AHİK sədri Səttar Möhbalıyev ölkəmizdə səfərdə olan xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndələri ilə görüşüb

10:35 20-10-2022 | icon 1053
AHİK sədri Səttar Möhbalıyev ölkəmizdə səfərdə olan xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndələri ilə görüşüb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən
mədəniyyət paytaxtımız Şuşa şəhərində “Müqavimətin potensialı və sülhün
təmin edilməsi məqsədilə məşğulluq və layiqli əmək haqqında” adlı xarici
ölkələrin həmkarlar ittifaqlarının iştirakı ilə dəyirmi masa keçiriləcək.
Dəyirmi masada iştirak etmək üçün Bosniya və Herseqovina, Portuqaliya,
Serbiya, Albaniya, Qırğızıstan, Litva, Gürcüstan və Moldovadan ölkəmizə gələn
həmkarlar ittifaqlarının nümayəndələri oktyabrın 19-da AHİK sədri, Milli
Məclisin deputatı Səttar Möhbalıyevlə görüşüblər.
Ölkəmiz haqqında qonaqlara ətraflı məlumat verən S.Möhbalıyev Azərbaycan
həmkarlar ittifaqlarının fəaliyyətindən, həyata keçirdiyi layihələrdən,
pandemiya şəraitində gördüyü işlərdən, əməyin təhlükəsizliyi, işçilərin
sağlamlığının qorunması istiqamətində atdığı addımlardan danışıb.
Bildirib ki, Azərbaycanda həmkarlar ittifaqları işçilərin hüquqlarının qorunması
məqsədilə ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə iş şəraitinin dövrün
tələb və standartlarına uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək
hüquqlarının təmin olunması sahəsində müasir metod və vasitələrdən
yararlanaraq davamlı və planlı şəkildə öz işini uğurla davam etdirir. Həmkarlar
ittifaqları tərəfindən əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək
hüquqlarının qorunması, asudə vaxtın təşkili, müəssisə rəhbərləri ilə işçilər
arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək
ziddiyyətlərin aradan qaldırılması istiqamətində görülən işlər öz müsbət
nəticələrini verməkdədir.
AHİK sədri vurğulayıb ki, COVID-19 pandemiyası başlayanda dövlətimiz
qabaqlayıcı tədbirlər görərək onun bütün sahələrdə mümkün təsirlərini
azaltmağa çalışdı: “Məhz bunun nəticəsidir ki, Azərbaycan pandemiyadan ən az
itkilərlə çıxan nümunəvi ölkə oldu. İşsiz vətəndaşlara 190 manat məbləğində

pul ödənildi və bu, 200 min insanı əhatə edib. Bu məqsədlə dövlətimiz
tərəfindən 70 milyon manat vəsait ayrılıb. Qeyd olunan göstəricilər daha sonra 3
dəfə artırılıb. Həmçinin dövlətimiz tərəfindən 90 min ödənişli ictimai iş yerləri
açıldı, 17 min aztəminatlı tələbənin təhsil haqqı dövlət hesabına ödənildi.
Ümumilikdə Azərbaycan hökuməti pandemiyaya qarşı mübarizəyə 3, 5 milyard
manat vəsait sərf edib.
Azərbaycan həmkarlar ittifaqları da hər zaman olduğu kimi, pandemiya
dövründə də dövlətin bütün çağırışlarına adekvat cavab verərək COVID-19-un
fəsadlarının aradan qaldırılması istiqamətində əhəmiyyətli işlər gördü, bir çox iş
yerlərinin saxlanılmasına nail oldu, aztəminatlı ailələrə yardımlar göstərdi.
Ümumilikdə Azərbaycan həmkarlar ittifaqları tərəfindən pandemiyaya qarşı
mübarizəyə 20 milyon manatdan artıq vəsait xərclənib”.

Həmçinin S.Möhbalıyev uzun illər davam etmiş Ermənistanın işğalçı
siyasətindən, törətdiyi vandalizm hərəkətlərindən və terror aktlarından, bunun
nəticəsində bir milyondan artıq insanın məcburi köçkün həyatı yaşamasından,
hətta işğal dövründə danışıqları pozmaq üçün əl atdığı hərbi təxribatlardan söz
açıb.
Qeyd edib ki, 2020-ci ilin 27 sentyabrında təcavüzkar dövlətin növbəti hərbi
təxribatına cavab vermək üçün əks-hücum əməliyyatlarına başlayan Azərbaycan
Ordusu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi
44 gün ərzində 30 illik işğalı Zəfərlə tamamladı, işğalçı ordunu məhv etdi,
separatizmə layiq olduğu cavabı verdi, eləcə də uzun illər beynəlxalq hüququn
pozulmuş prinsiplərini bərpa etdi. Şərqi Zəngəzurda və Qarabağda aparılan
abadlıq-quruculuq işlərindən danışan Konfederasiya sədri bütün bunları
Azərbaycanın heç bir kənar kömək olmadan özünün maliyyə imkanları hesabına
etdiyini vurğulayıb. Müharibə dövründə Azərbaycan həmkarlar ittifaqlarının
fəaliyyətindən danışan S.Möhbalıyev bildirib ki, AHİK və onun üzv təşkilatları
tərəfindən Vətən müharibəsi və sonrakı dövrdə 10 milyondan artıq vəsait

xərclənib, o cümlədən 346 şəhidin övladı həmkarlar ittifaqları tərəfindən
himayəyə götürülüb və hər ay onlara maddi dəstək göstərilir.
Şuşada keçiriləcək dəyirmi masaya toxunan AHİK sədri qeyd edib ki, hər bir
ölkədə məşğulluğun təmin edilməsi, ən yüksək səviyyədə layiqli əmək şəraitinin
yaradılması son dərəcə aktualdır. Bu baxımdan tədbirin mövzusunu əhəmiyyətli
hesab edən S.Möhbalıyev aparılan müzakirələrin və gəlinən qənaətlərin
səmərəli olacağına əminliyini ifadə edib və tədbirin işinə uğurlar arzulayıb.
Şuşanın təbii gözəllikləri və əzəməti haqqında qonaqlara məlumat verən Milli
Məclisin deputatı təssüflə əlavə edib ki, Ermənistanın vandal hərəkətləri bu
şəhərdən də yan keçməyib və Siz səfəriniz zamanı bunları öz gözlərinizlə
görəcəksiniz. Onun sözlərinə görə, ölkəmizin mədəniyyət paytaxtı Şuşanın şanı-
şöhrəti bu gün bütün dünyayanı bürüyüb: “İnanıram ki, bizim əziz Şuşamızın
gözəlliklərindən zövq alacaqsınız və bu, Sizdə xoş təəssüratlar yaradacaq”.
Səmimi görüş üçün təşəkkür edən qonaqlar Azərbaycanda olmaqdan
məmnunluqlarını bildiriblər. Qeyd olunub ki, məşğulluq, əməyin təhlükəsizliyi,
layiqli iş şəraiti, həmçinin məcburi əməyə qarşı mübarizə qlobal xarakter
daşıyır, məhz buna görə də Şuşada keçiriləcək dəyirmi masa hər birimiz üçün
önəmlidir.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər vacib məqamlardan da söz
açılıb, geniş fikir mübadiləsi aparılıb.


Digər xəbərlər

0.27982997894287