Qəhrəmanlar unudulmur - Zahid Hüseynli yazır

18:31 17-10-2022 | icon 1908
Qəhrəmanlar unudulmur - Zahid Hüseynli yazır

Vətən uğurunda ölən varsa, vətəndir.

                                                         Məhəmməd Əmin Rəsulzadə

                             

             

Lerik rayonunun inzibati ərazisi sayılan dəniz səviyyəsindən 827 metr yüksəklikdə yerləşən buz bulaqları, şırıl-şırıl axan nərə salan dağ çayları, sıx meşəlikləri, axarlı- baxarlı təbiəti olan dağlar qoynuna sığınan Əvilə kəndi. Ulu Tanrı bu yerlərə sığal çəkib, heç nəyi əsirgəməyib. Bu yerlərin adamları da dağ çayları kimi saf, təmiz olublar. Neçə-neçə minilliklərdən bu günümüzə çatan bir deyim də var: El igidlərinnən tanınar. Bu el də addı-sannı ağsaqqalları ilə mərd, igid oğulları ilə tanınıb və bu gün də tanınmaqdadır.

1994-cü ilin bir payız axşamında dünyaya göz açıb. Həmin il yağı düşmənlərimizin Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın, Kəlbəcərin işğalından bir ilə yaxın vaxt ötürdü. Kiçik Şəmistan Birinci Qarabağ Müharibəsində xüsusi igidlik göstərən həmkəndlisi, şəhid Şahin Sadıxovun adını daşıyan Əvilə kənd ümumi tam orta məktəbində oxuya-oxuya müharibənin nə olduğunu tarix dərslərindən, eləcə də atası Məşədi Əbdülağadan eşidərdi. Orta məktəbi bitirən kimi öz həyat yolunu müəyyənləşdirərək, ordu sıralarına yazılır.

 

 

Ömürnaməsinə bir nəzər

2016-cı il Yevlax sərhəd qoşunları alayında

2016-cı il Aprel döyüşlərində yağı düşmənlə vuruşur

2019-cu ildə Qazaxa göndərilir

2019-cu ildə Sülhməramlıların tərkibində Əfqanıs­ta­nın paytaxtı Kabil şəhərində altı ay hərbi təlimlərə qatılır.

2022-ci ilin payızında 44 günlük Vətən Müharibəsində şiddətli döyüşlərdə xüsusi fərqlənir.

Bir neçə medalla təltif olunur. Torpaqlarımızın bir qismi Şuşa, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Kəlbəcər 27 ildən sonra rəsmi rəqəmlərdə göstərildiyi kimi 7 itkin, 2907 şəhidin qanı bahasına, igid əsgər və zabitlərimizin amansız döyüşləri nəticəsində işğaldan azad olunur. Həmin ay atası Əbdülağanın fərəhlə yazdığı məktubdakı qoşqunu bir müəllif kimi bu yazıya düzməyi özümə borc bildim.

       

 

         Fəxr edir səninlə bu ana vətən

         Vətən məhəbbətli qəhrəman oğlum

         Zəfərlə tarixə yazıldı adın

         Vətən məhəbbətli qəhrəman oğlum.

 

         Göylərə sovurdun namərd daşını

         Zəhərə döndərdin yağlı aşını

         Dəmir yumruğunla əzdin başını

         Vətən məhəbbətli qəhrəman oğlum.

 

         Dünya danışacaq şöhrət şanından  

         Sən vətən uğurunda keçdin canından

         Qorxmadın düşmənin axan qanından

         Vətən məhəbbətli qəhrəman oğlum.

 

          Kərpic-kərpic hördün zəfər tağını

          Qovdun bu torpaqdan namərd yağını

          Ürəklərdən sildin həsrət dağını

          Vətən məhəbbətli qəhrəman oğlim.

