Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir

09:52 18-11-2022 | icon 791
Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir

Prezident İlham Əliyev Albaniyaya dövlət səfəri zamanı mətbuata bəyanatında
Azərbaycanın bu ölkə ilə ikitərəfli əlaqələrinin inkişafına da toxunaraq, bir sıra
məsələlərlə yanaşı, iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Ölkəmizin
rəhbəri Albaniya Prezidenti Bayram Beqayla qaz sahəsində əməkdaşlıq barədə
danışıldığını, bu istiqamətdə əldə edilən nailiyyətlər, eyni zamanda, görüləcək işlər
haqqında fikir mübadiləsi aparıldığını bildirib.
Dövlətimizin başçısı sözlərinə əlavə edərək, daha sonra əməkdaşlıq üçün enerji
sektorundan başqa qarşılıqlı sərmayə qoyuluşu, iki ölkə şirkətlərinin birgə fəaliyyəti,
birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı və s. sahələrdə əlaqələrin
intensivləşdirilməsi üçün geniş imkanların mövcudluğunu da diqqətə çatdırıb.
Prezident İlham Əliyev bəyanatında qaz təchizatı məsələlərinə toxunaraq deyib:
“Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında
bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi
ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox
toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün
Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul
ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq
üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin memorandum əsasında biz 2027-ci
ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Təbii ki, o qaz
Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək
və töhfə veriləcəkdir”.
Dövlətimizin başçısı bəyanatında Azərbaycanın zəngin qaz ehtiyatlarına malik
olduğunu, hazırda həm TAP, həm də TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi
ilə bağlı müzakirə aparıldığını da bildirib. 
Yeri gəlmişkən, burada əsas məsələ hazırda istismarda olan Cənub Qaz
Dəhlizinin ayrılmaz hissəsi olan TAP və TANAP kəmərlərinin genişləndirilməsinə zəruri
ehtiyac duyulmasıdır. Başqa sözlə, adları çəkilən kəmərlərin genişləndirilməsi istəyi
Avropanın, eləcə də Albaniyanın təbii qaza yaranan tələbatından irəli gəlir. 
Onu da deyək ki, Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş
kimi tanınır və dəyərləndirilir. Şübhəsiz ki, dövlətimizin başçısının bəyanatda vurğuladığı
kimi, Azərbaycanda da bu məsuliyyət yaxşı başa düşülür. 
Burada onu da xatırladaq ki, Azərbaycanın Avropaya təbii qazın ixracatçısına
çevrilmək təşəbbüsünü Albaniya hər zaman dəstəkləyib. Bunun bariz ifadəsi olaraq,
Albaniyanın yüksək səviyyəli nümayəndə qrupu Cənub Qaz Dəhlizi Məşvərət Şurasının
iclaslarında daim iştirak edib və adıçəkilən ölkə bu layihənin icrasına böyük töhfə verib.
Vurğulayaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına
hər dəfə Azərbaycan evsahibliyi edib. Bu isə respublikamızın layihədə aparıcı rolunu
təsdiqləyən mühüm amillərdən biri kimi diqqət çəkib. Dörd seqmentdən – “Şahdəniz
Mərhələ-II”,Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarət
olan layihə çərçivəsində 2018-ci ilin mayında Səngəçal terminalında Cənub Qaz
Dəhlizinin rəsmi açılışı olub. Həmin ilin iyununda isə TANAP qaz boru kəməri istifadəyə
verilib, daha sonra isə TANAP Avropa sərhədinə çatdırılıb. Beynəlxalq maliyyə
qurumlarının, ABŞ, Böyük Britaniya və Avropa İttifaqının dəstək verdiyi bu layihənin
sonuncu seqmenti olan TAP-ın inşası da uğurla həyata keçirilib. 
Beləliklə, yeddi ölkənin – Azərbaycan, Gürcüstan, Türkiyə, Albaniya, Yunanıstan,
Bolqarıstan və İtaliyanın iştirak etdiyi, uzunluğu 3500 kilometr, ümumi dəyəri isə,
təxminən, 40 milyard dollar olan Cənub Qaz Dəhlizi layihəsi bu gün Avropanın enerji
təhlükəsizliyində strateji amildir.

Yeri gəlmişkən, dövlətimizin başçısı çıxışlarının birində Cənub Qaz Dəhlizi
Məşvərət Şurasının fəaliyyətini yüksək qiymətləndirərək, Albaniyanın da bu önəmli
layihədə fəallığına diqqət yetirib: “Bu əməkdaşlıq formatının təşəbbüskarı olaraq
Azərbaycan böyük qürur hissi keçirir ki, illər ərzində Məşvərət Şurası nəhəng Cənub
Qaz Dəhlizi layihəsinin icrasında bizim səylərimizi gücləndirən çox səmərəli işçi
mexanizmə çevrilmişdir. Biz bütün tərəfdaşlarımıza, ilk növbədə, Cənub Qaz Dəhlizinin
üzvləri olan tərəfdaş ölkələrə – Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya
və İtaliyaya minnətdarıq...”.
Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu nəhəng enerji infrastrukturu layihəsi
olan Cənub Qaz Dəhlizi hazırda dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru
kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən
biri olan Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa
bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişdirir. Bu baxımdan,
adıçəkilən dəhliz dünya neft-qaz sənayesində ən mühüm və iddialı layihələrdən biridir.
TANAP marşrutu sosial-iqtisadi əhəmiyyəti ilǝ Cənub Qaz Dəhlizinin önəmli həlqəsini
tǝşkil edir. Bununla yanaşı, Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qaz
TANAP-ın da yer aldığı Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans Adriatik Boru
Kəməri (TAP) bağlantısı ilə artıq Avropaya çataraq dünyanın bu regionunun enerji
təchizatı təhlükəsizliyinə mühüm töhfə verir.
TAP Albaniya ilə Azərbaycanı birləşdirən yeganə layihə deyil. Ölkəmizin
şirkətləri tərəfindən indiyədək Albaniyada enerji, infrastruktur və turizm sahələrinə
sərmayə qoyulub. Bu da iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın
olmasından xəbər verir.

Vəliyeva Südabə Eminağa qızı
Saatlı rayon Dövlət Rəsm Qalereyasının direktoru


Digər xəbərlər

0.25816893577576