AHİK İcraiyyə Komitəsi vacib qərarlar qəbul edib

18:50 11-11-2022 | icon 807
AHİK İcraiyyə Komitəsi vacib qərarlar qəbul edib

Noyabrın 11-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK)
İcraiyyə Komitəsinin iclası keçirilib.
Öncə Vətənimizin müdafiəsi uğrunda şəhid olmuş oğul və qızlarımızın
əziz xatirəsi bir dəqiqəlik sükutlar yad edilib.
AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyinə
“2023-2025-ci illər üçün bağlanacaq Baş Kollektiv Sazişin layihəsi”, “Bir qrup
şəhid ailəsinin himayəyə götürülməsi”, “2021-ci il və 2022-ci ilin 9 ayı ərzində
işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və istehsalat
xəsarətlərinin qarşısının alınması üzrə AHİK-in və üzv təşkilatların həyata
keçirdikləri işlər” və digər cari məsələlərin daxil edildiyi barədə məlumat verib.
Məsələlərin müzakirəsi zamanı bildirilib ki, Əmək Məcəlləsinə müvafiq
olaraq sosial-əmək münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri üzrə
razılaşdırılmış sosial-iqtisadi siyasətin həyata keçirilməsi, əhalinin sosial
müdafiəsi üçün lazımi şəraitin yaradılması, vətəndaşların əmək, iqtisadi, hüquqi
mənafelərinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti, AHİK və
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyası arasında 2023-2025-ci illər üçün Baş Kollektiv Sazişin layihəsi
hazırlanıb. İclasda hökumətlə və işəgötürənlər birliyi ilə yekun danışıqların
səmərəliliyini artırmaq üçün AHİK-in İcraiyyə Komitəsinin üzvlərinə müvafiq
idarə və təşkilatlarla Baş Kollektiv Sazişin müddəaları ətrafında müzakirələrin
aparılması tövsiyə olunub, həmçinin Baş Kollektiv Saziş layihəsinin Nazirlər
Kabinetinə və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasına təqdim edilməsi barədə qərar qəbul olunub.
İclasda qəbul olunmuş qərarla bu il sentyabrın 13-14-də Ermənistan silahlı
qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin
Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törədilən genişmiqyaslı təxribatın
qarşısını alarkən həlak olmuş 18 şəhidin 32 övladı himayəyə götürülüb. Belə ki, bir uşağı olan ailəyə uşaq 18 yaşına çatanadək hər ay 100 manat, iki və daha çox
uşağı olan ailəyə uşaqları 18 yaşına çatanadək hər ay 200 manat məbləğində
vəsait ödəniləcək.
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının
“Şahmat-Dama” idman klubunun üzvü Gövhər Beydullayeva şahmat üzrə 20
yaşlı qadınlar arasında keçirilən dünya çempionatında bütün rəqiblərini
üstələyərək Dünya Çempionu tituluna yiyələnib. Bu münasibətlə iclasda Gövhər
Beydullayevaya və onun məşqçisi Xanlar Allahverdiyevə pul mükafatının
verilməsi barədə qərar qəbul olunub.
“2021-ci il və 2022-ci ilin 9 ayı ərzində işçilər üçün sağlam və təhlükəsiz
əmək şəraitinin yaradılması və istehsalat xəsarətlərinin qarşısının alınması üzrə
AHİK-in və üzv təşkilatların həyata keçirdikləri işlər barədə” məsələnin
müzakirəsi zamanı bildirilib ki, ötən 1 il 9 ay ərzində texnik əmək müfəttişləri
tərəfindən aparılmış yoxlamalar zamanı müəyyən edilmiş 1441 pozuntudan
(1290) 89,52 %-nin aradan qaldırılması təmin olunub. AHİK-in xidmətinə daxil
olan müəssisə və təşkilatlarda istehsalatda baş vermiş bədbəxt hadisələr zamanı
172 nəfər xəsarət alıb, 32 nəfər isə ölüb. Həyata keçirilmiş tədbirlər nəticəsində
əvvəlki ilə nisbətən 2022-ci ilin 9 ayı ərzində həmkarlar ittifaqlarının
xidmətlərinə daxil olan müəssisələrdə istehsalat zədələnmələri 49,46 % azalıb.
İcraiyyə Komitəsi AHİK-in üzv təşkilatlarının xidmətlərində olan müəssisə
və təşkilatlarda təhlükəsiz və sağlam iş şəraitinin yaradılması üçün mövcud
nöqsanların aradan qaldırılması istiqamətində konkret tədbirlərin görülməsi
barədə qərar qəbul edib.
İcraiyyə Komitəsi “Qızlar Məktəbi”nin 120 illik yubileyi və 11 oktyabr -
Beynəlxalq Qızlar Günü münasibətilə başlanan “Gənc qızların təhsilinə dəstək”
kampaniyasına AHİK-in də qoşulması, həmçinin Elm və Təhsil Nazirliyinin
tabeliyindəki Təhsilin İnkişaf Fonduna dəstək göstərilməsi məqsədilə 10 000
manat pul vəsaiti köçürülməsi barədə qərar verib.

Bunlardan başqa, gündəlikdə olan digər məsələlər, o cümlədən cari və
təşkilati məsələlərə dair müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.
Sonda AHİK sədri əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat
sanitariyası, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, bədbəxt hadisələrin,
istehsalat zədələrinin, peşə xəstəliklərinin minimuma endirilməsi, əməyin
mühafizəsi üzrə qayda və normalara əməl edilməsi məqsədilə mütəmadi
maarifləndirmə tədbirlərinin həyata keçirilməsini tövsiyə edib. S.Möhbalıyev
həmçinin deyib ki, həmkarlar ittifaqlarına ünvanlanan bütün müraciətlər
dərindən araşdırılsın, qaldırılan bütün problemlər qanunvericiliyə uyğun olaraq,
vaxtında həll edilsin, vətəndaş məmnunluğu tam təmin olunsun.
Şəhid ailələrinin və valideynlərinin, qazilərin, veteranların müraciətlərinə
həssaslıqla yanaşmağı diqqətə çatdıran Konfederasiya sədri bunun hamımızın
müqəddəs borcu olduğunu vurğulayıb.


Digər xəbərlər

0.25695896148682