Səttar Möhbalıyev: “Praqa görüşlərində ölkəmizin mövqeləri prinsipial olaraq təmin olundu”

20:29 07-10-2022 | icon 866
Səttar Möhbalıyev: “Praqa görüşlərində ölkəmizin mövqeləri prinsipial olaraq təmin olundu”

“Dövlətimizin başçısı cənab İlham Əliyev 2003-cü ildə Prezidenti seçildikdən
sonra Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən bəyan etmişdir ki,
Azərbaycan ərazisinin bir qarışını da heç kimə güzəştə getməyəcək, bizim
Ermənistana güzəştimiz o ola bilər ki, münaqişəni masa arxasında əyləşərək həll
edək. Verdiyi hər bir sözünün sahibi olan, xalqına verdiyi bütün vədləri
layiqincə yerinə yetirən cənab İlham Əliyev ölkəmizin ərazi bütövlüyü
məsələsində bir addım da olsun geri çəkilmədi. Güclü diplomat və mahir
sərkərdə kimi ölkəmizin ərazi bötövlüyünü əsl Vətən oğlu kimi qorudu, bütün
cəbhələrdən qalib əsgər kimi çıxdı. Prezident İlham Əliyev Ermənistanla
münasibətlərin normalaşdırılması istiqamətində aparılan danışıqlarda şəxsən
özünün müəllifi olduğu reallıqlardan çıxış edərək ölkəmizin maraqlarını
ləyaqətlə qoruyur. Bütün danışıqların nəticələrinə nəzər yetirsək, görərik ki,
Prezidentimizin polad iradəsi, qətiyyəti, prinsipiallığı sayəsində diplomatik
uğurlarımız biri-birinin ardınca gəlir. Bunların sırasına Çexiyanın paytaxtı
Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti
Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və
Ermənistanın baş naziri Nikol Paşinyanla dördtərəfli görüşü də əlavə edə
bilərik”.


Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.


Onun sözlərinə görə, Praqda baş tutan dördtərəfli danışıqların yekununda
qəbul olunan bəyanat ölkəmizin növbəti diplomatik qələbəsidir: “Burada
qeyd olunan məqamlar bilavasitə Azərbaycanın maraqlarını əks etdirir.
Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması dövlətimizin

başçısı cənab İlham Əliyevin bu istiqamətdə uzun illər davam etdirdiyi
siyasi fəaliyyətin parlaq qələbəsidir.
Həmçinin Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü və suverenliyini
tanıyıb. Bəllidir ki, ölkəmizin heç bir qonşu dövlətin ərazisində gözü
olmayıb, hər zaman mehriban qonşuluq prinsiplərindən çıxış edib,
regionda sülh və sabitlik tərəfdarı olub. Bu, Prezident İlham Əliyevin
siyasi fəaliyyətinin mühüm tərəfini təşkil edib. O, hər bir məsələdə
Azərbaycanı dünyada humanist, sülhsevər ölkə kimi tanıdıb”.
AHİK sədri qeyd edib ki, vacib məqam isə ərazi bütövlüyü və
suverenliyin tanınması zamanı BMT Nizamnaməsinin əsas hesab
olunmasıdır: ”Bununla da Ermənistan Qarabağın Azərbaycanın ərazisi
olduğunu təsdiqləyir, eləcə də suverenliyi tanımaqla Qarabağ üzərində
Azərbaycanın hakimiyyətini qəbul edir. Təbii ki, sülh sazişinin
imzalanması üçün aparılan danışıqlarda Azərbaycanın əsas hədəflərindən
biri də bu idi. Dövlətimizin başçısının peşəkarlığı, dönməz siyasi iradəsi,
dəyişməz mövqeyi sayəsində Azərbaycan bu nailiyyətə imza atdı.
Prezident İlham Əliyev 2 hissədən ibarət və beş saatdan artıq davam edən
gərgin Praqa görüşündə ölkəmizin maraqlarını şərəflə təmin etdi. Sübut
etdi ki, heç bir ermənipərəst qüvvə Azərbaycana təzyiq göstərə bilməz”.
“Məlumdur ki, parlaq qələbəmizlə başa çatan Vətən müharibəsindən sonra
qalib Azərbaycan dəfələrlə sərhədlərin delimitasiyası və demarkasiyası
məsələsinin vacibliyini vurğulayıb. Həmçinin bu məqam Ermənistana
təklif olunan beş maddəlik prinsipdə də öz əksini tapıb. Odur ki, görüşdə
sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi
məsələsində də razılığın əldə olunması ölkəmizin maraqlarına tamamilə
uyğundur”, - Milli Məclisin deputatı əlavə edib.


Digər xəbərlər

0.23844003677368