Ərazilərin bərpası prosesi əhatəli və dinamik şəkildə davam edir  

09:51 20-10-2022 | icon 1178
Ərazilərin bərpası prosesi əhatəli və dinamik şəkildə davam edir  

Artıq iki  ildir ki,  erməni işğalından azad olunmuş Zəngilanda da üçrəngli bayrağımız dalğalanır. 2020-ci ilin 27 sentyabrından başlayaraq hər gün Ali Baş Komandan cənab İlham Əliyevin Qarabağın kəndbəkənd, şəhərbəşəhər işğaldan azad olunması barədə verdiyi xoş müjdələr biri-birini əvəz edirdi. Bəli, biz əminliklə deyirdik ki, müzəffər ordumuzun döyüş meydanında rəşadəti qarşısında ermənilər tab gətirə bilməyəcək. Doğma torpaqlarında müharibə aparan ölkəmiz ərazi bütövlüyünü qarış-qarış bərpa edirdi. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.

Müharibənin başa çatmasından ötən iki ildə ərazilərin yenidən qurulması istiqamətində görülən işlərin miqyası olduqca genişdir. Bu iş əsasən infrastruktur sahələrindən başlamaqla kompleks xarakter daşıyır.  Həm yollar bərpa olunur, həm enerji ilə təminat yoluna qoyulur, həm də kənd və şəhərlərin bərpası üçün yeni layihələr icra olunur. Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Cari ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var.

Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa olunacaq hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.

        Bəli, Zəngilanın azad edilməsi İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən hərbi qulluqçularımız medallarla təltif edilib. Onlar ərazilərimizin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar.

 

   Şahlar Əsədullayev,

Cəlilabad rayonu, Bölgə Təcrübə Stansiyasının rəisi, YAP fəalı


Digər xəbərlər

0.23443508148193