Möhbalıyev: “Azərbaycan dövlətçiliyinin təməlində Ulu Öndərin zəngin siyasi irsi dayanır”

09:24 02-10-2022 | icon 637
S.Möhbalıyev: “Azərbaycan dövlətçiliyinin təməlində Ulu Öndərin zəngin siyasi irsi dayanır”

“Dünya tarixində Azərbaycanın yeri həm də onun xalqının yetirdiyi
şəxsiyyətlərin rolu ilə böyükdür. Tariximizdə dərin iz qoymuş həmin
şəxsiyyətlər xalqın taleyüklü məsələlərini öz üzərinə götürmüş, əhəmiyyətli
strateji qərarlar qəbul edərək onu üzləşdiyi bəlalardan xilas etmiş, dövlətimizin
mövcudluğunu qoruyub saxlamışdır. Belə dahilərdən biri də müstəqil, suveren,
demokratik dövlət quran, onu beynəlxalq səviyyəyə yüksəldən, söz sahibi edən,
xalqının xoşbəxt həyatını təmin edən Heydər Əliyev fenomenidir. Bu dahi
şəxsiyyət rəhbərlik etdiyi xalqın bütün istəklərini layiqincə, böyük peşəkarlıqla,
yoruldum demədən çalışaraq yerinə yetirdi. Eləcə də bir dövlətin güclü, qüdrətli
olması üçün ən xırda siyasi detalları belə nəzərə alaraq əlindən gələn hər şeyi
etdi. Ən əsası isə Ulu Öndərimiz bütün bu işləri böyük şövqlə, xalqını, dövlətini
sevərək edirdi. Bu yolda heç bir təzyiqdən, təxribatdan çəkinməyərək, bütün
əngəlləri və maneələri mahir ustalıqla aşaraq böyük hədəflərə doğru şərəfli bir
yol aldı. Dönüb 1993-cü ilin Azərbaycanına bir nəzər yetirək: hakimiyyət
böhranı, ölkədə xaos və anarxiya, vətəndaş müharibəsi, parçalanma təhlükəsi,
sosial-iqtisadi vəziyyətin ağırlığı və xalqın son dərəcə ağır pisxoloji durumu.
Bir sözlə, dövlətin məhv olması üçün hər şey ortada idi. Yüksək intellektə,
parlaq zəkaya, peşəkar idarəçilik keyfiyyətlərinə sahib Heydər Əliyev xalqdan
aldığı sarsılmaz dəstəklə xilaskarlıq missiyasını uğurla yekunlaşdırdı. Bu çətin,
keşməkeşli, həm də şərəfli missiyanı vicdan və ləyaqətlə icra etməyi bacaran
Heydər Əliyev sonsuz sevdiyi xalqının inamını qazanmaqla Ümummilli Lider
zirvəsini fəth etdi”.


Bu fikirləri KİV-yə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində xalq öz liderinə heç
bir tərəddüd etmədən, şəxsiyyətinə böyük inam və etimadla səsini verdi. O,
ölkədə ictimai-siyasi sabitliyi bərqərar etdi, güclü iqtisadiyyatı olan, müstəqil
xarici siyasətə sahib, demokratik əsaslarla qüdrətli bir dövlət qurdu. Bu gün
uğurlarından qürur duyduğumuz qüdrətli Azərbaycanı. Heydər Əliyev ilk
gündən demokratiya yolu tutdu. Vətəndaşların daxili azadlığını, sərbəstliyini,
mənəvi ucalığını ali dəyər hesab edirdi. O, bu torpaq, Vətən üçün, xalq üçün
doğulmuşdu, Azərbaycanın tərəqqisi, azadlığı, müstəqilliyi naminə usanmadan
çalışdı. Məhz bu səbəblərdəndir ki, xalqın öz dahi oğluna sevgisi sonsuz və
əbədidir”, - AHİK sədri bildirib.

“Bugünkü güclü Azərbaycanın bütün uğurlarının kökündə dahi Heydər Əliyevin
uzaqgörənliyi, düşünülmüş, gələcəyə hesablanmış siyasəti dayanır. Ulu Öndərin
müzəffər davamçısı cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə
mərasimində bəyan etmişdir ki, Azərbaycanın daha güclü, qüdrətli dövlət
olması üçün Heydər Əliyev siyasəti davam etdiriləcək. Bu siyasi kursun layiqli
davamı nəticəsində bu gün ölkəmiz bütün sahələr üzrə hərtərəfli inkişaf edərək
Cənubi Qafqazın liderinə çevrilib. Fəxarətlə deyə bilərik ki, regionda
Azərbaycanın təmsil olunmadığı heç bir iqtisadi və siyasi layihənin icrasından
danışmaq belə mümkün deyil”, - Milli Məclisin deputatı vurğulayıb.

“Yeri gəlmişkən, bildirim ki, Azərbaycan həmkarlar ittifaqlarının müstəqil
qurum kimi formalaşmasında, möhkəmlənməsində, böyük nüfuz qazanmasında
Ulu Öndərin danılmaz xidmətləri dayanır. Onun yenidən hakimiyyətə gəlişi ilə
həmkarlar ittifaqlarının həyatında yeni dövr başladı. Ümummilli Liderin şəxsi
təşəbbüsü və nəzarəti altında 1994-cü ildə qəbul edilən “Həmkarlar ittifaqları
haqqında” qanun imkan verdi ki, istər Milli Məclisdə, istərsə də Nazirlər
Kabinetində əhalinin sosial-iqtisadi problemlərinin həlli ilə bağlı mühüm
məsələlərə dair qərarların qəbulunda təşkilatın verdiyi təkliflər əsas yerlərdən birini tutsun. Əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında həmkarlar ittifaqlarının hüquqları tanındı.
Azərbaycan həmkarlar ittifaqları beynəlxalq həmkarlar ittifaqları hərəkatının
tərkib hissəsinə çevrildi. Ulu Öndər hər zaman həmkarlar ittifaqlarının
fəaliyyətini izləyir, ona dövlət dəstəyi göstərir, qurultaylarına təbrik məktubları
göndərir, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirir, dəyərli tövsiyələrini
verirdi”, - AHİK sədri qeyd edib.

S.Möhbalıyev əlavə edib ki, müdrik və qədirbilən Azərbaycan xalqı ona dövlət
yaradan, bu yolda yoruldum demədən mübarizə aparan, mənalı ömrünü xalqına
bağışlayan, azərbaycanlı olduğu üçün fəxarət duyan dahi liderinin əziz xatirəsini
daim uca tutur, yad edir: “Dövlətimizin başçısı cənab İlham Əliyevin Sərəncamı
ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması onun xalq və dövlət
qarşısında misilsiz xidmətlərinə verilən ali dəyərin təzahürüdür. Bizim
müqəddəs borcumuzdur ki, Heydər Əliyev ideyalarını hər zaman qoruyub
saxlayaq, zəngin və qiymətli irsini növbəti nəsillərə ötürək. Bu irs bizim milli
sərvətimizdir. Hər bir azərbaycanlının qüruruna, iftixar mənbəyinə çevrilən
Heydər Əliyev xalqımızın tarixində və qəlbində daima yaşayacaq. Gələcək
nəsillər bu Vətəni, bu dövləti onlara bəxş etmiş, müstəqil, suveren, demokratik,
dünya siyasətində yüksək yeri və rolu olan qüdrətli Azərbaycan yaratmış Ulu
Öndərini ehtiramla anacaq”.


Digər xəbərlər

0.28585314750671