Pulu hara yatırsaq, daha çox qazanmaq olar? - Leqal yollar

10:56 29-11-2022 | icon 1016
Pulu hara yatırsaq, daha çox qazanmaq olar? - Leqal yollar

Qazanc əldə etməyin leqal yolu düzgün yatırım etməkdən keçir. Əks təqdirdə, sərmayənizin aqibətini təsəvvür etmək elə də çətin deyil: ya vəsaitinizi tam itirəcəksiniz, ya da mənfəət əldə etməyəcəksiniz. Özünü doğrultmamış yatırım borclanmaq hesabına əldə edilmiş vəsaitdirsə, vəziyyət bir az da qəlizləşir. Çoxlarına elə gələ bilər ki, ən sərfəli yatırım yüksək gəlir vəd edən yatırımdır. Lakin reallıqda yüksək gəlirli yatırım həm də yüksək riskli yatırımdır. Yüksək gəlir yüksək risk olduğu kimi, aşağı gəlirlilik də aşağı risk vəd edir. 

Yatırımın etibarlılığı ilə yanaşı, likvidliyi (aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla bilinməsi) də önəmlidir. Məsələ burasındadır ki, iqtisadi vəziyyətin dəyişkənliyə meyilli olması likvidlik amilinin əhəmiyyətini artırır. Daha yaxşı variantların ortaya çıxması və ya mövcud sərmayələr üçün təhlükə yaranması riski sərmayədarları yatırımlarını hər an  pula çevirməyə hazır olmağa sövq edir. Ona görə də razılaşmaq lazımdır ki, yatırım etmək çox incə məsələdir. 

 

Bəs, sıravi vətəndaş qazanc əldə etmək üçün nəyə yatırım edə bilər?

Dövlət müstəqilliyinin əldə edilməsindən sonra çoxlarımız qazanmağın yolunu əsasən ticarət etməkdə görüb. Demək olar ki, idxala əsaslanan bu fəaliyyət növünün geniş vüsət almasına səbəb ticarət sahəsinin vergi və digər nəzarət tədbirlərindən yayınmaq imkanlarının mövcudluğu, milli valyutanın uzun illər ərzində sabit qalması, ciddi rəqabətin olmaması idi. Lakin zaman keçdikdə ticarətdə iri subyeklərin meydana çıxması ilə qiymət müstəvisində rəqabətin artması, müvafiq qurumların nəzarəti gücləndirməsi, uyğun icarə yerlərinin sayının məhdudlaşması və qiymətinin kəskin artması və digər amillər bu sahədə risklərin çoxalmasına, rentabelliyinin azalmasına gətirib çıxarıb. Bu baxımdan hazırda ticarət sahəsinə yatırım etmək sizdən böyük vəsait tələb etməklə bərabər, yüksək risklərlə, əvvəlki dövrlərlə müqayisədə aşağı mənfəətliliklə üz-üzə qoya bilər. 

Xidmət sahəsində biznes yaratmaq isə ticarətlə müqayisədə daha az vəsait tələb edir. Ancaq, əsasən insan əməyinin keçərli olduğu xidmət sahələrində peşəkar kadr heyəti formalaşdırmaq heç də bütün sahibkarlara nəsib olmur. Bundan başqa, ticarətdəki qiymət və münasib yer amili xidmət sahəsi üçün də aktualdır. 

Sahibkarlarla söhbətdən belə aydın olur ki, xidmət sahəsində təcrübə böyük əhəmiyyət daşıyır. Belə ki, hər hansı bir xidmət sahəsində iş təcrübəsi olmayan şəxsin bu sektorda yaratdığı biznes ya uğurlu olmur, ya da ki, ilk başda uğurlu olsa da, uzun müddət davam etmir.

Bununla belə, mütəxəssisi olduğunuz xidmət sahəsinə investisiya etməklə gəlirli biznes qurmaq imkanları hər zaman mövcuddur. Başlanğıc üçün kiçik məbləğlə işə başlamaq sizi böyük itkilərdən sığortalayacaq. Biznesiniz gəlir gətirdikdən sonra onu böyütmək də olar.

Əslində daha böyük gəlir potensialına malik olan əmtəə istehsalına başlamaq isə heç də hər kəsin ağlından keçmir. Çünki bunun üçün tələb və böyük sərmayə ilə yanaşı, bazarın tələbinə cavab verəcək texnologiyaya sahib olmaq gərəkdir. Hətta kiçik istehsal sahəsi qurmaq üçün də bazar araşdırması aparılmalıdır. Kiçik həcmdə istehsal olunan məhsul keyfiyyət standartlarına cavab versə belə, maya dəyəri yüksək olduğundan bazarda rəqabət imkanları azalır. Böyük həcmdə məhsul üçün isə hətta qiymət uyğun olsa da, yerli bazarla yanaşı, xarici bazarlara da çıxış olmalıdır. Bu da daha münasib qiymətə yüksək keyfiyyətdə məhsul istehsalı deməkdir. 