 

           Nərən ilə düşmən səfi dağıldı

           Bütün ellər zəfər xəbərin aldı

           MƏŞƏDİNİN xəstə canı sağaldı

           Vətən məhəbbətli qəhrəman oğlum.

 

UNUTMA Kİ, UNUDULMAYASAN!

2022-ci il 12-13 sentyabr

Artıq bir neçə gün idi ki, Qubadlı-Zəngilan istiqamətində erməni cəlladları hücuma başladılar. Şiddətli döyüşlər ara vermirdi. Kəşfiyyatçılarımız əks hücum yolunu müəyyənləşdirdikdən sonra baş çavuş Şəmistan Sadıxov, leytenant Anar Rüstəmov, gizir Elməddin Quliyev yolu minalardan təmizləyib arxa cəbhəyə yol açarkən, pusquda gizlənmiş əlliyə yaxın düşmən ard-arda atəş açır, qumbaralardan istifadə edirlər. Mina təmizləyənlərimiz 15-20 metrlikdə yağı düşmənlə üz-üzə qalırlar. Amansız döyüş ara vermir. Mina təmizləyənlər ölümün gözünə dik baxaraq hərəsi bir istiqamətdən pusquda  gizlənmiş namərd düşmən üzərinə əks hücuma keçirlər. Zabit Anar Rüstəmov ağır yaralanır. Az keçmir ki, baş çavuş Şəmistan Sadıxov da yaralanır və son nəfəsinə kimi vuruşaraq neçə-neçə azğınlaşmış düşmənin leşini yerə sərirlər. Arxadan gələn əsgərlərimiz düşmənə aman vermir. Oddan-alovdan çıxmış Şəmistan Sadıxov həmin gecə qanlı döyüşlərdə son nəfəsinə kimi vuruşaraq sentyabrın12-dən 13-nə keçən gecə saat 1 radələrində düşmən gülləsinə tuş gəlir. Döyüşçülərimiz murdar düşməni geri çəkilməyə məcbur edir və strateji yüksəkliyi ələ keçirirlər. Həmin günlər ərzində rəsmi məlumatlarda 81 nəfər şəhidin adı çəkilir. O gecə Şəmistanın yağılara qarşı son döyüşü olur. Onun qara xəbəri ildırım kimi hər tərəfə yayılır. Əvilə kəndi həmin gecəni səhərə kimi ayaqda olur. Atası Əbdülağanın doğma xalaoğlusu hal-hazırda Bakı Dövlət Universi­tetində çalışan Şəmistanı ayaqlarıyla yola salan Ulduz Əhmədov bu dəfə isə  yaxınları  ilə birgə çiynində şəhidin nəşini götürərək Əvilə kəndinə üz tuturlar. Günortaya yaxın bütün el-oba Lənkaranın “Nar bağı” deyilən ərazisindən ta Lerikin Əvilə kəndinə kimi yolun sağ-solunda Azərbaycan bayraqları ilə düzülmüş çoxlu insan axınının şahidi oluruq. 5-6 km uzunluqda maşın karvanı şəhidin doğulduğu Əvilə kəndinə yaxınlaşır. Yer-göy sanki qan ağlayır, adam əlindən iynə atsan yerə düşməzdi. Dəfn mərasimində kənd camaatı, yaxın-uzaq ellərdən gələnlər, Lerik rayonunun eləcə də Müdafiə Nazirliyinin rəsmiləri şəhid Şəmistan Sadıxovu torpağa tapşırırlar. Müdafiə Nazirliyi, eləcə də dəfn mərasimində iştirak edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov şəhid Şəmistan Sadıxovun göstərdiyi qəhrəmanlığa görə onun layiqli qiymətini vermələrini diqqətlə izləyirik. Sinəsi dağlı qalan, gözü yaşlı qalan ata-ana üçün bu yeganə təsəlli ola bilər.

