Əməkdaşlığın səmərəliliyi daha da artacaq

17:31 13-10-2022 | icon 1179
Əməkdaşlığın səmərəliliyi daha da artacaq

Prezident İlham Əliyevin Qırğızıstana səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı və möhkəmlənməsi baxımından çox əhəmiyyətlidir. Dövlət başçılarının rəsmi görüşündə müzakirə olunan məsələlər və imzalanan sənədlər münasibətlərin sonrakı mərhələdə yüksələn xətlə inkişafına təkan vermiş oldu.

     Dövlətimizin başçısı Bişkekd qeyd edib ki, yarım il bundan əvvəl biz Strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamışıq ki, bu da münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çıxarıb. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta dəhlizin bir hissəsi olacaq. Bunun indi baş verməsi anlaşılandır. Lakin əsas odur ki, bizim regionda və Qərbi Xəzər regionunda həyata keçirilən bütün bu layihələr sinxronlaşdırılmalıdır.

       Ələt ticarət limanının potensialını 15 milyon tondan 25 milyon tona qədər genişləndirməkplanlaşdırılır. Prinsipcə, bu planlar əvvəldən mövcud idi, lakin biz buna uzaq perspektiv kimi baxırdıq. Lakin bu gün bəzi günlərdə limanda hətta tıxaclar da yaranır. Çünki yüklərin həcmi sürətlə artır, 9 ay ərzində 60 faiz artım olub. Bu, yüklərin nəqlində əhəmiyyətli göstəricidir.

         Nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər birləşdirilməlidir. Azərbaycanda yüklərin bütün istiqamətlərə - həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları Qırğızıstan üçün açıqdır.

Prezident İlham Əliyevin Qırğızıstana səfəri zamanı imzalanan sənədlər olduqca böyük əhəmiyyət daşıyır. İlk növbədə, hər iki ölkənin prezidentinin iştirakı ilə Birinci Dövlətlərarası Şuranın keçirilməsi, qərarların qəbulu olduqca əhəmiyyətlidir. Qırğızıstan ilə Azərbaycan arasında iqtisadi əlaqələr arzu edilən səviyyədə deyil, lakin iki ölkə arasında Birgə İnvestisiya Fondunun yaradılması bu sahənin inkişafına böyük töhfə verəcək. Eyni zamanda, “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum”unun imzalanması ölkələrimiz arasında iqtisadi-ticari münasibətləri daha da gücləndirəcək. Həmçinin Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Nizami Gəncəvi adına 103 saylı məktəbin, Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılması ölkələrimiz arasında humanitar, mədəni əlaqələrin yüksək səviyyəsindən xəbər verir.

Arif Nəcəfov,

Cəlilabad Rayon Statistika İdarəsinin rəisi


Digər xəbərlər

0.21302795410156