Səttar Möhbalıyev: “Zəngilanda hava limanının açılması bölgənin parlaq gələcəyinin müjdəsidir”

10:42 24-10-2022 | icon 1084
Səttar Möhbalıyev: “Zəngilanda hava limanının açılması bölgənin parlaq gələcəyinin müjdəsidir”

“Azərbaycan xalqının qəhrəmanlıq dastanı olan “Dəmir yumruq” əməliyyatının
əhəmiyyətli hissələrindən biri də Zəngilanın Ermənistan işğalından azad
olunmasıdır. Bu, Vətən müharibəsi dövründə Silahlı Qüvvələrimizin həyata
keçirdiyi ən sürətli və qısa zamanda zəfərlə başa çatan əməliyyatı kimi Zəfər
tariximizin parlaq səhifəsidir. Zəngilanın erməni işğalçılarından təmizlənməsi
düşməni xeyli sarsıtdı, təcavüzkar orduda ruh düşkünlüyünü artırdı,
məğlubiyyətlərini sürətləndirdi. Azərbaycan Ordusunda və xalqında isə
qələbəyə olan inamı möhkəmləndirdi, digər rayonlarımızın da işğaldan
qurtarılmasına yol açmış oldu. Bu məqamda mən əməliyyatın əsas iştirakçısı
olan Sərhəd Qoşunlarımızın fədakarlığını xüsusi qeyd etmək istərdim. Onlar
göstərdikləri şücaətlə bir daha təsdiqlədilər ki, Azərbaycan Silahlı Qüvvələrinin
bütün qoşun növləri və birləşmələri peşəkar səviyyədə istənilən əməliyyatı
uğurla başa çatdırmağa qadirdirlər. Sərhədçilərimizin yüksək döyüş qabiliyyəti
və əzmkarlığı sayəsində İranla dövlət sərhədimiz bərpa edildi”.


Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.


Onun sözlərinə görə, ermənilərin vəhşilikləri, vandal hərəkətləri bu rayondan da
yan keçməyib, düşmən uzun illər burada talançılıqla, xislətlərinə uyğun olan
dağıntılarla məğul olublar: “Hətta ekoloji terrora da əl atıblar. Azərbaycan isə
dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə buranı bərpa edir,
əvvəlki halından da daha gözəl vəziyyətə gətirilməsi istiqamətində fəal iş
aparılır. Artıq bunun bəzi real nəticələri ortadadır. Yeri gəlmişkən, Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oktyabrın 19-da bölgəyə -
Cəbrayıl və Qubadlıya səfərlərini qeyd etmək istərdim. Burada dövlətimizin
başçısı Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun Şükürbəyli-Cəbrayıl hissəsinin açılışını etdi, Cəbrayıl Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə və Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə mərkəzlərinin, həmçinin
Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlini qoydu. Eləcə də dövlətimizin
başçısı və birinci xanım bu rayonlarda görülən işlərlə, həyata keçirilən
layihələrlə tanış oldular. Qısa müddət ərzində görülən bu cür genişmiqyaslı işlər
ölkəmizin iqtisadi qüdrətinin nümayişi ilə yanaşı, həm də yenidən qurulan
bölgənin işıqlı gələcəyindən xəbər verir. Təbii ki, artıq icrasına start verilmiş
“Böyük qayıdış”ın tam reallaşması üçün infrastrukturun yaradılması, sosial
obyektlərin inşası son dərəcə vacib məqamdır. Dövlətimiz bu istiqamətdə plana
uyğun olaraq, sistemli və sürətli qaydada işləri ən yüksək səviyyədə davam
etdirir. Qubadlıda, o cümlədən digər işğaldan azad edilmiş ərazilərdə işğal və
zəfər muzeylərinin yaradılması mühüm layihələrdən biridir. Sakinlər, bölgəyə
səfər edəcək qonaqlar və turistlər, həmçinin gələcək nəsillər bu muzeylər
sayəsində Ermənistanın işğal əməlləri, törətdikləri hərbi cinayətlər, vəhşiliklər,
eləcə də yenilməz Azərbaycan Ordusunun rəşadəti, qəhrəmanlıqları ilə ətraflı
tanış ola biləcəklər”.
“Davamlı olaraq Şərqi Zəngəzura və Qarabağa səfərlər edən, görülən işlərə
bilavasitə özü nəzarət edən dövlətimizin başçısı cənab İlham Əliyev birinci
xanım Mehriban Əliyeva ilə birgə iğaldan azad edilməsinin ikinci ildönümündə
Zəngilanda oldular. Burada Arximed turbini tipli Su Elektrik Stansiyası işə
salındı, ilk yaşayış binasının və məktəbin təməlqoyma mərasimi baş tutdu.
Prezidentin Ağalı kəndinə səfərini xüsusilə qeyd etmək istərdim. Bilirik ki,
cənab İlham Əliyev respublikamızın rayonlarına səfər edərkən vətəndaşlarla
görüşür, söhbətlər aparır. Burada da elə oldu. O, öz ata-baba yurduna qayıdan
ağalılarla görüşdü, səmimi söhbətlər apardı, fotolar çəkdirildi. Həmin
məqamları izləyərkən mənim diqqətimi kənd sakinlərinin simasındakı xoşbəxt
təbəssüm daha çox çəkdi. Artıq məcburi köçkün həyatının ağrılarından, el
həsrətindən xilas olan sakinlər öz yurdlarında böyük sevinc və fərəh hissi ilə
yaşayırlar”, - Milli Məclisin deputatı deyib.

