Azərbaycan həm döyüş meydanında,həm də danışıqlar masası arxasında istədiyinə nail olub

10:01 11-11-2022 | icon 727
Azərbaycan həm döyüş meydanında,həm də danışıqlar masası arxasında istədiyinə nail olub

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham
Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu ərazi
bütövlüyümüzün bərpa edilməsi uğrunda 44 gün ərzində apardığı Vətən
müharibəsini Tarixi Qələbə ilə yekunlaşdırdı. Vətən müharibəsi dövründə
xalqımızı daim öz müjdələri ilə sevindirən cənab Prezident, Ali Baş
Komandan İlham Əliyev xalqımıza ən böyük müjdəni verdi. Müharibə başa
çatdı, Ermənistan döyüş meydanındakı məğlubiyyətini siyasi cəhətdən də
etiraf etdi, təslim oldu. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının
Prezidenti Vladimir Putin 10 noyabr 2020-ci il tarixində vidiokonfrans
formatında olan görüşdə imzaladıqları birgə Üçtərəfli Bəyanat Ermənistanın
təslim olmasını təsdiq edən sənədidir. 10 noyabr tarixli Bəyanat
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən
işğalına son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi
mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə
nəticələndi.

Əldə olunan razılaşma sənədi ümumilikdə Azərbaycan dövlətinin və
xalqının mənafeyinə tam uyğundur. Bu razılaşma Azərbaycanın tam və
birmənalı qələbəsidir. İşğalçı düşmənin silahlı birləşmələri işğal altında
qalan ərazilərimizi tərk edəcək və həmin ərazilər Azərbaycanın nəzarətinə
keçəcək. Bəyanatın bütün bəndləri Azərbaycanın milli maraqlarına tam
uyğundur. İşğal olunmuş bütün ərazilər Azərbaycanın nəzarətinə keçir və
bu ərazilərdə ancaq Azərbaycan qanunları işləyəcək.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun
məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı,
bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və
Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. 44 günlük Vətən Müharibəsi
zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizdə
yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların
nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın
ərazi bütövlüyünü bərpa etdilər. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq
kimi qeyd olunacaqdır. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı
yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın
tərkibində olan ayrılmaz ərazimizdir. Dövlət Sərhəd Xidməti Azərbaycanın
bütün sərhədlərində Vətənin keşiyini çəkə biləcək. Münaqişə artıq başa çatıb, torpaqlarımız işğaldan azad olunub.

Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə
dəyişdi və itirilmiş əraziləri qaytardı. Azərbaycan həm döyüş meydanında,
həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü
ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz
amalına qovuşacaqdır. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü
dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən
başlıca səbəbidir.


İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri
vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə
quru yollarla birləşməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb
olacaq yeni 2 nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması
Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas
hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır.
İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan
işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail
olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı
fiaskoya uğradı. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi
məsələsi arxivə getdi. Ermənistanın və onun havadarlarının işğala və
tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu.
Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq
yarandı.

Məmmədov Xəyal
Saatlı rayonu Qara Nuru kənd tam orta məktəbinin tarix müəllimi


Digər xəbərlər

0.30400395393372