Övlad itkisi olduqca ağır bir taledir. Atanın qəmlə, kədərlə yazdığı bu qoşquda yanğını hiss etməyə bilmirsən. Bu yanğı onun misralarına hopub, özü də birdəfəlik. Bu yanğı hər birimizi göyüm-göyüm göynədir.

         

 Dikmə yola gözlərini

           Gəlməz daha Şəmistanın!

           Bax ağla bəy otağına

           Gəlməz daha Şəmistanın!

 

 

           Namərd fələk vurdu beldən

           Yox əlamət qara teldən

           Vaxtsız getdi evdən eldən

           Gəlməz daha Şəmistanın!

 

 

           Ay Məşədi dərdin bəlli

           Neylər sənə de təsəlli

           Döy başına iki əlli

           Gəlməz daha Şəmistanın!

 

Yox, yox, Şəmistan ölümü ilə ölümsüzlüyə, şəhidlik zirvəsinə qalxaraq şəhadətə qovuşdu. O bir tarix yazdı, bir uz qoydu. Erməniyə qan udduran, şir biləkli Şəmistan təkcə eldən yox, Azərbaycandan getdi. Cəmi 28 il qısa bir ömür yaşadı, örnək bir iz qoydu. Qəhrəmanlıq tarixinə elə qəhrəman kimi düşdü. Onun toy günü ilə son günü cəmi 84 gün çəkdi. Onun haqqında bu nə ilk yazımızdı, nə son. Zaman və tarix öz qiymətini verəcək.

Onu da qeyd edim ki, qanunlarımızdakı bu boşluq, həyatı yarımçıq qalmış bir gəlinin,  gözü yaşlı üç bacının bir tək qardaşın, sinəsinə çalın-çarpaz dağ çəkilmiş, bir gecə­də saçlarına dən düşən ata-ananın, bir sözlə Sadıxov­lar ailəsinin çırağını söndürdü. İnanıram ki, qəlbdəki nurlu ışıqların köməyi ilə tarix dərsliklərinə bir cığır açılacaq gün bu sönmüş ocaq yenidən közərəcək. Bu borc sizlərin, bizlərin, tarixçilərin boynuna düşür.

Yeri gəlmişkən onu da deyim ki, xvııı əsrin əvvəllərindən I-ci Pyoturun vəsiy­yətnaməsini həyata keçirən rus şovinistləri əzəli dədə-baba torpaqlarımız olan İrəvan, Göyçə, Basarkeçər, Zəngəzur, Mehri bir sözlə bütün əzəli torpaqlarımızda Ermənistan adlı bir qurum yaradan rus millətçilərinin köməyi ilə torpaqlarımız işğal olunub. Dünyada müalicəsi olmayan hayların öz erməni xəstəliyinə düçar olmuş hiyləgər, məkrli, mənfur, özlərini dünyaya məzlum kimi hay-həşir salan  erməni dığaları hər 25-30 ildən bir ərazi iddiaları qaldıraraq qırğınlar törədərək torpaqlarımızı işğal ediblər. Bu gün hər birimiz silaha sarılıb, düşmənin almını vermək, torpaqlarımızı azğınlaşmış yağı düşməndən azad etmək bizlərin boynuna düşür.

İndi yerin-göyün yeddi qatında dolaşan qürur mənbəyimiz, and yerimiz minlərlə şəhid ruhları o vaxt şad olacaq ki, 1992-ci ildə Xocalı soyqrımını törədən hələ də düşmən tapdağında olan Xocalı, Xankəndi, Ağdərə, Əsgəran, Xocavənd yağı düşməndən birdəfəlik təmizlənəcək. Bu bizim MİLLİ BİRLİYİMİZDƏN bir də DƏMİR YUMRUQDAN keçir. Bu istəklə, bu yazını qələmə alan;

                                                                                                                                

  Zahid Hüseynli

  Bakı Dövlət Universitetinin           

 əməkdaşı, Azəbaycan  

 Jurnalistlər Birliyinin üzvü     


Digər xəbərlər

0.27858090400696