Səttar Möhbalıyev: “Cəbrayılın işğaldan azad edilməsi Zəfər tariximizin şanlı səhifəsidir”

10:19 04-10-2022 | icon 1227
Səttar Möhbalıyev: “Cəbrayılın işğaldan azad edilməsi Zəfər tariximizin şanlı səhifəsidir”

“Şanlı və şərəfli tariximizdə yeni səhifə açan, zamanın axarını dəyişən, Vətən
sevgisinin simvoluna çevrilən, hətta bir qarış torpağın belə necə əhəmiyyətli
olduğunu sübut edən, bu yolda ölümü müqqədəsləşdirən, hər günü
qəhrəmanlıqlarla dolu dastan olan 44 günlük Vətən müharibəsindən iki il ötür.
Bu müharibə sözün hər bir mənasında haqqın, ədalətin müharibəsi, xeyirlə şərin
mübarizəsi idi. Həmişə olduğu kimi, bu dəfə də haqq-ədalət zəfər çaldı. İşğal
edilmiş ərazilərin azad edilməsi, işğalçı ordunun məhvi, öz ata-baba yurdunda
yaşamaq hüququndan məhrum edilmiş insanların pozulmuş hüquqlarının
bərpası, beynəlxalq hüququn təmini, dünyada sülhü daim təhdid edən
separatizmə layiqli cavabın verilməsi Azərbaycanın parlaq Zəfəri ilə başa çatan
Vətən müharibəsinin nəticələrindəndir. Həmçinin işğal siyasəti ilə regionu iflic
edən, iqtisadi inkişafa mane olan, dövlətlərarası əlaqələri zəiflədən bir ölkənin
yaratdığı bu kimi əngəllər aradan qaldırıldı və regionun inkişafı üçün
perspektivlər açıldı”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, müharibənin ilk günündən xalqımızın hər bir nümayəndəsi
qələbəyə şəksiz əmin idi: “İnanırdı ki, cənab İlham Əliyevin yaratdığı Ordunun
qarşısında hansısa bir qüvvənin tab gətirməsi mümkünsüzdür. Hər bir əsgər və
zabitimiz böyük ruh yüksəkliyi ilə döyüşə köklənərək düşmənin uzun illər
möhkəmləndirdiyi və keçilməz adlandırdığı sədləri bir həmlə ilə aşdı, yoruldum
demədən dağlardan, qayalardan keçdi. Xalqımız hər gün cəbhədən gələn qələbə
xəbərlərinin sevinci ilə yaşayırdı. Təbii ki, hər bir zəfərin kökündə şəhid qanı var, kəndlərimiz, qəsəblərimiz, şəhərlərimiz əsgər və zabitlərimizin canı, qanı bahasına düşməndən təmizlənirdi”.
“Rəşadətli Ordumuzun zəfərə gedən yolunda mühüm qələbələrdən biri Cəbrayıl
şəhərinin düşməndən təmizlənməsi oldu. Xalqımız bu xəbəri böyük coşğu ilə
qarşıladı və Cəbrayıl işğaldan azad edilən ilk şəhər kimi Zəfər tarixinə həkk
oldu. Rayonun azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən
hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, 22775
əsgər və zabitimiz Prezidentin sərəncamına əsasən, “Cəbrayılın azad
olunmasına görə” medalı ilə təltif edildi. Ermənistanın təcavüzkar xislətinin və
vadalizm hərəkətlərinin bariz nümunəsi Cəbrayıl rayonunda törətdikləri
vəhşiliklərdir. Onlar 1993-cü il avqustun 23-də rayonu işğal edərək 72
ümumtəhsil məktəbini, 8 xəstəxananı, 132 tarixi abidəni, 150 mədəniyyət
ocağını, 100-ə yaxın kəndi insanlığa sığmayan hərəkətlərlə məhv etdilər. Bu
yerin sakinləri köçkün həyatı yaşamağa məcbur oldular”, - Milli Məclisin
deputatı deyib.
AHİK sədri əlavə edib ki, işğaldan azad edilmiş digər ərazilərimizdə
olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri operativ və
sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və
firavan yaşamsı üçün bütün infrastruktur yaradılır: “Həmçinin məşğulluğun
yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.
Dövlətimizin başçısı cənab İlham Əliyev Cəbrayıl rayonuna mütəmadi səfərlər
edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində
iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. İnanırıq ki, yaxın gələcəkdə
Cəbrayıl ölkəmizin inkişaf etmiş rayonlarından birinə çevriləcək”.


Digər xəbərlər

0.25379014015198