Qələbəyə ümidlərin doğrulduğu məkan

11:40 17-10-2022 | icon 909
Qələbəyə ümidlərin doğrulduğu məkan

17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. İki il bundan əvvəl şanlı Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad edib, Azərbaycan bayrağı qaldırılıb və uzun fasilədən sonra Azərbaycan dövləti bu ərazilərdə öz suverenliyini təmin edib. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərərək tarixi ədaləti bərpa etdi.

       Dövlət başçısının uğurlu daxili siyasətinin bariz nümunəsi özünü Füzuli rayonunda da göstərməkdədir. Cənab İlham Əliyevin Füzuli rayonuna hər səfəri, burada bir sıra obyektlərin açılışında iştirak etməsi, füzulilərlə səmimi və yaddaqalan görüş keçirməsi rayon əhalisinin qəlbində dərin iz buraxıb. Dövlət başçısı məcburi köçkünlərin yaşadıqları ərazilərə həmişə sevinc gətirib.

       Hazırda Azərbaycan tarixinin ən şərəfli səhifələri yazılır. Respublika Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi xəttə sadiq olan vətəndaşlar həm iqtisadiyyatı möhkəmləndirir, həyat şəraitlərini yaxşılaşdırır, həm də rayonun ictimai-siyasi həyatında daha fəal iştirak edirlər. Bu gün Füzuli rayonu bütövlükdə regionun inkişaf mərkəzi kimi tanınır. Füzuli-Şuşa avtomobil yolu, Füzuli-Hadrut yolu,  Füzuli-Ağdam yolu, Füzuli hava limanı, 180 çarpayılıq xəstəxananın inşası, Dövlətyarlı kəndində “Ağıllı kənd”in, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, Peşə liseyinin, çoxmənzilli yaşayış binasının tikintisi, Qaraxanbəyli kəndində xatirə lövhəsinin yaradılması görülən işlərin nümunəsidir. Bunlar onu göstərir ki, yaxın gələcəkdə Füzuli ölkəmizin ən abad məkanlarından biri olacaq.

       Azərbaycan vətəndaşları  məhz bu amalla yaşayır, işləyir və öz sabahlarını qururlar. Bu səhifələr xalqımızın milli-mənəvi birliyi, ordumuzun igidliyi, rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi ilə  yazılır. 30 ilə yaxın düşmən tapdağı altında qalan bütün torpaqlarımız yeni dövrə qədəm qoyur, Qarabağ, Şərqi Zəngəzur öz tarixi,  mədəniyyəti, musiqisi,  qan yaddaşı ilə yenidən doğulur, dirçəlir.  Mən inanıram ki, xalqımız  hər zaman olduğu kimi, milli birliyi davam etdirəcək,  ölkə başçısının ətrafında sıx birləşərək Azərbaycanımızın inkişafı, daha da güclənməsi naminə öz səylərini göstərəcəkdir.  

İslam İsgəndərov,

Cəlilabad rayon Mənzil-İstismar Sahəsinin rəisi, ehtiyatda olan zabit


Digər xəbərlər

0.23609519004822