Tarixi ənənələrə söykənən əməkdaşlıq

11:37 27-10-2022 | icon 1164
Tarixi ənənələrə söykənən əməkdaşlıq

Azərbaycan ilə Gürcüstan arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin tarixi
çox qədimdir. Bu münasibətlər zəngin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız
dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu
möhkəm təməl üzərində inkişaf edir. İki ölkənin münasibətlərinin tarixinə nəzər salsaq bu fikri
böyük əminliklə qeyd edə bilərik ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin və Gürcüstanın
keçmiş Prezidenti Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi əməkdaşlıqda yeni səhifə
açdı. Hər iki liderin Azərbaycanla Gürcüstan arasında əlaqələrin yüksələn xətlə inkişafında
rolu böyükdür. Təbii ki, burada onların şəxsi nüfuzu, eyni zamanda, bir-birlərinə yaxın dost
münasibətləri də əhəmiyyətli rol oynadı. Eyni regionda, mürəkkəb coğrafi ərazidə yerləşən
hər iki ölkənin əsrlərə söykənən qonşuluq, dostluq əlaqələri müstəqillik illərində daha da
genişləndi, iştirak etdikləri qlobal infrastruktur layihələrinin həlli ilə dünyanın enerji xəritəsinin
dəyişməsinə təsir göstərdilər. Bu baxımdan tam əminliklə söyləmək olar ki, möhkəm iradə,
etibarlı təməl üzərində formalaşan münasibətlər bu gün artıq dövlətlərarası tərəfdaşlığı
gücləndirən amil kimi diqqəti cəlb edir. Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə
çox uğurla əməkdaşlıq edir, siyasi, iqtisadi münasibətlər, hər iki xalq arasında əsrlərdən bəri
davam edən mehriban qonşuluq əlaqələri getdikcə möhkəmlənir. Dövlət başçısı İlham
Əliyevin oktyabrın 24-də Gürcüstana işgüzar səfəri çərçivəsində liderlərin mətbuata birgə
bəyanatları zamanı Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu məqama xüsusi diqqət
yönəldərək bildirdi: “Mən Sizin atanızdan, ölkənizin Ümummilli Liderindən sitat gətirmək
istəyirəm. Onun xatirəsinə bizim dərin ehtiramımız var. O, vaxtilə Gürcüstanda Tbilisidə
olanda demişdi, Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim
əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı
irəli aparaq və gələcək nəsillərə ötürək.” O da qeyd edildi ki, ölkələrimiz arasında mehriban
qonşuluq münasibətləri və strateji tərəfdaşlıq, o cümlədən əməkdaşlığın gündəliyi səfərin
əhəmiyyətini açıqlayır. Azərbaycanla Gürcüstanın bu qədər yaxın olmasına dövlət başçısı
İlham Əliyevin töhfələrinin böyüklüyü Gürcüstanın Baş naziri tərəfindən xüsusi vurğulandı.
Azərbaycanla Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur:
“Ötən 30 il münasibətlərimizin strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru inkişafına bələdçilik
edir. Onu da qeyd edək ki, 1995-ci ildə Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ildə isə Tbilisidə
Azərbaycan səfirliyinin açılması ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verdi. Gürcüstanla
Azərbaycanı biri-birlərinə daha sıx tellərlə bağlayan eyni zamanda, qlobal enerji və nəqliyyat
layihələridir. İkitərəfli layihələr təkcə iki ölkə və region üçün deyil, ümumilikdə Avropa üçün
önəmlidir.”

“Beynəlxalq əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizindən öncə
regional əməkdaşlığın inkişafına yönələn Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum
qaz kəmərləri, eyni zamanda, iqtisadi və siyasi əhəmiyyətinə görə adları çəkilən layihələrdən
heç də geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti artıq reallığa çevrilib.
Göründüyü kimi, Azərbaycan-Gürcüstan əlaqələrinin yeni mərhələsi olan enerji və nəqliyyat
layihələri tərəfdaşlığın daha mühüm istiqamət üzrə inkişafını şərtləndirdi. Dövlət başçısı İlham
Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin bəyanatlarında qeyd olunduğu kimi,
əməkdaşlığın əsas hissəsinin energetika sektoruna aid olması birgə səyin bəhrəsi,
ölkələrimizin iqtisadi inkişafını yüksəldən başlıca amildir. Xəzər, Qara və Aralıq dənizlərini
neft-qaz kəmərləri ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinin
reallaşmasında birgə səy göstərən Azərbaycan, Gürcüstan və Türkiyə beynəlxalq
ictimaiyyətə qarşılıqlı əməkdaşlıq təcrübəsini nümunə kimi göstərdilər. XXI əsrin tarixi
hadisəsi adlandırılan Cənub Qaz Dəhlizinin, onun əsas seqmentləri olan TANAP və TAP-ın
uğurlu icrası təkcə bölgənin deyil, bütövlükdə dünyanın ən böyük infrastruktur layihəsi kimi
dəyərləndirilir. Əgər bu layihələrin icrasına başlanılarkən üç ölkə əməkdaşlıq edirdisə, bu gün
belə dövlətlərin sayı daha da artır və yeni tərəfdaşlar sözügedən layihələrə cəlb edilir. Cənub
Qaz Dəhlizi layihəsində Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya,
İtaliyanın birgə iştirakı ilə yaradılan geniş beynəlxalq əməkdaşlıq formatı Azərbaycanın
bölgədə nüfuzunu daha da artırır”
Ələddin Zeynalov
Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı


Digər xəbərlər

0.32358193397522