 

“Dövlətimizin başçısının rayona səfəri çərçivəsində öz möhtəşəmliyi ilə yadda
qalan, bölgənin hərtərəfli inkişafına stimul verəcək, nəqliyyat-logistika
imkanlarını daha da genişləndirəcək Zəngilan Beynəlxalq Hava Limanının
açılışı oldu. Bu əlamətdar tədbirdə dost və qardaş Türkiyənin Prezidenti cənab
Rəcəb Tayyib Ərdoğanın iştirakı, Prezident İlham Əliyevlə bərabər hava
limanının rəmzi açılışını bildirən lenti kəsməsi bir daha bəyan edir ki,
Azərbaycan və Türkiyə dar gündə də, şad gündə də biri-birinin yanındadır.
Bunun heç bir izahı yoxdur, bu yalnız qardaşlıq duyğularının təcəssümüdür.
Tarixən belə olub, ində də belədir, heç kimdə şübhə yoxdur ki, bu, gələcəkdə də
belə olacaq. Çünki burada söhbət qan qardaşlığından, bir atanın, bir ananın
övladlarından gedir. Həm cənab İlham Əliyev, həm də cənab Rəcəb Tayyib
Ərdoğan iki qardaş ölkəni və onların xalqlarını biri-birinə daha da
yaxınlaşdırdılar, əlaqələrini genişləndirdilər. Məhz bu, gələcək nəsillər üçün
böyük bir nümunədir”, - S.Möhbalıyev vurğulayıb.
“Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan
rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci
mərhələsinin açılışını etdilər. Əminəm ki, kompleks bölgədə kənd təssərüfatının
inkişafında, sakinlərin məşğulluğunun təmin olunmasında, həm də hər iki
ölkənin ərzaq təchizatında mühüm rol oynayacaq. Eləcə də Cəbrayılda
yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı
Tingçilik” və “Dostluq Meşəsi” Kompleksi Şərqi Zəngəzurun və Qarabağın
dirçəlişinə, daimi iş yerlərinin açılmasına, bu sahədə mütəxəssislərin
yetişməsinə, meşə təsərrüfatının genişlənməsinə gətirib çıxaracaq”, - AHİK
sədri əlavə edib.


Digər xəbərlər

0.30579805374146