Adətən mikro və kiçik sahibkarlıqla məşğul olan şəxslər bizneslərini özləri idarə etməyə üstünlük verirlər. “Hansı sahədə olursa-olsun işin üstündə durmalısan”, “işin üstündə olmasan, iş getmir” kimi ifadələr ölkə reallığında geniş yayılmış nümunələrdir. Ancaq dünya təcrübəsində gəlirliliyi aşağı olsa da, idarəetmədə iştirak etmədən qazanc gətirən istiqamətlər də var. Buna portfel investisiyaları deyilir. Portfel investisiyaları şirkətin səhmləri, istiqrazları kimi qiymətli kağızlara passiv sahibliyi ifadə edir və investorun qiymətli kağızları buraxan müəssisənin operativ idarə edilməsində iştirakı deyil.  

Hər hansı bir şirkətin səhmini əldə etmək səhmdar cəmiyyətin mənfəətinin bir hissəsini dividend şəklində almağa imkan verir. Bundan başqa, səhmin miqdarına uyğun olaraq səhmdar cəmiyyətin idarə edilməsində iştirak etmək və o, ləğv edildikdən sonra qalan əmlakın bir hissəsini əldə etmək mümkündür. 
Müəssisə zərərlə işlədiyi halda isə dividend ödənişi də olmur. Ancaq onu da deyək ki, günümüzün reallığında fiziki şəxslərin səhmlərdən qazanc əldə etdiyini göstərən faktlar çox deyil.  

İstiqraz isə onu buraxan qurumlardan gəlir əldə etmək hüququ verən qiymətli kağızdır. Bu, bir növ faizlə borc pul verməyə bənzəyir. Siz bu hüququnuzu təkrar bazarda başqasına da sata bilərsiniz və ya müəyyən müddətdən bir faiz gəlirini, sonda isə əsas məbləği geri alırsınız. Səhmlə müqayisədə istiqraz daha etibarlıdır. Burada əsas risk inflyasiya və müəssisənin borc öhdəliyinin yerinə yetirə bilinməməsidir. 

Lakin ölkəmizdə kapital bazarları lazımi səviyyədə inkişaf etmədiyindən səhm və istiqraz üzrə seçim imkanları məhduddur. 

Azərbaycanda əhali ənənəvi olaraq pullarını daşınmaz əmlaka yatırmağa və banka əmanət olaraq yerləşdirməyə üstünlük verir. Düzdür, daşınmaz əmlak qeyri-likvid investisiya aləti hesab olunur. Daşınmaz əmlak gəlirliliyin aşağı olması ilə yanaşı, daim likvidlik problemi ilə qarşı-qarşıyadır. Məsələ burasındadır ki, daşınmaz əmlakın qısa zamanda nağd vəsaitə çevrilməsi elə də asan başa gəlmir. Eyni zamanda, daşınmaz əmlakın satışı tam həcmdə həyata keçirildiyindən əmlak sahibi lazım olan miqdardan artıq vəsaiti pula çevirməli olur.

Lakin son illərdə tikinti materialları bazarındakı qiymət artımı, eyni zamanda bina tikintisinə yararlı olan torpaq sahələrinin getdikcə azalması hətta köhnə mənzillərin də bahalaşmasına gətirib çıxarıb. Bu da o deməkdir ki, ötən ilə qədər Bakı şəhərində mənzil alıb onu kirayəyə vermiş şəxs həm gəlir əldə etməkdədir, həm də qiymət artımından qazanıb. Mənzilin kirayəsi illik olaraq onu dəyərinin orta hesabla 5 faizi səviyyəsində gəlir gətirə bilir. 

Qeyri-yaşayış obyeklərinin icarəsindən əldə olunan gəlir də aşağı-yuxarı mənzil qədərdir. Obyektin aylıq icarəsi orta hesabla onun dəyərinin 0,4-05 faizi həcminə qədər olur. 

İstənilən halda obyekt və mənzil üzrə gəlirlilik onun harada yerləşməsindən asılıdır.

Banka pul qoymağa gəlincə, siz vəsaitinizi tələbli və ya müddətli formada əmanət edə bilərsiniz. Tələbli əmanəti istənilən vaxt geri götürmək mümkündür. Müddətli əmanətdə bu, bankla bağlanan müqaviləyə əsasən mümkün olur. Lakin tələbli əmanətdə faiz dərəcəsi müddətli əmanətlə müqayisədə xeyli aşağı olur. Hazırda banklarda müddətli əmanətlərin illik faiz dərəcələri milli valyutada 5-11 faiz arasında dəyişir. 

Fiziki şəxslərin illik 12 faizədək 100 min manatadək əmanətləri sığortalanır. Xarici valyutada isə sığortalanan əmanətlər üzrə faiz dərəcəsi 2,5 faiz təşkil edir. Lakin bu faiz dərəcəsi ilə xarici valyutada əmanət cəlb edən bank tapmaq mümkün deyil. Manatın məzənnəsi üçün təhlükənin olmadığını nəzərə alanda hazırda banka milli valyutada vəsait yerləşdirmək daha uyğun görünür.


Digər xəbərlər

0.23504614830017