Regional əhəmiyyətə malik olan əməkdaşlıq

16:02 26-10-2022 | icon 1056
Regional əhəmiyyətə malik olan əməkdaşlıq

Prezident İlham Əliyevin Gürcüstana növbəti səfəri olduqca maraqlı və əlamətdar hadisələrlə yadda qaldı. Səfərin yekunları və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi, eyni zamanda, strateji əlaqələrin yeni mərhələyə - müttəfiqlik səviyyəsinə yüksəlməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

 Başqa sözlə, iki dövlət arasındakı əlaqələr daim yüksələn xətt üzrə inkişaf edir, artıq Azərbaycan və Gürcüstan strateji tərəfdaşlıq mərhələsini geridə qoyaraq müttəfiqlik səviyyəsinə qalxıblar və bu münasibətlər faktiki olaraq, tərəflərin ortaq strateji maraqlarına söykənir. Ölkələrimiz arasında ildən-ilə möhkəmlənən əlaqələrin daha da inkişaf etməsi üçün böyük layihələr həyata keçirilir.

İcra olunan birgə layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıbdır. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini 5 milyon tona çatdırmaq fikrindəyik. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq.

Bəllidir ki, tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlər olmalıdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindəyik. Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır.

Görünən budur ki, Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq bütün region üçün nümunədir. Bu münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün tərəflərdə böyük siyasi iradə və istək var. Bu reallıqlardan çıxış edərək, hər iki ölkənin bundan sonra da bütün sahələrdə əməkdaşlığı inkişaf etdirəcəyi və daha böyük uğurlar qazanacağı şübhə doğurmur. 

Nəsib İsgəndərov,

Cəlilabad RİH-in əməkdaşı


Digər xəbərlər

0.26821994781494